“Ağ ölüm” qaranlığın örtüyüdür

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli,1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrinin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün “Dövlət Proqramı“ nın icrası ilə bağlı 2021-ci ilin 11 ayında aşağıdakı işlər görülmüşdür.
Ölkədə narkomaniyaya qarşı son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlərə uyğun olaraq Yevlax rayonunda da mübarizə işlərinə geniş start verilmişdir.
2021-ci ilin 11 ayı ərzində Şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 153 fakt aşkar edilmiş, onlardan 83-cü qanunsuz olaraq narkotik vasitələrin qanunsuz əldə olunaraq saxlanılması, 50-si satış, 19 fakt isə narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib becərilməsi aşkar olmuşdur. Qanunsuz dövriyyədən 11 kq 225,69 qr heroin, 295.2 qr tiryək, 144,478 qr metamfetamin, 034 qr metadon, 17.7 qr preqabalin və 0,45 qr travmadol dövriyyədən çıxarılmışdır. 2021-ci ilin yayında “Xaş-Xaş” əməliyyat tədbirləri nəticəsində 1040 çətənə kolu aşkar edilərək məhv edilmişdir. Əvvəlki illərə nisbətən aşkar olunmuş faktlar xeyli artmışdır. Son vaxtlar maarifləndirmə tədbirləri gücləndirilmişdir.
Rayon ərazisində narkotik vasitələrin, psixotrop dərmanların qanunsuz yayılması və həkim təyinatı olmadan narkotik maddələrin qəbulu ilə məşğul olan şəxslərlə mübarizəni gücləndirmək məqsədi ilə rayon ərazisində yerləşən təşkilatlarda, təhsil ocaqlarında görüşlər keçirilmiş, gənclər və yeniyetmələr arasında narkomaniyanın insan üçün “Ağ ölüm” olmasının mənfi fəsatları barədə məruzələrlə çıxışlar edilmişdir. Belə ki, 2021-ci il ərzində Yevlax şəhəri 1,2,3 nömrəli tam orta məktəblərdə, Salahlı, Xaldan kənd məktəblərində, 2 nömrəli musiqi məktəbində, Heydər Əliyev mərkəzində gənclər və yeniyetmələr arasında “ Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilmiş və bu istiqamətdə silsilə tədbirlərimiz davam etdirilir.
Bundan başqa, kütləvi informasiya vasitələrində o cümlədən yerli “Kür” qəzetində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar işıqlandırılmış, bu istiqamətdə profilaktiki işin səmərəliyini artırılması məqsədi ilə maarifləndirmə və təbliğat tədbirlərinin daha geniş şəkildə aparılması təmin edilmişdir.
Ölkəmizdə hər bir vətəndaşın sağlam həyat tərzində yaşayıb işləməsi, firavan ömür sürməsi üçün dövlət səviyyəsində göstərilən diqqət və qayğını yüksək dəyərləndirən çıxışçılar onu da təəssüf hissi ilə bildirmişlər ki, müstəqil dövlətimizin dinamik və qlobal inkişafını gözü götürməyən bəzi düşmən xislətli xarici qüvvələr narkomanlığı, dini radikalizm meyillərinin cəmiyyət arasında təbliğ etməklə ölkəmizdə höküm sürən sabitliyi pozmağa çalışırlar. Lakin həmin cinayətkar ünsürlər unutmamalıdır ki, möhkəm təməllər üzərində qurulmuş qüdrətli Azərbaycan dövləti doğma Vətəninə sadiq sağlam əqidəli insanlarımız ölkəmizdə təxribat törətmək niyyətinə düşən hər bir xəyanətkar və məkirli qüvvələri susdurmağa qadirdir.
Yevlax rayon Polis şöbəsi və şəhər Poliknikasında 624 nəfər dispanser, 274 nəfər isə profilaktiki (narkoloji kabinetdə nəzarətdə olan) qeydiyyatdadır.
Həkim təyinatı olmadan narkotik vasitələrini qəbul etdiklərinə görə dispanser və profilaktiki qeydiyyatda olan narkomanlara əlaqədar və əvvəllər məhkum olmuşlarla müntəzəm olaraq profilaktiki tədbirlər aparılmışdır. Hazırda onlardan cinayət törətməyə meyilli olanlarının hərəkətləri əməliyyat yolu ilə izlənilməsi davam etdirilir.
Narkotik vasitələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə daimi Rayon komissiyasının diqqət mərkəzindədir. Bu istiqamətdə ardıcıl tədbirlərimiz davam etdirilir və davam edəcəkdir.
Vidadi Murtuzayev,
Yevlax Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi