23 Dekabr 2024

Bu gün Prezident İlham Əliyev dünyanın aparıcı liderlərindən biridir – İqor Korotçenko

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı liderlərindən biridir.

Bunu Trend-ə Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

İ.Kotoçenko qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mühüm rolu olub.

“Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan iqtisadiyyatı səmərəli və dayanıqlı inkişaf edib, bu isə lazımi maliyyə vəsaitinin daxil olmasını təmin edib və vəsaitlərin də bir hissəsi Azərbaycan Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsinə, ən müasir silahların və hərbi texnikanın yeni növlərinin alınmasına sərf edilib. Bu müddət ərzində Azərbaycanın siyasi sistemi güclənib, ölkə beynəlxalq strukturlarda və beynəlxalq arenada lazımi çəki və nüfuz qazanıb. Müharibə qaçılmaz olduğu anda, növbəti erməni təxribatı zamanı Azərbaycan genişmiqyaslı əməliyyat həyata keçirdi və bunun nəticəsi olaraq Ermənistan məğlub oldu, Azərbaycan isə ərazi bütövlüyünün bərpa etdi. “Dəmir yumruq” əməliyyatının özü bu gün dünyanın aparıcı hərbi akademiyalarında müasir yüksək texnologiyalı, effektiv döyüş nümunəsi kimi öyrənilir”, – deyə hərbi ekspert bildirib.

İ.Korotçenko vurğulayıb ki, hərbi ekspertlərin və analitiklərin diqqət yetirdiyi iki məqam hücum və kəşfiyyat sinfinə aid pilotsuz uçuş aparatlarından misli görünməmiş istifadə, eləcə də xüsusi təyinatlıların effektiv istifadəsidir.

“Şuşa əməliyyatı bu gün Azərbaycan xüsusi təyinatlılarının misilsiz uğuru və pilotsuz uçuş aparatlarından istifadə nümunəsi kimi öyrənilir ki, bu da Azərbaycana əks-hücum əməliyyatında bir sıra böyük uğurlar əldə etməyə imkan verib. Prezident, Ali Baş Komandan İlham Əliyev döyüşlərə bilavasitə rəhbərlik edib, bütün əsas qərarları qəbul edib, döyüş əməliyyatlarının gedişini gündəlik təhlil edib, Azərbaycan Silahlı Qüvvələrinin, eləcə də digər güc strukturlarının və xüsusi xidmətlərin rəhbər heyəti ilə müşavirələr keçirib. O, öz iradəsi, qətiyyəti və strateji görüş dairəsi sayəsində Azərbaycan ordusunun hərəkətlərini təşkil etdi ki, bu da son nəticədə Ermənistanın darmadağını ilə başa çatdı. Prezident İlham Əliyev bir sərkərdə, bir siyasətçi kimi Paşinyanı qabaqlayırdı və çətin müharibədə qazandığı effektiv qələbə sayəsində bu gün dünyanın aparıcı liderlərindən birinə çevrilib”, – deyə İ.Korotçenko bildirib.

Ordunun təchiz olunmasına gəlincə, Korotçenko qeyd edib ki, Azərbaycan silah əldə etdiyi mənbələrini şaxələndirib.

“Ən əsaslarından biri Rusiya Federasiyası idi – Azərbaycan Rusiyadan 5 milyard dollardan çox silah alıb ki, bu da eyni zamanda Azərbaycan ordusunun hərbi potensialının əsasını yaradıb. Bundan başqa, Türkiyə, İsrail və digər ölkələrdən də silahlar alınıb. Ancaq vacib olan təkcə silah almaq deyil, onları bir sıra təlimlər zamanı praktiki döyüş istifadəsini həyata keçirmək idi. Azərbaycan ordusu ən müasir silah növləri ilə müasir hücum və müdafiə hərəkətlərinin aparılmasının metod və formaları üzrəində işləyib və hazırlayıb. Qoşunlara, batalyon taktiki qruplara hərbi əməliyyatlar meydanında nəzarət etməyə və effektiv idarəetməni təmin etməyə kömək edən döyüş idarəsi sistemi və əlbəttə ki, döyüş nəzarətini təmin edən rabitə sistemi haqqında ayrıca danışmaq lazımdır. Qələbənin mühüm komponentləri var idi, texniki təchizatı, döyüş ruhu, döyüş hazırlığının səviyyəsi baxımından Azərbaycan ordusu bu gün regionun ən yaxşı ordularından biridir”, – deyə hərbi ekspert bildirib.

Rusiyalı hərbi ekspert qeyd edib ki, praktika göstərdi ki, faktiki olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə çağıran həmin dörd qətnaməsini silah gücü ilə yerinə yetirdi.

