23 Dekabr 2024

Baş nazir: “Azərbaycan ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir”

“2003-2004-cü illərdə müdafiə xərclərinə dövlət büdcəsindən cəmi 0,9 milyard manat ayrılırdısa, 2020-ci ildə bu göstərici 3,9 milyard manata çatdırıldı. Gələn ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik məqsədlərinə 4,5 milyard manatdan çox vəsait yönəldiləcək”.

Bunu baş nazir Əli Əsədov “Azərbaycan” qəzetində yazdığı məqalədə bildirib.

O qeyd edib ki, beynəlxalq reytinqlərə görə Azərbaycan ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir.

Baş nazir bildirib ki, hərbi sahədə qazanılan nailiyyətlər 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun silah-sursat sarıdan ən yüksək səviyyədə təchiz olunmasında əhəmiyyətli rol oynayıb:

“Azərbaycan hazırda özünün əsas ehtiyaclarını ödəyən və 30-dan çox ölkəyə məhsullarını ixrac edən hərbi sənaye kompleksinin davamlı inkişafına nail olub”, – deyə o əlavə edib.