23 Dekabr 2024

Putin Paşinyanın kələyinə aldandı – Ermənistanı bu dəfə kim xilas edəcək?

Müharibənin bitməsinin rəsmi elanı olan 10 noyabr üçtərəfli bəyanatı eyni zamanda Ermənistanın kapitulyasi aktı kimi təsdiqini tapdı. Artıq həmin tarixdən 1 ildən bir az artıq vaxt keçməsinə baxmayaraq Ermənistan ağır, alçaldıcı məğlubiyyəti qəbul etməməkdə israrlı görünür.

Məhz 44 günlük Vətən müharibəsinin 1 ilinin tamamında (9 noyabr) növbəti üçtərəfli görüş barədə rəsmi Moskva anons versə də, Nikol Paşinyan bu görüşdən bilinməyən səbəblərdən imtina etdi. Buna baxmayaraq keçən ayın sonlarında (26 noyabr) Soçidə baş tutan sözügedən görüşdə erməni baş nazir növbəti dəfə savaşın bölgədə yaratdığı yeni reallıqlar fonunda bəyanatlar səsləndirmək məcburiyyətində qaldı.

Baxmayaraq ki, 10 noyabr və 11 yanvar (2021-ci il) bəyanatlarında nəzərdə tutulan müddəalarda üzərinə düşən öhdəliklərdən 1 il ərzində yayınmaq, vaxt qazanmaq üçün Paşinyan əlindən gələni etməklə daxili auditoriyanı, müxalif qüvvələri sakitləşdirib özünə divident qazanmağa çalışdı, onun Soçidə yenidən üçtərəfli qapalı keçən görüşdən sonra mətbuata birgə bəyanat çıxışı zamanı dedikləri Nikolun Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolunun qalmadığı təəssüratı yaratdı. 

Görüş zamanı hər üç dövlət başçısı tərəfindən 10 noyabr və 11 yanvar bəyanatlarında nəzərdə tutulan – sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bəndlərin tez bir zamanda icrasının vacibliyi vurğulandı və bu məqsədlə tezliklə Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində aparılacaq müzakirələr sayəsində işlək mexanizmlərin hazırlanmasına yönəlmiş sənədlərin əldə olunması istiqamətində irəliləyişə ümid etdiklərini qeyd etdilər. 

Nəzərdə tutulduğu kimi də dekabrın 1-i Moskvada baş nazir müavinlərinin üçtərəfli görüşü keçirilib. Elə bu ərəfədə Qırmızı Bazar istiqamətində Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə yerləşdirilən qanunsuz erməni silahlı dəstələrinin mövqelərimizi gün boyu atəşə tutması yenidən Paşinyanın yalanını ifşa etdi. Təbii ki, bu iki hadisə heç də təsadüfən eyni vaxtda baş vermədi. Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə razılıqdan yayınmaq məqsədilə ən yaxşı bacardıqları işləri gördülər. 

Soçidə Putinin açıqlamasından kommunikasiyanın bərpası ilə bağlı razılaşmlara İşçi Qrupunun görüşündə yekun vurulacağı və rəsmiləşəcəyi ilə bağlı nəticə çıxsa da gözləntilər özünü ilk görüşdə doğrultmadı. Üçtərəfli işçi qrupunun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmağın mümkün olmadığı xəbərini dekabrın 2-də “Azadlıq” radiosuna Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan təsdiq etdi. Buradan bir daha məlum oldu ki, Ermənistan hərbi-siyasi rəhbərliyi üçtərəfli bəyanatlarla bağlı öhdəliklərdən növbət dəfə imtina etdi. Paşinyanın Soçi səfəri də gözdən pərdə asmaqdan, dünyaya özünü sülhpərvər, beynəxlalq hüququn müddəalarına əməl edən bir dövlət kimi göstərməkdən başqa bir şey deyildi.