“Azərbaycan ədalətli azadlıq müharibəsi aparırdı, bu, Vətən müharibəsi idi və Prezident başda olmaqla ordunun, xalqın əhval-ruhiyyəsi bu müharibədə bütün Azərbaycanın dəstəyini təmin etdi. Biz hərbi komissarlıqlardakı növbələri, Ermənistanın yatmış Azərbaycan şəhərlərini operativ-taktiki raketlərlə vurduğu zamanı xatırlayırıq, lakin bu, Azərbaycanı heç bir şəkildə qorxutmadı, əksinə, Azərbaycan xalqı Qələbəni təmin etmək arzusu ilə Ali Baş Komandanın ətrafında daha da sıx toplaşdı. Biz burada ordu ilə xalqın tam birliyini gördük. Əslində bu, bir il əvvəl əldə edilmiş Qələbənin əsasının böyük hissəsi oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini silah gücü ilə həyata keçirdi. Azərbaycanın yeddi rayonunun ərazisində 30 ildə buranı cansız səhraya çevirən erməni işğalçıları olub. Hər şey tamamilə dağıdılıb – şəhərlər, kəndlər, qəsəbələr. Heç bir şey qalmayıb, hər şey tamamilə sökülüb, dağıdılıb. Bu isə zamanın hərəkəti deyil, insanların hərəkətidir”, – deyə “Natsionalnaya oborona” jurnalının baş redaktoru bildirib.

İ.Korotçeko qeyd edib ki, Ermənilər döyüş qənimətləri ilə fəal şəkildə ticarət edirdilər:

“Biz bilirik ki, İrandan yük maşınları gəlirdi, orada hər kəs Ermənistanın qanunsuz separatçı rejiminə pul ödəyib, talan etmə, dağıdılma, binaların sökülməsi, əmlakın qarət edilməsi ilə məşğul ola bilərdi. Ona görə də İranın tutduğu hazırkı mövqedə ən azı ikiüzlülük var, çünki o, erməni işğalçıları tərəfindən işğal edilmiş hər şeyin dağıdılmasında fəal iştirak edib, o cümlədən erməni işğalçıları tərəfindən kütləvi qırğınlardan qorxaraq qaçan Azərbaycan əhalisi, vətəndaşlarının əmlakının sökülməsi və talan edilməsində iştirak edib. Hər halda bu ərazilərin bərpası bu gün bir nömrəli vəzifədir. Orada heç nə qalmayıb – nə şəhərlər, nə də infrastruktur. Ağdamda hətta kanalizasiya borularının da qazılaraq götürülməsi, şəhər kanalizasiya kommunikasiyalarının yerində ancaq xəndəklərin qalması məni heyrətə gətirdi. Bunlar insanı heyrətə gətirir – dağıdılan və talan edilən qəbiristanlıqlar, qazılmış qəbirlər, postamentlərdən sökülən, çəkic və silahın qundağı ilə sındırılmış abidələr – mən bütün bunları Ağdama və Füzuliyə səfər edəndə öz gözlərimlə görmüşəm. Böyük minalanmış sahələr – bütün bunları təmizləmək, dağıdılanları bərpa etmək lazımdır”.

İ.Korotçenko vurğulayıb ki, Azərbaycanın bu gün nümayiş etdirdiyi temp heyrətamizdir, bu gün Füzulidə ultra müasir beynəlxalq səviyyəli hava limanı tikilib, Qələbə yolu isə dünya səviyyəli magistraldır.

“Erməni işğalçıları tərəfindən dağıdılmış memarlıq və incəsənət inciləri yenidən dirçəlir. Şəhərlərin dirçəldilməsi planı həyata keçirilir, Ağdam 21-ci əsrin şəhəri olacaq, “ağıllı kəndlər” yaranacaq. Azərbaycan bu gün 21-ci əsrin şəhərsalma şedevrlərini nümayiş etdirəcək, “ağıllı şəhərlər”, “ağıllı kəndlər” – bu, dünya şəhərsalma siyasətinin yeni səviyyəsidir və biz bunu çox yaxın gələcəkdə görəcəyik. Şübhə yoxdur ki, bütün bu planlar öz imkanlarına, Azərbaycan xalqının zəhmətsevərliyinə, 30 il ərzində cansız səhra olan yerə həyat qaytarmaq istəyinə arxalanaraq qısa zamanda həyata keçiriləcək”, – deyə İ.Korotçenko deyib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycanda siyasi sistem öz effektivliyini sübut edib və iqtisadiyyatı uğurla inkişaf etdirir.

