22 Noyabr 2024

Helikopter qəzasının yaratdığı suallar, verilən reaksiyalar və kəmfürsət mövqelər

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev helikopter qəzasında təxribat versiyasını istisna edir; ekspertlərin fikrincə, Silahlı Qüvvələrimizin inventarında uçuşa hazır olmayan aviasiya yoxdur; qəzaya uğrayan Mi-17 vertolyotundan Rusiya Arktikada, Pentaqon Əfqanıstanda istifadə edib

Xaricdən idarə olunan bəzi media quruluşları, sosial şəbəkə səhifələri, blogerlər heyrət doğuran şayiələr də dövriyyəyə buraxdılar, qəzada həlak olan şəhidlərimizin, yüksək vəzifəli hərbçilərimizin sui-qəsdə məruz qalması kimi cəfəng fikirlər yaydılar.

Rəsmi məlumatların bir qədər gec verilməsinin şayiələrə səbəb olması da bildirildi, ancaq nəzərə alınmalıdır ki, bu, avtoqəza deyil, helikopter qəzasıdır, bunun səbəbini nəinki dəqiq bilmək, ilkin ehtimalları müəyyənləşdirməyin özü saatlarla çəkə bilər. 

İlkin rəsmi açıqlamalar əslində bir neçə saat sonra verilməyə başlamışdı. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ən çox yayılan iddialara da cavab verdi, bildirdi ki, Xızıda yerləşən “Qaraheybət” aviasiya poliqonunda baş verən helikopter qəzasında təxribat versiyası istisna edilir.

DSX rəisinin sözlərinə görə, helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Üstəlik, polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib.

Ümumiyyətlə, sərhədçilərimiz, pilotlarımız 44 günlük Vətən müharibəsində peşəkar işi ilə yadda qaldı. DSX-nın müharibədə gördüyü miqyaslı işlərdən bəhs edən sənədli filmləri çoxumuz izləmişik. Müharibənin ikinci günü düşmənin hərbi hava hücumundan müdafiə sisteminin 60 faizini məhv edən bir strukturun helikopterinin qəza keçirməsi həqiqətən suallar yaradır. Bu da əsasən tarixə “Kukruznik əməliyyatı” kimi düşmüş məlum əməliyyat sayəsində olmuşdu. Təsəvvür edin, müharibənin 2-ci günü düşmənin havadan müdafiə sistemi darmadağın edilir. DSX belə bir peşəkar, hazırlıqlı səviyyəyə gəlib çatıb.

Sərhəd Xidmətinin zabit və əsgər heyəti bunu təkcə peşəkarlıqla etmədi, həm də böyük vətənpərvərlik hissləri ilə, millət sevgisi ilə qələbəyə öz töhfələrini verdilər.

Amma təbii ki, sual yaranır: bu cür peşəkar, yüksək səviyyəli heyətə malik qurumun pilotları və ekipajı necə olub ki, helikopterin qəzaya uğramasının qarşısını ala bilməyib? Helikopterin köhnə olması, yaxud istismar müddətinin bitməsi də istisnadır: rəsmi açıqlamada qısa müddət əvvəl təmir edildiyi bildirilir. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu kimi qəzaların nadir hallarda baş verməsinin səbəblərindən biri müasir hərbi texnikadan istifadə edilməsidir və bu da helikopterin köhnə olması versiyasını aradan qaldırır. Yerdə qalır pilotun ehtiyatsızlığı, anidən baş verən texniki nasazlıq, hava şəraiti və hansısa digər səbəblər. Artıq qara qutu da tapılıb, araşdırma aparılır. Rəsmi araşdırmanın nəticələri yəqin ki, suallara və iddialara da aydınlıq gətirəcək.

Beşinci kolon: Şəbəkənin işləmə mexanizmi - Aqşin Kərimov yazır

Aqşin Kərimov

Jurnalist, Vətən müharibəsinin iştirakçısı Aqşin Kərimov qeyd edir ki, niyə o qədər rütbəlinin helikopterdə olması sualının cavabı var: “Birincisi, helikopter heyətində rütbəlilər olur, orada gizir, ya da MAXE belə olmur. Ümumiyyətlə, aviasiyada uçuşları rütbəlilər həyata keçirir. İkincisi, Türkiyədə bu ilin martında baş verən helikopter qəzasında bir general-leytenant olmaqla, 11 nəfər şəhid olmuşdu, 3 nəfər yaralanmışdı. Texnika saz olsa belə, qəzadan sığortalanmayıb. Həmin zaman Xızı ərazisində dəhşətli duman olub. Sual budur ki, helikopterdə 16 nəfərlik heyət olması hərbi qaydalara uyğundurmu? Bu, araşdırılacaq. Məncə, qaydalardan kənar əlavə şəxsi heyət helikopterə yerləşdirməzdilər”.

