23 Dekabr 2024

Stokholmda təzədən gorbagor olan “status”

İrəvan daha hansı platformaya ümid bəsləyir? “Azərbaycan tərəfə mülayim dönüş baş verməkdədir…”

İsveçin paytaxtı Stokholmda ATƏT Nazirlər Şurasının 28-ci illik zirvə toplantısı başa çatdı. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri də sammit çərçivəsində görüşdülər. Həmçinin Azərbaycan XİN başçısı Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenlə bir araya gəldi.

Bu rəsmi xronologiyanın davamı olaraq ABŞ dövlət katibindən Azərbaycanı narazı salacaq açıqlama verəcəyi gözlənilirdi. Lakin ermənilərin arzusu gözündə qaldı, belə ki, Blinken çıxışı zamanı Azərbaycan-Ermənistan konfliktindən danışarkən “status” sözünü işlətmədi. İrəvan möhkəm pərt oldu və Blinken tərəfindən yalnız ümumi ifadələr işləndi, dialoqa, humanitar məsələlərin həllinə çağırış edildi.

Sitat: “Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırırıq”.

Blinken həmçinin Azərbaycan və Ermənistana Minsk Qrupu həmsədrləri ilə birlikdə Qarabağda davamlı sülhün əldə edilməsi istiqamətində birgə işləməyi tövsiy etdi. Blinken-Bayramov görüşündə də status məsələsinə toxunulmadı. Və öz növbəsində ATƏT PA-nın sədri Marqarita Sederfel Bakı və İrəvanı uzunmüddətli sülhə nail olmaq üçün anlaşmaya səslədi. ATƏT-in icraçı sədri, İsveç xarici işlər naziri Ann Linde də oxşar mövqe sərgilədi. Bu qədər…

Prezident İlham Əliyevin təbirincə desək, gorbagor olmuş status bir daha Stokholmda cəhənnəmə vasil edildi. Bundan sonra məsələni tam qapanmış hesab etmək olarmı? Ermənistanın Qərbdən umduğu bu çağırışlar belə səslənmədisə, daha hansı platformalarda məsələ süni şəkildə gündəmə gətirilə bilər? Çünki nə Soçi görüşündə “status” mövzusu yada düşdü, nə ATƏT-in toplantısında adı çəkildi, indi Paşinyan iqtidarı son ümid yeri kimi Brüsselə baxır. Lakin formal, protokol xarakteri daşıyacaq həmin görüşdə də “status”un müzakirəsi gözlənilən deyil.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, dövlətlər 44 günlük müharibənin nəticələrini indi daha soyuqqanlı qiymətləndirməyə başlayıblar: “Onlar verdikləri bəyanatların məsuliyyətini dərk etməkdədirlər. Bu meydanda tək qalan Fransadır. Paris isə ümidi və perspektivi olmayan ”status”la bağlı İrəvana dəstəyini hələ də davam etdirir. Artıq Qərb dünyası özünün müdafiə etdiyi dəyərlər sisteminə nəhayət, qayıtmalıdır. Ona görə fikrimcə, bu ayılma prosesində deyilən məsələlərə diqqət artır”.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli 

Q.Hüseynli güman etmir ki, bu mövzu tam bağlanıb, amma Azərbaycan tərəfə mülayim dönüş baş verməkdədir: “Bakı diplomatik siyasətini daha da gücləndirməlidir, ABŞ yəhudi komitəsi ilə dostluğunu davam etdirməlidir. Avropanın bizdən insan haqları və demokratiya ilə bağlı müəyyən gözləntiləri var. Bakı bu məsələlərin həllinə tam nail olmalıdır. 2018-ci ildən başlayan siyasi islahatlar yeni standartlarla müşayiət edilməli, seçki qanunlarının təkmilləşdirilməsinə, insan haqlarında bəzi problemlərin daha həssaslıqla yerinə yetirilməsinə nail olunmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, “status” mövzusu xeyli dərəcədə arxa plana keçib. Onun fikrincə, ATƏT-in mötəbər tədbirində də bu məsələyə toxunulmursa, deməli, məsələ çoxdan bitib: “Halbuki ATƏT-in toplantısı ildə bir dəfə keçirilir, bu fürsətdən istifadə edilə bilərdi. Ancaq həmsədrlər bu mövzuya toxunmurlarsa, deməli, əhəmiyyət vermirlər. Azərbaycan bəyan edib ki, onun üçün daha vacib məsələlər var – dəhliz, sülh sazişi, sərhədlərin dəqiqləşdirilməsi…”

E.Şahinoğlu hesab edir ki, Stokholmdakı görüşlərdə daha vacib mövzular var idi: “Ən kritik hadisə Ukrayna idi. Ona görə Qarabağ o dərəcədə prioritet deyildi. Heç Paşinyan üçün də ”status” önəm daşımır. Ter-Petrosyan da dedi ki, məsələ bitib, Şuşa, Hadrut geri qayıdan deyil. Yəni özləri də başa düşürlər ki, hər şey qurtarıb, sadəcə, arabir “status” sözünü dilə gətirirlər. Ermənistan indi xahiş edir ki, əsirləri qaytarın və sair ilaxır”.

MİLLİ ŞURANIN QƏZETİNƏ NƏSİMİ ŞƏRƏFXANLI RƏHBƏRLİK EDƏCƏK » "Dünya"  informasiya agentliyi

Nəsimi Şərəfxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlının fikrincə, Fransa “status” mövzusunda Ermənistana açıq dəstək verən yeganə həmsədr ölkədir: “Rusiya ilk vaxtlarda üstüörtülü bu məsələyə toxunsa da, sonra heç dilə gətirmədi. Putin söyləmişdi ki, tərəflər gələcəkdə Minsk Qrupu çərçivəsində müzakirə edə bilərlər, yəni Moskva məsuliyyəti üzərindən atmışdı. ABŞ-dan gözlənti varıydı, Stokholmda bu da olmadı, qalır Brüsseldə Şarl Mişelin nəsə deməyi. Mişel Makronun adamıdır və ondan hansısa açıqlama gözləmək mümkündür”.

N.Şərəfxanlının sözlərinə görə, Qərbdə Azərbaycanın mövqeyini qəbul etməyə başlayırlar: “Amma ”status” məsələsi tamamilə bağlanmış sayıla bilməz. Çünki bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi həmişə istifadə etməyə çalışacaqlar. Sadəcə, perspektivi olmayan məsələdir, hətta Paşinyan da çıxışlarında “status”a toxunmur. Üstəlik, Rusiyann dediklərinə inansaq, cəmi 52 min erməni üçün hansı muxtariyyat, hansı “status” ola bilər?!”

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov da ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində bir araya gəliblər. Tərəflər Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər. Blinken Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun bərpasını alqışlayıb.

Habelə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Blinkenlə görüşüb. C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib. Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.