“Azərbaycan öz nümunəsi ilə hələ də problemlərin mövcud olduğu bir çox başqa dövlətdə də ola biləcək daha yaxşı gələcək nümayiş etdirəcək. Və biz bilirik ki, dünya dövlətlərinin ən azı yarısının çoxlu problemləri var və Azərbaycan bu problemlərin necə həll olunduğunu özünün səmərəli inkişafı nümunəsi ilə göstərəcək. Prezident İlham Əliyev bu gün beynəlxalq miqyaslı siyasətçidir, ona görə də Azərbaycanın irəli sürdüyü təşəbbüslər bütövlükdə insan sivilizasiyasına aiddir. Odur ki, Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, ümumiyyətlə, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri obyektiv şəkildə Azərbaycanı dünya ictimaiyyəti üçün beynəlxalq gündəmi formalaşdıran ölkələr sırasına daxil edir. Bu baxımdan Azərbaycan Prezidenti beynəlxalq siyasətçi kimi öz fəaliyyətini təkcə Azərbaycanın və Cənubi Qafqazın maraqları naminə deyil, həm də insan sivilizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin mənafelərinə uyğun formalaşdıracaq və davam etdirəcək, – deyə İ.Korotçenko bildirib.

Üçtərəfli Bəyanatın icrasına gəlincə, hərbi ekspert qeyd edib ki, gecikmələr var, Ermənistan öz öhdəliklərini yerinə yetirmək istəmir.

“Ermənistanın ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası, qeyri-qanuni silahlı birləşmələrin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının praktiki icrasına başlaması lazımdır. Daha sonra Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir. Sülh müqaviləsinin müzakirəsinə başlamaq lazımdır, amma ən əsası bir-birinin ərazi bütövlüyünü tanımaqdır. Azərbaycan bütün bunları etməyə hazırdır. Ermənistan isə, biz görürük ki, hazır deyil. O, təxribatlarla məşğul idi, indi isə vaxtı uzatmağa və üçtərəfli bəyanatla bağlı öhdəliklərini tamamilə yanlış şərh etməyə çalışır. Şübhəsiz ki, regionda nəqliyyat kommunikasiyalarının açılması, Zəngəzur nəqliyyat dəhlizinin mümkün qədər tez işə salınması və bütün Cənubi Qafqaz regionunun iqtisadi tərəqqisinə və inkişafına imkan yaradacaq “3+3″ təşəbbüsünün həyata keçirilməsi çox vacibdir. İrəvanda xoş iradə yoxdursa, heç bir təşəbbüs İrəvanı buna sövq etməyəcək. Mənə elə gəlir ki, Azərbaycan işğal etdiyi əraziləri nə qədər tez bərpa etsə, Şuşanı, Hadrutu dirçəltsə, Qarabağ erməniləri üçün bir o qədər cəlbedici olacaq, çünki bu separatçı anklavda onlar yoxsulluq, aşağı həyat səviyyəsi, insan kapitalının deqradasiyası və perspektivsizlik ilə üzləşəcəklər. Azərbaycan işğaldan azad edilmiş əraziləri nə qədər tez dirçəltsə, Qarabağ ermənilərinə İrəvanın yalançı mesajlarını, erməni millətçilərinin təbliğatını unutmağa, daha yaxşı gələcəyə ümid etməyə bir o qədər stimul verəcək. Qarabağın erməni əhalisi bu gözəl gələcəyi yalnız çoxmillətli, çoxkonfessiyalı, dünyəvi Azərbaycanda yaşayan xalqlardan biri kimi Azərbaycanın tərkibində olarkən əldə edə biləcək”, – deyə İ.Korotçenko bildirib.

İ.Korotçenko hesab edir ki, dünya ictimaiyyəti bu gün 30 ildir məşğul olduğu – ikili standartlarla məşğuldur.

“Dünya ictimaiyyəti yalançı, alçaq və hiyləgərdir, orada, Fransada, ABŞ-da və bir sıra başqa ölkələrdə kütləvi şəkildə erməni diasporları işləyir, reallığı təhrif edirlər. Faktiki olaraq dünya ictimaiyəti regiondakı vəziyyətə erməni eynəyi ilə baxır, ona görə də dünya ictimaiyyətinin hansısa formada kömək edəcəyi ilə bağlı illüziya olmamalıdır. Azərbaycan diplomatiyası fəal işləməlidir. Azərbaycan regionda və onun ətrafında gedən proseslərə obyektiv nöqteyi-nəzərin çatdırılması imkanları yaratmalıdır. Ən əsası, Cənubi Qafqaz regionunun gələcəyini dərk etmək və qurmaqda ekspert-analitik ictimaiyyəti aktivləşdirmək lazımdır. Siyasətçilərin hələ hazır olmadıqları və ya müzakirə etmək fikrində olmadıqları təşəbbüsləri həyata keçirmək lazımdır. Ona görə də ekspertlər və analitiklər problemlərin dərk edilməsi, yol xəritələrinin hazırlanması və Ermənistanı üçtərəfli bəyanatı yerinə yetirməyə necə təşviq etmək olar məsələlərində fəal iştirak etməlidirlər”, – deyə hərbi ekspert bildirib.