Laçının işğaldan azad edilməsindən bir il ötür
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi hünər, şücaət və döyüş taktikası Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı, xarabalığa çevirdiyi və xarici havadarlarının köməyi ilə güclü müdafiə istehkamları qurduğu rayonlardan döyüşsüz çıxmasını şərtləndirdi. 1 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz – Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı birgə Bəyanata uyğun olaraq, dinc yolla əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalandı. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının bir güllə belə atılmadan, itki vermədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrildi.
Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdi. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya Bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək düşmən təxribatına cavab olaraq Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, nəticədə Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin təntənəsinə, düşmənin hərbi kapitulyasiyasının təsdiqinə çevrildi. Prezident İlham Əliyev nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı dilə gətirmişdi. Belə ki, ölkə başçısı bildirdi ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıq idi. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Belə də oldu. Ölkə başçısının sözlərinə görə, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.
Prezident İlham Əliyev, həmçinin nitqlərinin birində qeyd edir ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda, biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı.
Məlumat üçün bildirək ki, sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir, desək yerinə düşər. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu, birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.
1992-ci ildən rayonda qanunsuz məskunlaşan ermənilər artıq bir ildir ki, Laçını tərk ediblər. Azərbaycan Ordusu onlara rayonu tərk etmək üçün bütün şəraiti yaratmışdı. Buna baxmayaraq, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Lakin Azərbaycan dövləti işğaldan azad olunan bütün əraziləri, o cümlədən Laçın rayonunu, onun hər bir kənd və qəsəbəsini bərpa edəcək, yenidən quracaq. Hazırda bununla bağlı böyük layihələr həyata keçirilir. Tezliklə laçınlılar doğma yurdlarına qayıdacaqlar və orada həyat yenidən qaynayacaq.