Paşinyanın bu addımı ilə 9 noyabrda elanı edilmiş görüşdən imtina edərkən artıq müəyyən planlar qurduğu ortaya çıxır. Belə ki, dərhal sonra 16 dekabrda Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycanla ikitərəfli görüşə “HƏ” deyən Paşinyan üçtərəfli bəyanatı suya atılmış imza kimi gündəmdən yox etməyə çalışdığı bir daha son hadisələr fonunda məlum olur. Erməni baş nazir Soçidə ona qulaqburması verən Rusiyanı yalan bəyanatlarla aldadaraq növbəti dəfə Kreml rəhbərinə hörmətsizliyini nümayiş etdirdi. Bununla da Paşinyan bir kəlmə də olsun “status”, “münaqişə”, “Dağlıq Qarabağ” ifadələrinin işlədilmədiyi Soçi görüşünün əhəmiyyətini sıfıra endirmək cəhdi edir ki, Qərbin təşəbbüsü ilə Brüsseldə Qarabağın Dağlıq ərazisi ilə bağlı “status” məsələsini yenidən müzakirəyə çıxararaq istəyinə nail olsun. 
 
Regional kommunikasiyaların açılmasına dair üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə razılaşma elan edilsə də, beləcə Paşinyan və komandası növbəti dəfə bu razılaşmanın Moskvada sənəd şəklində rəsmiləşdirilməməsi üçün əlindən gələni etdi.


 
“Belə olan halda niyə tərəflər razılığa gəlmədi?” sualına, Qriqoryan açıq şəkildə bildirib ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir. Ermənistan qəbul etmirdisə, niyə bəs Kreml rəhbəri Vladimir Putinin Soçi görüşü zamanı “Zəngəzir dəhlizi” ifadəsinə öz etirazını elə yerindəcə bildirmədi? Açıq şəkildə görünür ki, Nikol Paşinyan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək siyasi iradə nümayiş etdirmək iqtidarında deyil. İrəvan bununla təkcə Bakıya yox, Moskvaya qarşı da çıxdı. 

Proseslərin bu məcrada davam etdiyi bir vaxtda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan xalqı açıq məğlubiyyətlə barışmağa çağırdı: “Yeni müharibə erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiyanı edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir. Yəni Dağlıq Qarabağ söhbəti bitib. Söhbət indi Zəngəzurdan gedir. O ətrafdakı danışıqlardan…”. Açıqlamasından da görünür ki, Petrosyan rəsmi Bakının postkonflikt dövründə də açıq fərqlə öndə olduğunu yaxşı anlayır. 

Qaldı ki, Moskvada baş nazir müavinlərinin üçtərəfli görüşünün Zəngəzur dəhlizi məsələsinə görə pozulmasına, erməni siyasi şərhçi Razmik Akopcanyan öz çıxışında qeyd edib ki, dəhliz məsələsi qaçılmazdır: “Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcək – bu, artıq dəqiqdir. İndi də Zəngəzur dəhlizinin realizə olmayacağı haqqında nağıllar danışılır. Guya bu, yalnız rəsmi Bakının arzusudur və arzu olaraq qalacaq… Bir erməni kimi mən Ermənistan rəhbərliyindən soruşmaq istəyirdim: axı üçtərəfli sazişdə Zəngəzur dəhlizi haqqında yazılıb və bu kağızın altında Paşinyanın imzası durur. Bu, birincisi. İkincisi, Soçi görüşü bütün “i” hərflərinin üzərində nöqtələri qoydu. Putin bu layihənin əhəmiyyətini açıq şəkildə qeyd etdi. Ən başlıcası isə Zəngəzur dəhlizi artıq tikinti mərhələsindədir – dəmir yolu layihəsi yaxın zamanlarda istifadəyə veriləcək”.

Elədir ki, var: Zəngəzur dəhlizinin layihəsinin reallaşacağını göstərən həddindən çox siqnallar var. Əgər Ermənistan öz razılığı ilə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə bütün bu tarixi Azərbaycan əraziləri də Bakının yurisdiksiyasına keçəcək. Azərbaycan artıq 10 noyabr razılaşmasında etmədiyini indi edir. Soçidə şifahi razılaşma məhz Azərbaycan Prezidentinin mövqeyi, qətiyyəti nəticəsində əldə olunub. Elə İlham Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticəsinə uyğun bir çıxış idi və göründüyü kimi, Azərbaycan 44 günlük Vətən müharibəsiylə bölgədə yaratdığı yeni reallığın əsas aktorlarından biridir və bu yerlərdəki gündəmi müəyyənləşdirən tərəflərdəndir. Bunu anlamaq isə İrəvanın işinə çox yarıya bilər, çünki əksi Ermənistan üçün daha qorxulu bitəcək.