Moskva Xəzər Şurası yaratmaq istəyir
Ekspertə görə, Rusiyanın niyyəti daha çox nəzarət rıçağı əldə etməkdir
Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkə başçılarının Aşqabadda keçiriləcək növbəti sammitində Rusiya tərəfindən Xəzər Şurasının yaradılması təşəbbüsünün irəli sürüləcəyini söyləyib: “Biz Xəzər Şurasının Həştərxanda yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfindən bunun növbəti bürokratik struktur olacağı ilə bağlı qorxuları var. Burada yəqin ki, məsələ bunu necə təşkil etməkdir. Bunu hansısa böyük katiblik maşını kimi deyil, Xəzər əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı, sadəcə, müntəzəm qurum kimi təşkil etmək olar. Bu, təkcə Xəzəryanı ölkə başçılarının sammitinə hazırlıq kontekstində deyil, daimi əsasda olmalıdır” – o, belə deyib.
Rusiyanın Xəzərdə mərkəzləşdirilmiş struktur yaratmaqda və onun mərkəzinin Həştərxanda yerləşdirilməsi istəyinin arxasında dayanan niyyət nədir?
Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Kremlin çıxış yollarının tükəndiyini söylədi: “Aşqabaddakı görüş müəyyən qədər Rusiyanı narahat edir. Onun üçün də onlar yeni bir format hazırlayaraq Xəzər hövzəsində dənizə sərhəd olmayan ölkələri buraxmamaq üçün səylər göstərirlər. Hansısa bir şura yarana bilər. Düşünürəm ki, bu şurada bir sıra problem xarakterli məsələlərin müzakirə mövzusu olması mümkündür. Lakin nə Türk Dövlətləri Təşkilatının, nə də digər hansısa beynəlxalq təşkilatların fəaliyyətinə yeni yaradıla biləcək təşkilatın mane yaratma imkanlarına malik olacağına inanmıram. Yeni əməkdaşlıq proseslərinin qarşısını yeni yaradılan təşkilatla almaq mümkün deyil. Rusiya əməkdaşlığa hazır olmalıdır. Şimal qonşumuz bütün ölkələrlə əməkdaşlıq edərək, ən əsası, Azərbaycanın yaratdığı nəqliyyat və enerji sistemlərində əməkdaşlıq səyləri göstərərək öz maraqlarını ödəyə bilər. Amma yeni proseslərin qarşısını almağa imkanları olmayacaq. Çünki bu proseslərin uğurlu olmağında hamı maraqlıdır. Bütün dünya bunu istəyir. Onun üçün də Rusiya ya iştirakçı olmalıdır, ya da özünü təcrid etməlidir. Bunun üçün də düşünürəm ki, Rusiya əməkdaşlıq yolunu seçəcək. Bir çox yaradılan imkanlardan bəhrələnməyə çalışacaq”.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirdi ki, Rusiyanın fəallaşması Aşqabad sammitindən sonra yaşananlarla bağlıdır: “Diqqət edin, Rusiya son illərdə problemləri sərhədlərindən uzaqlara daşımaq siyasəti yürüdür. Hücum diplomatiyası aparır. Qara dənizdə baş verənlər Xəzər dənizində də Rusiyanı çevik addımlar atmağa sürükləyir. Xəzər dənizi münasibətlərin toqquşduğu əsas yerlərdən biridir. Bilirsiniz ki, bu zonada da 1994-cü ildə ”Əsrin müqaviləsi” imzalanan andan etibarən Azərbaycanın fəaliyyəti var. BP öz fəaliyyətini aparmaqdadır. Mərkəzlərin fəallığı Xəzərdə artdıqca Rusiya gücü, maraqları təhdid olunur. Xəzərdə ölkələrin birgə mövqelərinin yalnız Rusiyanın diktəsi altında olması ehtimalı var. Bu da onun əsas alətlərindən biri kimi təklif olunur”.
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlının da fikirləri çox maraqlıdır: “Rusiyanın Xəzərlə bağlı sahilyanı olmayan ölkələrin bölgəyə girişinin qarşısının alınması strategiyası həmişə olub. Bilirik ki, ABŞ-ın da Xəzərlə bağlı öz strategiyası var, xüsusilə Xəzər dənizi Vaşinqton üçün Mərkəzi Asiyaya çıxış məsələsində strateji əhəmiyyətə malikdir. Bu baxımdan, Moskvanın Xəzər Şurası yaratmaq təşəbbüsü kənar müdaxilələrin qarşısını almağa hesablanıb. Maraqlıdır ki, niyə indi belə bir təşəbbüs irəli sürülür? II Qarabağ müharibəsindən sonra regionda şərtlər dəyişdi. Rusiya bölgəni Türkiyə ilə paylaşmağa razı olsa da, uzaq perspektivdə, xüsusilə geosiyasi şərtlərin dəyişəcəyi halda maraqlarına risklərin yaranacağını düşünür. Türkiyənin Azərbaycan üzərindən bölgəyə gəlişi həmçinin, Xəzər dənizinə də gəlişi kimi qəbul edilə bilər. Müharibədən sonra Türkiyə və Azərbaycanın ilk dəfə Xəzərdə birgə təlim keçirməsi də təsadüfi deyildi. Bunun fonunda Türkmənistanın Türkdilli Dövlətlər Təşkilatına daxil edilməsi Türkiyənin Xəzərdə təsir imkanlarını artıra bilər. Müharibədən sonra Azərbaycanın ”Cənub Qaz Dəhlizi”ni yekunlaşdırması, Türkmənistanla mübahisəli yataq məsələsini həll etməsi Transxəzər layihəsini yenidən aktuallaşdırdı. Bu, Rusiyanın marağında deyil. Əslində Türkmənistan qazının İran üzərindən Azərbaycana gətirilməsi sazişinə səssiz qalması da tranzitin dəyişməsinin indiki dövrdə Transxəzər layihəsini arxa plana keçirə bilməsi gözləntisidir. Lakin bu layihənin gündəmdə olduğunu da anlayır. Xəzər Şurasının yaradılması və mərkəzinin Həştərxanda yerləşdirilməsi təklifi də dənizdəki vəziyyətə nəzarəti əlində saxlamaq niyyətindən irəli gəlir. Lavrov bu təklifin bürokratik əngəllər yaratmayacağını iddia etsə də, əslində belə bir şuranın yaradılması Xəzərlə bağlı qərarların sahilyanı dövlətlərin səs çoxluğu, yaxud hamısının səs verəcəyi halda icra edilməsi mexanizmini yarada, Transxəzər layihəsinə çirkləndirməni əsas gətirərək maneə yarada bilərlər. Bu baxımdan, rusların Xəzər Şurası təklifi daha çox nəzarət rıçağı əldə etmək niyyəti kimi görünür”.