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, sosial mediada həqiqətə uyğun olmayan məlumatlar, fikirlər yayılır: “Azərbaycan Ordusu qalib ordudur, xalqın ordusudur. Silahlı Qüvvələrimizin inventarında uçuşa və döyüşə hazır olmayan aviasiya yoxdur. Əgər aviasiya vasitəsi uçursa, deməli, istifadəyə yararlıdır. Hazırda istintaq-ekspertiza qrupu yaradılıb, qəzanın səbəbləri araşdırılır”. 

Ehtiyatda olan polkovnik Dadaş Umbatovun dediyinə görə, pilotların danışığına qulaq asılmalıdır: “Hava şəraiti qiymətləndirilməlidir. Tədqiqat getməlidir. Bundan sonra kimsə nəsə deyə bilər. Ümumiyyətlə, aviasiyada qəza olarsa, bu, bir neçə amildən baş verə bilər. Əsas amillərdən biri insan faktorudur. Daha sonra hava şəraiti və texniki nasazlıqdır”. Qəzada yaralanan kapitan Ədilov Ramin deyib ki, helikopterin desant daşıma sayı 24 nəfərdir. Yəni helikopterdə 16 nəfərin getməsi normalara uyğundur. Eyni zamanda qeyd edib ki, bütün uçuş qaydalarına əməl edilib. Onun sözlərinə görə, nasazılıq da olmayıb, enişin yerinə yetirilməsi zamanı qəza baş verib. Habelə, o da dəqiqləşib ki, 16 nəfərlik heyət Səngəçaldan “Qaraheybət”ə təlimə gələrkən baş verib. Yəni hələ təlim başlamayıbmış, helikopter heyəti poliqona gətirirmiş.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, xalqımız üçün böyük itkidir: “Bu hadisələr haqda danışarkən kürəkənim pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin də təlim zamanı həlak olması anına qayıdıram. Müdafiə Nazirliyindən bildirildi ki, hadisə kənardan yad cismin təyyarəyə toxunması nəticəsində baş verib. Onlar yad cism deyəndə quş sürüsünü nəzərdə tuturdu. Qara qutu da tapıldı, pilotun qüsurunun olub-olmaması araşdırıldı, təyyarənin saz, pilotun sağlam olduğu qənaətinə gəlindi. Məlum oldu ki, yad cism toxunduğu üçün hadisə baş verib”.

Xızıdakı helikopter qəzasında isə vertolyota kənar cism toxunmayıb, kənar təsir də istisna edilib.

Q.Hüseynli deyib ki, təəssüf ki, Xızıdakı hadisədə itki çoxdur: “Qara qutu tapılıb, istintaq gedir. Sadəcə, yüksək rütbəli zabitlərin bir helikopterə mindirilməsi suallar doğurur. Ümidvaram ki, hadisə obyektiv  araşdırılacaq”.

Bəs Mi-17 helikopterinin üstünlükləri nələrdir?

