Qış gəldi – enerji tələbatı artır, iqlim dəyişikliyi suallar yaradır…

Ekspert: “Karbon biznesi əvəzinə yaşıllıqların artırılması ilə bağlı təşviqat aparmaq daha yaxşı olar”
Dekabrın 21-də Bakı vaxtı ilə saat 14:02:18-də Azərbaycana qış fəsli daxil olacaq. Bununla da Yer kürəsinin Şimal yarımkürəsində qış fəsli başlayacaq.
Qış fəsli adətən soyuq, şaxtalı hava, qarla assosiasiya olunur. Lakin havanın günəşli keçməsi bəzi suallar yaradır. Bakıya, əksər rayonlara qar yağmır. Nəticədə ölkədə quraqlıq müşahidə olunur. Kənd təsərrüfatına ziyan dəyir.Təbii ki, iqlim dəyişikliyi əsas faktorlardan biridir. Lakin istər tarixi faktlardan, istərsə də folklordan bilirik ki, zaman-zaman quraqlıq, yağmursuzluq olub. Bu, 100, 200, bəzən 500 ildən bir təkrarlanan prosesdir. Fürsətdən istifadə edib iqlim dəyişikliyini qabardaraq milyonlar qazananlar var.
Tanınmış klimatoloq Ketrin Heyho çıxışlarının birində belə bir fikir səsləndirmişdi: “Biz hamı kimi evimiz adlandırdığımız bu planetdə yaşamaq üçün təhlükəsiz yer istəyirik. İşimizdə qərəzsiz və obyektiv olmalıyıqsa da, hər kəsə nəinki iqlim dəyişikliyinin real olduğunu və insanların buna görə məsuliyyət daşıdığını, həm də onun təsirinin ciddi olduğunu çatdırmaq üçün ictimaiyyətə getdikcə daha çox müraciət etməliyik və dərhal hərəkətə keçməliyik”.
Yer kürəsinin iqlimində əvvəllər də dəyişikliklər olub. Lakin alimlərin rəylərinə görə son 100 ildə bu, müqayisə olunmayacaq dərəcədə tez-tez baş verib. Səthin orta temperaturu təxminən 0,6-0,70C artıb. Neft, kömür və qaz kimi yanacaqlardan istifadə və meşələrin qırılması atmosferdə karbon qazının (CO2), eləcə də digər istixana qazlarının artmasına səbəb olub. Bu istixana qazları istiliyi tutma effekti yaradır (buna görə də adı belədir), onun atmosferə qaçmasının qarşısını alır. İstixana effekti təbiət hadisəsi olduğuna görə qlobal istiləşmənin səbəblərindən biri olan “nəzarətsiz istixana effekti” adlandırıldı. 18-ci əsrin sonlarında baş verən Sənaye İnqilabından sonra atmosferdəki CO2 miqdarı insan fəaliyyəti nəticəsində artdı və bu gün ən azı 800.000 il ərzində müşahidə olunmayan səviyyədədir.
Dünyada temperaturun yüksəlməsi və dəyişən iqlim şəraiti kənd təsərrüfatına, ekosistemlərə və onların cəmiyyətə verdiyi faydalara təsir edir. Bitkiçilik və heyvandarlıq sahəsində problemlər kəskinləşir, kənd təsərrüfatına yararlı torpaq və su ehtiyatları tükənir, ərzaq təhlükəsizliyi məsələsi günü-gündən aktuallaşır.
Durum qlobal istiləşməyə səbəb olan torpaqdan atmosferə istixana qazlarının emissiyalarının artması ilə daha da ağırlaşa bilər. Onsuz da kövrək ekosistem təsir altına düşə bilər ki, bu da torpağın əhəmiyyətli dərəcədə deqradasiyasına gətirib çıxarır və ərzaq təhlükəsizliyi problemlərini daha da gücləndirir.
Belə iqlim dəyişikliyinin təsirini qiymətləndirmək üçün gələcəkdə iqlim meyllərini modelləşdirməyə və proqnozlaşdırmağa imkan verəcək dəyərli məlumatların əldə edilməsi vacibdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik iqlim dəyişikliyinin təsirini qiymətləndirmək üçün üzv dövlətlərin nüvə və izotop texnikalarından istifadə imkanlarını optimallaşdırmaq və gücləndirmək, bununla da daha intensiv məhsul istehsalına və təbii ehtiyatların daha səmərəli mühafizəsinə töhfə vermək üçün FAO (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) ilə işləyir.
İqlim dəyişikliyindən danışarkən biz daha çox onun təbiətə təsirini nəzərdə tuturuq, lakin insan hüquqları faktorunu unutmaq olmaz. Fəlakətlər bəşəriyyətdə mövcud bərabərsizlikləri daha da gücləndirə bilər. Məhz buna görə də hökumətlərin elmi sübutlar qarşısında iqlim dəyişikliyinə effektiv reaksiya verməməsi tarixdə nəsillərə təsir edən ən böyük insan hüquqları pozuntusu ola bilər.
İqlimşünas Məhərrəm Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, qış fəslində günəşli havanın olması təbii haldır. Amma istilik effekti yaradan qazların atmosferdə artması da faktorlardan biridir. Daha doğrusu, təsirlərdən biridir: “Karbon qazı ilə bağlı ticarətə maraq var. Ağıllı texnologiyalara sərmayə qoymaq daha faydalıdır. Söhbət atmosferə atılan karbon qazının miqdarını azaldan texnologiyadan gedir. Karbon biznesi əvəzinə yaşıllıqların artırılması ilə bağlı təşviqat aparmaq daha yaxşı olar. ABŞ, həmçinin inkişaf etmiş ölkələr karbon qazının azaldılması sahəsində bacardığı qədər iş görür. Məsələn, Avropa ölkələrində neft-qaz hasil edən, sənaye potensiallı böyük ölkələr yoxdur. İstilik – elektrik stansiyalarının büdcəsinin azaldılması, kömürdən istifadənin qadağan edilməsi atmosferə atılan karbon qazının miqdarını azaltmaq üçün effektiv yoldur. Dünya Bankının statistik nəticələrinə nəzər salsaq görərik ki, 1990-cı ildə bütün dünyada 55 milyard tona yaxın karbon qazı atılırdısa, 2017-2018-ci illərdə bu miqdar 37 milyard tona düşdü. İnkişaf etməkdə olan ölkələr daha çox enerjidən istifadə etdiklərinə görə arta bilər. Azərbaycanda isə son hesablamalara görə, 1990-cı illərdə atmosferə 80-85 milyon ton karbon qazı atılırdısa, 2016-2018-ci illərdə bu rəqəm 50-55 milyon ton təşkil edib”.
Mütəxəssis həmçinin qeyd etdi ki, inkişaf getdikcə, Qarabağa köç başladıqdan sonra enerjiyə tələbat daha da artacaq. Ona görə də karbon qazının miqdarı artmaqda davam edəcək. Bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir.