“Bloomberg”in iddiası: Ankara sərhədi Vaşinqtona görə açır…
Nüfuzlu media agentliyi yazır ki, Türkiyə Ermənistanla yumşalmaya ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün gedir; Qabil Hüseynli: “Əlbəttə, Türkiyə istəyir, amma bunun kiçik Ermənistana görə olması gülüncdür”
Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmaq prosesinə başlamasına dünya mediasından da ciddi diqqət var. Dünyanın bəzi nüfuzlu media qurumları fərqli mövqe sərgiləyir. “Yeni Müsavat” “Bloomberg” agentliyinə istinadən yazır ki, Türkiyə Ermənistanla yumşalmaya, sərhədlərin açılmasına ABŞ-la münasibətlərini yaxşılaşdırmaq üçün gedir. Bu versiyanı nə dərəcədə əsaslı saymaq olar? Axı Türkiyə rəsmi dairələri bəyan edirlər ki, həm Ermənistanla, həm də regionla bağlı bütün addımlar rəsmi Bakı ilə koordinasiya edilir. Yəni Ankara bizimlə razılaşdırmamış Ermənistana münasibətdə heç bir addım atmır. Bu da qardaş ölkənin başından bizə verdiyi dəstəyə sona qədər sədaqətinin göstəricisidir.
Hazırda İrəvanla İstanbul arasında çarter relslərin işə düşməsi gözlənilir. Eyni zamanda quru sərhədlərin açılması da nəzərdə tutulur. Lakin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan az əvvəl demişdi ki, ilk növbədə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Görünür, İrəvan Zəngəzur dəhlizi ilə bağlı addımlar atmasa, Türkiyə onunla sərhədləri belə tezliklə açmağı planlaşdırmır. Lakin “Bloomberg” diqqət çəkir ki, Türkiyənin Ermənistanla əlaqələrini qurmaqda əsas hədəfi Amerika ilə olan münasibətləri düzəltməkdir.
Son zamanlar Ankara-Vaşinqton arasında bir soyuqluq müşahidə olunur, Türkiyənin Rusiyaya yaxınlaşması, özünün müstəqil siyasəti bu gərginliyə əsas səbəblərdir. Ancaq iki NATO dövlətinin Ermənistan üzərindən bir-birinə yaxınlaşmaq niyyəti bir qədər bəsit görünür. Bizim ekspertlər bu iddianı necə qiymətləndirirlər?
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, əsası olmayan iddiadır: “ABŞ-Türkiyə münasibətləri Rusiyadan alınan ”S400″ raketlərinə görə pozulub. Bu raketləri almaya bilərdi və Amerika ilə əlaqələr qalardı. İkincisi, Vaşinqton Ankaraya münasibətdə subyektiv qərarlar qəbul edir: özünə aid hava hücumundan müdafiə sistemlərini satmır və Türkiyəni Rusiyadan almağa məcbur edir. Üstəgəl, Türkiyə “F 35″lərin müəyyən hissələrini istehsal etmək üçün 5 milyard sərmayə qoymuşdu, ABŞ əvəzində ona ”F35″ təyyarələrini göndərməliy idi. İndi nə Türkiyənin 5 milyardını qaytarır, nə təyyarələri göndərir, bu azmış kimi, sanksiyalar tətbiq edir. NATO ölkəsinin bu alyansın digər üzvünü sanksiyalarla cəzalandırması inanılmazdır. Bu, Baydenin ağıla batmayan siyasətidir”.
Q.Hüseynlinin sözlərinə görə, Türkiyənin addımları Azərbaycanla Ermənistan arasında münasibətlərdən, Zəngəzur dəhlizinin açılmasından və İrəvanın özünü aparmasından asılıdır: “Türkiyə Ermənistan kimi zəif inkişaf etmiş ölkəni öz bazarına buraxmaq istəyir. Ankara bilir ki, Ermənistan özünü normal aparsa regionda sabitlik yaranar. Ancaq onlar da qondarma erməni soyqırımı iddiasından imtina etməli, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər. Əlbəttə, Türkiyə Amerika ilə münasibətlərini yaxşılaşdırmaq istəyir, amma bunun kiçik Ermənistana görə olması gülünc məsələdir”.
Ramiyə Məmmədova
Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyə Ermənistanla əlaqələri yaxşılaşdırmaqla ABŞ-ın təqdirini qazanmış olacaq: “Bu öz yerində…Təbii ki, Ankaranın bu addımını dünya alqışlayacaq. Hətta Fransa kimi Türkiyəyə xor gözlə baxan ölkə də, Rusiya da bu mövqeni dəstəkləyəcəklər. Amma Türkiyə-ABŞ münasibətləri Ermənistanın ucbatından korlanmayıb ki, ona görə də bərpa olsun. Bu kiçik ölkənin hansı strateji əhəmiyyəti, geopolitik mübarizədə nə kimi nəhəng rolu ola bilər ki, Vaşinqtonla Ankaranın ulduzları İrəvanın sayəsində barışsın?! Zənnimcə, ”Bloomberg” agentliyi Ermənistanı həddindən artıq şişirdib, NATO-nun iki güc mərkəzini isə kiçildib. Təbii ki, bu cür yanaşmalar ola bilər, hər bir medianın müstəqil təhlilləri ilə rastlaşırıq , amma bu iddiaları bölüşmürəm. Sadəcə, sərhədlərin açılmasını ABŞ başda olmaqla, bütün Qərb dünyası alqışlayacaq”.