22 Noyabr 2024

Ermənistanda sosial-iqtisadi vəziyyət dalana dirənib

Qiymətlər bahalaşır, gəlirlər azalır, ölkəni tərk edənlərin sayı artır…

Müharibədə məğlubiyyətin və pandemiya dövrünün fonunda sosial-iqtisadi sahədə dərin böhran yaşayan işğalçı Ermənistanda vəziyyət sürətlə pisləşməkdədir. Hazırda iqtisadiyyatla bağlı ən çox müzakirə edilən məsələlərdən biri qiymət artımıdır. Bununla bağlı erməni mediası yazır ki, 2019-cu ildən fərqli olaraq, bu ilin dekabrında rekord qiymət artımı müşahidə olunacaq. Artıq Yeni il qabağı ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım qeydə alınıb. Bu ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri orta hesabla 10,4 faiz, spirtli içkilərin qiymətləri 22 faiz bahalaşıb. Məsələ ilə bağlı “nyus.am” portalı yazır: “Əslində, hər şey daha pisdir. Alıcılar hər dəfə mağazalara baş çəkəndə yeni qiymətlərin əvvəlkindən xeyli yüksək olduğunu müşahidə edir. Yeni ilin yaxınlaşması ilə gündəlik tələbat mallarının növbəti dəfə bahalaşması gözlənilir. Bahalaşma dekabr ayında satışların da azalmasına səbəb olacaq”.

Yeri gəlmişkən onu da qeyd edək ki, gələn il bir sıra kommunal xidmət tariflərinin qiymətinin artırılması ilə bağlı mütəmadi məlumatlar Ermənistan cəmiyyətində vəziyyəti daha da gərginləşdirir. Artıq Ermənistanda ictimai xidmətlərin tənzimlənməsi üzrə Komissiya suyun qiyməti ilə bağlı yeni tarif müəyyənləşdirib. Məlumata görə, 2022-ci ildən etibarən suyun bir kubmetrinin qiyməti hazırkı 180 dramdan (0,63 qəpikdən) 200,47 dramadək (0,71 qəpik) bahalaşıb. Xatırladaq ki, Ermənistan elektrik enerjisi və təbii qaza olan ehtiyacını İran və Rusiya vasitəsilə təmin edir. Rusiya Ermənistana min kubmetr qazı 165 dollara satır. İran hər il Ermənistana 400-500 milyon kubmetr “mavi yanacaq” ixrac edir. İran bu ölkədən bir kubmetr qaza görə 3 kilovatt/saat elektrik enerjisi alır. Göründüyü kimi, kommunal xidmətlərin bahalaşması işğalçı ölkədə yaşayış səviyyəsini daha da ağırlaşdıracaq. İnflyasiyanın növbəti mərhələsində isə əhalinin əksəriyyətinin həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə pisləşəcək.

Sosial-iqtisadi sahədə dərin böhran yaşayan işğalçı ölkədə yoxsulluq səviyyəsi də gündən-günə yüksəlir. Qeyd olunur ki, ölkədə yoxsulluğun səviyyəsi ötən il 0,6 faiz artaraq 27 faizə çatıb. Bu gündəlik gəliri 1,5 dollardan yuxarı olan, lakin minimum əməkhaqqına (ayda 140 dollar) belə çatmayan insanlardır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə minimum ərzaq səbəti 35 983 dram (70 dollardan çox), minimum istehlak səbəti 66 568 dram (təxminən 135 dollar) təşkil edir. Ermənistanda minimum əməkhaqqı isə 68 min dramdır (141 dollar).

“İravunk” qəzeti yazır ki, ötən il yoxsulluğun ən yüksək səviyyəsi Şirak vilayətində qeydə alınıb ki, bu da 57,7 faiz təşkil edib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, yüksək səviyyə Qeğarkunik vilayətində də müşahidə olunub və bu 56 faiz təşkil edib. Bu göstərici Tavuşda 46,1 faiz, Araqatsotnda 40,1 faiz olub. İfrat yoxsulluğun ən yüksək səviyyəsi Araqatsotn (4,2 faiz) və Şirak vilayətlərində (3,1 faiz) müşahidə edilib.

Ermənistan vətəndaşının həyatı səviyyəsinin getdikcə azalması ölkədən köçənlərin də sayını durmadan artırır. “Sputnik Armenia” yazır ki, bu ilin ilk 9 ayında Ermənistanı 103 min nəfər tərk edib və geri qayıtmayıb: “Səbəb inqilabdan gözləntilərin özünü doğrultmamasıdırmı, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdırmı? İrəvanın “Zvartnots” hava limanında Rusiya istiqamətləri hələ də doludur. İnsanların sadəcə işləməyə getmədiyini güman etmək olar. Müstəqillikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərq mənfi 1 milyon 250 min nəfərdir”.

Ümumiyyətlə, real mənzərə onu göstərir ki, Ermənistanın iqtisadi baxımdan sağ qalmasının yeganə yolu qonşularla iqtisadi və siyasi əlaqələrin normalaşdırması və iqtisadi blokadadan azad olmaqdır. Əks halda işğalçı ölkədə iqtisadi böhranı idarə etmək mümkün olmayacaq.