15 Mart 2025

Moskvada “3+3” formatında ilk iclas başa çatıb -YENİLƏNİB

Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında görüş keçirilib.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan xarici nazirlərinin müavinləri və İran XİN-in baş direktoru iştirak ediblər.

Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.

Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər. Vurğulanıb ki, iclasa Gürcüstan nümayəndələri də dəvət olunub. Lakin onlar iclasda iştirakdan imtina ediblər.

İclasda aidiyyəti nazirlik və qurumların mümkün iştirakı ilə gələcək addımlar və gələcək üçün iş planları müzakirə edilib.

***

Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında görüş keçirilir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edir.

Qeyd edək ki, “3+3” formatında görüş mətbuatın iştirakı olmadan qapalı keçirilir.