22 Noyabr 2024

Milli Məclisdən Prezidentə yubiley təbrikləri

Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə gömrük rüsumu və vergidən azad edilir

Dekabrın 24-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində bildirdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyidir. Sədr İlham Əliyevin həyat yolundan bəhs etdi, dövlət başçısının haqqında yüksək fikirlər söylədi.

O, Prezidentin rəhbərliyi ilə 18 ildə qazanılan nailiyyətlərdən bəhs etdikdən sonra İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan Zəfərimizdən bəhs etdi. Bildirdi ki, dövlət başçısı özü dediyi kimi, Qarabağı düşməndən azad etməklə o, ata vəsiyyətini yerinə yetirib.

S.Qafarova Qarabağda aparılan quruculuq işlərindən, Zəngəzur dəhlizinin açılması ilə bağlı həyata keçirilən uğurlu siyasətdən, ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, atılan addımlardan bəhs etdi. Əlavə etdi ki, Azərbaycanın qazandığı uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu var.

“Bu gün biz tam qətiyyətlə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir”, – spiker söylədi. Qeyd etdi ki, Milli Məclis Prezidentin 60 illik yubileyi ilə bağlı təbrik məktubu hazırlayıb. Deputatlar sürəkli alqışları ilə təbrik mətninə dəstək ifadə etdilər.

Komitə sədri Zahid Oruc da çıxışına təbriklə başladı:  “Birinci şəxsin – İlham Əliyevin tərcümeyi-halının son 27 ili millətin və dövlətin həyatına elə hopub ki, 60 yaşlı bir liderin şəxsi ömrü ilə millət tarixinin mühüm bir hissəsi vahidləşib. Azadlığımızın yaşı İlham Əliyevin təqvim ömrünün tən yarısıdır. Belədə ixtiyarımız var düşünək ki, müasir Azərbaycan dövləti həm də İlham Əliyevlə birgə 60 ildir müstəqildir! Bizə görə, sadə insanların qəlbində Prezidentə bəslənən səmimi duyğular istənilən intellektual və elmi mühakimədən daha üstündür. Ona görə də bir xalq deyimini şüara çevirsək, İlham Əliyevin vəzifəsi deyil, taleyi prezidentdir!”

Deputat bildirdi ki, dövlət başçısı təkcə torpaq savaşını və düşmənlə davanı qazanmayıb, həm də 200 ildir məğlub olan bütün liderlərin yarımçıq qalan missiyasını qələbə ilə sona çatdırıb: “İndi Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən pay götürə bilər. O, Heydər Əliyevin bioloji varisi olmaqdan çox, Azərbaycan xalqının övladıdır”.

“Bu gün xalqımızın başını uca etmiş Ali Baş Komandanın 60 illik yubileyidir. Əlbəttə, mən də, Sahibə xanım, sizin və digər deputat həmkarlarımın təbriklərinə qoşuluram”. Bu fikirləri isə deputat Qüdrət Həsənquliyev söylədi. Bildirdi ki, biz Xankəndi üzərində də Azərbaycanın dövlət suverenliyini bərpa edəcəyik: “Mən bütün təbriklərə qoşuluram, Prezidenti və onun ailə üzvlərini təbrik edirəm və əminliyimi ifadə etmək isəyirəm ki, siyasi partiyaların və xalqımızın da ona verdiyi dəstəklə xalqımızın qarşısında duran çətin və mürəkkəb problemləri də uğurla həll edəcəyik”.

Deputat Sabir Rüstəmxanlı ana müxalifət partiyasının sədri kimi xatırlama etdi: “Prezident İlham Əliyev heç bir ziyalının doğum gününü, yubileyini diqqətdən kənarda qoymayıb. Əlimizə fürsət düşüb, mən də Prezidentin yubileyini təbrik etmək istəyirəm”.

Deputat Tahir Kərimli dedi ki, Prezident İlham Əliyev 44 günlük savaşda dünya erməniliyinə qalib gəlib: “Prezident İlham Əliyev addımları ilə dünyada türk dünyasının, İslam dünyasının qalxınma dövründün başlamasının əsasını qoydu. Onu güclü edən xalqın inamıdır. Mən də sizə inanıram. Bu gün mən sizə qarşı deyil, yeddibaşlı əjdahalara qarşı müxalifətdəyəm. Korrupsiya, bahalaşma və digər başlara qarşı mübarizədə Sizin yanınızdayam”.

Deputat Əli Məsimli qeyd etdi ki, İlham Əliyev Cənubi Qafqazın reallığını tamamilə dəyişib: “İlham Əliyev indiyə qədər olan intellektual müharibələrin qalibi kimi dünya tarixinə düşən lider oldu. 44 günlük Vətən müharibəsində güclü lider və güclü diplomat xüsusiyyətlərini birləşdirərək Azərbaycan xalqının səsini dünyaya çatdıra bildi. Eyni zamanda İlham Əliyev Qarabağı azad etməklə tarixin gedişini dəyişdirən və yeni tarix yazan lider kimi tarixə düşdü. Dekabrın ortalarında Prezident İlham Əliyevin Avropada keçirdiyi görüşlərdə çıxışları da çox mühüm idi”.

