23 Dekabr 2024

Azərbaycan Qarabağ həqiqətlərini etiraf etmək üçün UNESKO-nun gözünü aça biləcəkmi?

Tənzilə Rüstəmxanlı: “Onları qulağından tutub gətirmək lazımdır ki, gəl, mədəni irsin necə məhv olduğunu gör…”

“UNESKO Azərbaycanın  Qarabağda milli mədəni irsinin dağıdılması məsələsinə reaksiya verməlidir. Azərbaycan ictimaiyyətinin illərdir gözlədiyi məsələ baş tuta bilər”.

Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib ki, 30 il ərzində gözləyirdik ki, UNESKO mədəni irsimizə qarşı törədilənlərə qarşı öz rəyini bildirsin.

Hacıyev bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində mədəni irsi dağıdılıb, məhv edilib: “Biz orada sistematik olaraq mədəni irsimizin dağıdılması halları ilə rastlaşırdıq və biz artıq 30 ildir gözləyirdik ki, UNESKO oraya səfər təşkil etsin, mədəni irsimizə törədilənlərə qarşı öz rəyini bildirsin”.

Bu arada – noyabrın 30-u və dekabrın 1-də UNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib. İclas çərçivəsində UNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə ölkəmiz növbəti 4 il müddətinə Komitəyə üzv seçilib. Bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə UNESKO-nun İcraiyyə Şurasına da üzv seçilmişdi.

Mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, Azərbaycanda İSESKO-nun regional ofisi fəaliyyətə başlayacaq, özü də Şuşada: “Regional ofisin açılması ilə bağlı son dövlətdaxili prosedurlar yekunlaşmaq mərhələsindədir. Hətta artıq regional ofisin Azərbaycanda yerləşdirilməsi üçün layihə İSESKO tərəfinə göndərilib. Razılaşdırılandan sonra onun rəsmi imzalanması olacaq. Çox sevindirici haldır ki, regional ofis Şuşada fəaliyyət göstərəcək”.

Bəs bu üzvlüklər və İSESKO-nun Şuşa ofisinin açılması ermənilərin uydurduqları Qarabağda “dini-mədəni irs”lə bağlı həyasız iddia və ittihamları kəsərsiz hala gətirmək üçün bizə hansı əlavə rıçaqlar yarada bilər? Azərbaycan UNESKO vasitəsilə ermənilərin vandallığını dünyaya çatdıra bilərmi?

Tənzilə Rüstəmxanlı – Rəsmi İnternet Saytı

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, 30 ildir bu proseslərin içində olan birisi kimi bu beynəlxalq qurumların Azərbaycana, Qarabağ məsələsinə münasibətini, “ikili standart”ın olduğunu, bütün beynəlxalq qurumların gözü qabağında mədəni irsimizin məhv edildiyini görür: “30 il ərzində  ATƏT-in Minsk Qrupunun gözləri önündə Azərbaycanın mədəni irsi, Azərbaycanın kəndləri, şəhərləri darmadağın və məhv edilib. Mənəvi dəyərlərimiz məhv edilib. Bunu artıq  müharibədən, böyük zəfərdən sonra biz  canlı şəkildə gördük. Şahid olduq ki, mənəvi-mədəni irsimizin başına necə bir fəlakət gətiriblər.

UNESKO dəfələrlə dəvət olunub, onlar bu məsələlərə çox laqeyddirlər. Mənim bir düşüncəm var. Bunu Türkiyədə də televiziya çıxışlarının birində dedim. Əlbəttə, müharibədə zəfər çalmaq çox önəmlidir. Biz millət olaraq, dövlət olaraq vətən savaşında bir olduq, əsgərlə, ordu ilə, Ali Baş Komandanla bir dəmir yumruq olduq. Bu savaş Qarabağı işğal edən erməni terrorçu güclərinin başında partladı və biz böyük zəfər qazandıq. Bu zəfər üçün ağır bədəllər ödəyən, şəhidlər vermiş bir millət olaraq, Birinci Qarabağ savaşının içindəki o acılardan betərini yenə yaşadıq”.

T.Rüstəmxanlının sözlərinə görə, zəfər çox önəmlidir, zəfər qazandıq və dünyaya göstərdik ki, Azərbaycan xalqı qəhrəman millətdir və bu millət torpağını müdafiə etmək iqtidarındadır: “44 günlük savaşda Azərbaycan Prezidenti cənab İlham Əliyev  sadəcə ordunu yönəltmədi, həm də beynəlxalq qurumları, dünya mətbuatını yönəltdi. Onlara qarşı savaş verdi. Ona görə də bu çox böyük zəfər oldu. Amma zəfəri qalıcı hala gətirmək lazımdır. Ermənilər beynəlxalq qurumlarda olan  diasporlarını arxalarına  alaraq, təbliğat aparırlar. Erməniləri neçə illərdir dəstəkləyən bir xristian zehniyyəti var, xaçlı zehniyyəti var. Onlar hər addımbaşı ermənilərin yalanlarına inanmağı qəbul eləyirlər, amma Azərbaycan həqiqətlərini görmək istəmirlər”.

Qurum sədri vurğuladı ki, bütün bunlara rəğmən, Azərbaycanın bu zəfəri möhkəmləndirmək və ədəbi saxlamaq üçün görüləcək işlərindən biri, o beynəlxalq qurumları Qarabağ gətirməkdir: “Onları belə qulağından tutub gətirmək lazımdır. Gəl, mədəni irsin necə məhv olduğunu gör. Bunu ermənilər edib, gəl mənim dinimi təhqir etdiklərini gör, mənəvi dəyərlərə necə sayqısızlıq etdiklərini gör, qəbirlərin necə dağıldığını gör. Çünki bu artıq hüququ bir mübarizədir. Bu mübarizə o zəfəri davamlı edəcək.

İkinci ən böyük məsələmiz o azad etdiyimiz torpaqlarımızı yurda çevirmək, oranı abadlaşdırmaq, minalardan təmizləmək və əhalimizi hissə-hissə oraya köçürməkdir ki, evimizin damından tüstü çıxsın. Evimizin ocağı yansın, vətənimizin işıqları yansın ki, erməni bir daha gözünü çevirib ora baxmasın. Bu keçicidir, mən istədiyim anda girib oranı ala bilərəm deyə düşüncəyə qapılmasın. Ona görə də mən düşünürəm ki, beynəlxalq aləmdə mübarizəni aparmaq lazımdır”. 

T.Rüstəmxanlı hesab edir ki, ilk növbədə köçmək və həmin torpaqları yurd yerinə çevirmək lazımdır: “Azərbaycan zatən hər qurumda bu işi aparmalıdır. Amma ən birinci şərtlərdən biri oranı yurd yerinə, vətən torpağını yurda çevirməkdir. Əgər orada bizim yaşayışımız olmasa, ermənilərin dişində bir şirə qalacaq. Mən narahatlığım bundandır. Düşünürəm ki, Azərbaycanın xalqı da, dövləti də, Ali Baş Komandanımız da, dövlət qurumları bu məsələ üzərində çox ciddi işləyirlər. Yüksək səviyyədə addımlar atılır və bunların hamısı o zəfərimizin əbədiliyinin  təminatı olacaq”.