Qeyd edək ki, qəzaya uğrayan Mi-17 helikopteri Rusiyanın Kazan vertolyot zavodunda və Ulan-Udedəki aviasiya zavodunda istehsal edilir. İndiyədək 3 mindən çox müxtəlif modifikasiyalı belə vertolyot istehsal edilib. Mi-17 Mi-8 vertolyotlarının modernizə edilmiş variantıdır, iki mühərriklə və ən müasir avionika ilə təchiz edilib. Nəticədə sutkanın istənilən vaxtında, istənilən havada, hətta ən mürəkkəb meteoroloji şəraitdə uça bilir. Mi-17 çoxməqsədli vertolyotu xarici görkəminə görə Mi-8 nəqliyyat vertolyotuna oxşayır, fərq ancaq sükan pərinin vertolyotun quyruq hissəsinin sol tərəfində yerləşdirilməsindədir.  Daşıyıcı vintin pərləri şüşəplastikdən hazırlanıb, vertolyotun mühərriki daşıyıcı vintin dövlər sayını avtomatik tənzimləyir və mühərriklərin işi sinxronlaşdırılıb. Əgər mühərriklərdən biri sıradan çıxarsa, digər mühərrik fövqəladə iş rejiminə keçir və vertolyotun uçuşunu davam etdirməsini təmin edir. Ən mürəkkəb hava şəraitində uça bildiyi üçün Rusiya ordusu bu vertolyotlardan Arktikadakı qüvvələrini dəstəkləmək üçün istifadə edir. O cümlədən Pentaqon Əfqanıstan ordusu üçün vaxtilə Mi-17 vertolyotlarını alarkən onların mürəkkəb dağlıq relyefdə uçmaq qabiliyyətini nəzərə almışdı. Vertolyotun maksimal uçuş sürəti 250 km/saat-dır, kreyser sürəti saatda 230 kilometrə çatır. Praktiki uçuş yüksəkliyi 6 min metrə yaxındır. Xarici asqılarında 4 tona yaxın yük daşıyır, kabinədə də 4 ton faydalı yük daşıma qabiliyyətinə malikdir.

Vertolyotun silahlanmasına idarəolunan və idarəolunmayan raketlər daxildir. İdarə olunan raketlərin sayı 8, idarə olunmayan raketlərin sayı isə 80 ədəddir. Vertolyotun  maksimal çəkisi 13 tondur. Mi-17-ni idarə etmək heç də asan olmadığı üçün bu iş təcrübəli pilotlara həvalə olunur. Hazırda Mi-17 dünyanın 60-dan çox ölkəsində istifadə olunur.  Vertolyotun təyinatı quru qoşunlarının mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanıb.

Dünyada helikopter qəzaları

Türkiye'de ve dünyada Cougar helikopter kazaları: Neden düşüyorlar, teknik  sebepler neler? Kronos News | Bağımsız haber sitesi...

Onu da deyək ki, dünyada müxtəlif helikopter qəzaları olub. 17 yanvar 2009-cu ildə Fransa ordusuna məxsus “ALAT Cougar AS-532″ helikopteri havaya qalxdıqdan az sonra Librevil və Port-Gentil arasında Nyonie sahilindən 50 km aralıda Atlantik okenanına düşüb. Qəza nəticəsində 8 nəfər ölüb. 25 iyul 2012-ci ildə isə Airbus Helicopters şirkətinə məxsus Cougar AS.532AL helikopteri La Palud-sur-Verdon şəhərindəki Gorges du Verdonda qəzaya uğradı 6 nəfərlik ekipajdan sağ qalan olmayıb.

6 may 2019-cu il tarixində Venesuela ordusuna məxsus helikopter Karakas yaxınlığında dağlara çırpılıb. Qəzada 14 əsgər həlak oldu. 25 noyabr 2019-cu ildə Malidə Eranqa Vadisində 5-ci Döyüş Helikopter Alayına (5-ci RHC) məxsus Eurocopter EC665 Tigre və Cougar havada toqquşaraq qəzaya uğrayıb. Qəza nəticəsində 13 nəfər həlak olub.

AS 532 U2/A2 Cougar Multi-Purpose Helicopter - Army Technology

15 aprel 2020-ci ildə Pau şəhərinin 5-ci RHC-yə məxsus təmir edilmiş Cougar AS.532UL helikopteri Tarbesdən 22 km şimal-şərqdə, Builh-Devant şəhərində qəzaya uğradı, 7 ekipaj üzvü həlak oldu.

2021-ci il martın 4-də Türkiyənin Bitlis şəhərinin Tatvan rayonuna gedən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Eurocopter AS532 Cougar helikopteri qəzaya uğrayıb. Qəzada təyyarədə olan 11 türk hərbçisi həlak olub. 2 hərbçi isə sağ qalıb. Bunlar son illər baş vermiş helikopter qəzalarının yalnız bir neçəsidir. Son olaraq 30 noyabr 2021-ci ildə saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 hərbçi şəhid olub, 2 nəfər yaralanıb.

Şübhəsiz, bu hadisə və onun səbəbləri dövlətin müvafiq qurumları tərəfindən araşdırılacaq.