Milli Məclisin növbədənkənar sessiyası davam edir

Deputat Fazil Mustafa bir gün əvvəl partiyasının adından Prezident İlham Əliyevə təbrik məktubu ünvaladıqlarını diqqətə çatdırıb: “Bundan sonra Ədalət Vəliyev bizə zəng etdi və təbriklərimizin Prezidentə çatdırıldığını, təşəkkür etdiyini bildirdi. Azərbaycanda siyasi mühit dəyişir. Müstəqilliyimiz uğrunda mübarizə aparan yüzlərlə insana qiymət veririk. Heydər Əliyevə də münasibətimiz bundan ibarətdir ki, o bizim müstəqilliyimizi xilas edə bildi. 100 il sonra da tarixi reallıqlar dəyişəcək. Bəlkə də ermənilər də Prezidentə yüksək qiymət verəcəklər, paytaxtı İrəvana köçürəcəyik. 100 il sonra Prezident İlham Əliyevə verilən dəyər reallıqları əks etdirəcək. Çünki onun sayəsində bizim 100 illər boyunca həll edə bilməyəcəyimiz problem həllini tapdı”.

Digər deputatlar da öz çıxışlarında Prezidentə təbriklərini çatdırdılar, onun zəngin tərcümeyi-halından, uğurlu daxili və xarici siyasətindən danışdılar. Daha sonra gündəlikdəki müzakirələrin müzakirəsi başladı. 

Bundan sonra “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

İclasda “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarıldı. Bildirildi ki, layihədə büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub. Dəyişikliyə əsasən, dövlət büdcəsinin qənaət edilmiş bütün vəsaitlərinin büdcənin Ehtiyat Fonduna yönəldilməsi təklif olunur. Bildirildiyinə görə, qanun layihəsində mövcud anlayışlara, deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib. Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu məsələ Palatanın rəy və təhlillərində dəfələrlə şərh edilməklə, birdəfəlik təyinatlı xərclər anlayışının, istifadə istiqamətlərinin, limitlərin müəyyən edilməsi təklif edilib. Qənaət edilmiş bütün büdcə vəsaitlərinin ehtiyat fonduna yönəldilməsi büdcənin etibarlılığı, şəffaflığı və hesabatlılığı baxımından məqbul deyil. Belə ki, hazırda xərclərin icra vəziyyətinə birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaət məbləğlərinin yerdəyişməsi təsir göstərirsə, dəyişiklik qəbul edildiyi təqdirdə bütün xərclər üzrə qənaət məbləğləri Ehtiyat Fonduna yönəldilə biləcək ki, bu icra prosesində parlamentdən kənar dəyişiklik məbləğlərinin artımına və təsdiq edilmiş dövlət büdcəsinin parametrləri ilə müqayisədə əhəmiyyətli kənarlaşmalara səbəb ola bilər.

Oxu.az - Milli Məclis hansı hallarda buraxılır?

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul olundu.

Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi ilk olaraq müzakirə edildi. Qüdrət Həsənquliyev çıxışında yeni hakimlərin Apelyasiya Məhkəməsinə hakim vəzifəsinə təsdiqlənməsi barədə danışdı. Bildirdi ki, Apelyasiya Məhkəməsinə daha yaşlı hakimlərin təyin olunması faydalı olardı. Amma Q.Həsənquliyev namizədliyi irəli sürülən 8 hakimin hamısının gənc və 3 illik təcrübəyə malik olduğuna diqqət çəkdi: “Mən onların bilikləri barədə bir söz deyə bilmərəm, məlumatım yoxdur. Amma müdriklik yaşla bağlı məsələdir”. Deputat digər məsələyə də münasibət bildirdi: “Mən burda desəm ki, gəlin hansısa hökumət üzvünü özümüzə spiker seçək, yəqin hamınız təəccüblənərsiniz. Amma Məhkəmə Hüquq Şurasına hökumətin üzvü sədrlik edir. Mənim Fikrət Məmmədova böyük hörmətim var, lakin ölkədə hakimiyyət bölgüsü varsa, buna əməl edilməlidir”. Q.Həsənquliyev dedi ki, Məhkəmə Hüquq Şurasına hakim rəhbərlik etməlidir: “Fikrət müəllim də, digər hökumət üzvləri də şuranın iclaslarına qatıla bilər”.

Siyavuş Novruzov isə çıxışında bildirdi ki, vətəndaşların şikayətləri daha çox yerli məhkəmələrdəndir. Parlamentin komitə sədri Əli Hüseynli isə Q.Həsənquliyevin dediklərinə reaksiyasında bildirdi ki, Məhkəmə Hüquq Şurası ilə bağlı fikirlər dəfələrlə söylənilib: “Məhkəmə Hüquq Şurasının təyinatını Avropanın çox yaxşı modeli hesab edirik. Orada sədr ədliyyə naziridir. Lakin sədr dəyişə də bilir. Qərarların qəbulu isə ancaq hakimlərə aiddir”.

Daha sonra İnzibati Xətalar Məcəlləsinə düzəliş edildi. Dəyişikliyə əsasən, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Müzakirələrdən sonra dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul olundu.

 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən, Azərbaycanda müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Bu ödəniş əvvəlki redaksiyada 35 ay sığorta stajına görə verilirdi.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edildi.

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATIB

Azərbaycanda peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək. Bu, III oxunuşda müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişiklik layihəsində mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar əlavə olunur. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edildi.

Plenar iclasda Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə gömrük rüsumu və vergidən azad edilir. Məcəlləyə və qanuna əlavə olunan yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər gömrük rüsumu və vergidən azad edilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq, qəbul edildi.