Yolumuz Laçınadır
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son bir ildə işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı səsləndirdiyi çağırışlar sırasında yer alan bu ifadə nəinki laçınlılarda, bütün Azərbaycan xalqında qürur hissi yaratmaqla yanaşı, 10 noyabr 2020-ci il Bəyanatının dünyaya bəyan etdiyi məqamları özündə ehtiva edir
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza 1 dekabr müraciətində “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu” söyləyərək xalqımıza təbriklərini çatdırmaqla yanaşı, 44 günün reallıqlarını bir daha təhlil etdi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mahiyyəti barədə geniş məlumat verdi. Vətən müharibəsinin gedişi dövründə bir daha sübut olundu ki, Ermənistan və ona havadarlıq edən dövlətlər bütün işğal altında olan torpaqlarımızın geri qaytarılmasında maraqlı olmayıblar. 30 ilin təhlili müddətində işğalçı Ermənistanın səsləndirdiyi sərsəm bəyanatlar sırasında bu da yer alırdı ki, əgər 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində statusun yerini işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə göstərdi. Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub dünyanın bəzi gücləri bu gün də Ermənistanın təxribatlarına, sərsəm bəyanatlarına dəstək vermək üçün status məsələsini gündəmə gətirir və hər dəfə Azərbaycan dövlətinin sərt mövqeyi ilə üzləşirlər.
Azərbaycanın münaqişənin həllində dəyişməz mövqeyi nəinki Ermənistana, ona havadarlıq edən dövlətlərə də çox yaxşı bəlli idi. «Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz» bəyan edən rəsmi Bakı işğal altında olan torpaqlarımızı istənilən yolla azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdi. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu fakt BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb. Ermənistan tərəfi gah Dağlıq Qarabağa müstəqillik verilməsini şərt kimi irəli sürür, gah da onu öz əraziləri kimi qeyd edirdi. «Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, – Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, – qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər» söyləyən cənab İlham Əliyev bildirir ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmadığı halda heç bir razılaşmanın ola bilməzliyini bəyan edirdim. Bu mövqe xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı: «Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır.»
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi, sonda Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın imzalanması dünyaya, işğalçı dövlətə bir sıra mesajları çatdırdı. Dövlət başçısı bəyan etdi ki, noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, sərt mövqeyimizi görəcək. Bu razılaşmanın pozulması ilə bağlı cəhdlər var. Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.
Son bir ilin reallığı budur ki, Azərbaycan yeni reallıqlar yaratdı, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Cənab İlham Əliyev bütün müraciətlərində bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman etmək lazım olduğunu bilirdim. 44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur. Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə, işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatları yaradılır.
10 noyabr 2020-ci il Bəyanatının şərtlərinə uyğun olaraq dekabrın 1-də Laçın Azərbaycana qaytarıldı. Laçının iqtisadi imkanlarına, coğrafi mövqeyinə diqqət yetirdikdə tarixi sahibinə qayıtmaqla Azərbaycanın gələcək həyatında nə kimi iqtisadi, strateji əhəmiyyət daşıyacağı aydın görünür. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirildi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
1 dekabr 2020-ci il Laçının həyatında yeni parlaq səhifəni açdı. Əvvəldə qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazdı. Artıq bu şanlı tarix yaddaşımızdan torpaqlarımızın işğal olunduqları günü çıxarıb işğaldan azad olunduqları günü yazdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızın hər birinin işğaldan azad olunması Zəfər Günümüzdür. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.
Zəfərimizdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri başladı. Cari ilin 14 fevral və 16 avqust tarixlərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda səfərdə oldular. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Digər ərazilərimiz kimi, Laçın rayonunda da bərpa və quruculuq işlərinin miqyası genişdir. Belə ki, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.” Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev bildirmişdir: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
Göründüyü kimi, Ermənistandakı bəzi revanşişt meyillərə baxmayaraq, regionda proseslər artıq yeni mərhələyə qədəm qoyub. Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduran ölkəmizin həyatında yeni səhifə açılıb. Artıq keçmişlə deyil, gələcəklə yaşamaq zamanıdır. Azərbaycan daim irəli baxır, gələcəklə bağlı planlarını açıqlayır. Təbii ki, ermənilərin illərdir ölkəmizə qarşı törətdikləri təxribatlar, soyqırımlar, faciələr unudulmur. Bu gün işğaldan azad edilmiş torpaqlarımızın hər daşı erməni vəhşiliklərinin şahididir. Amma Azərbaycan dövləti, cənab İlham Əliyev tariximizin bu səhifələrini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, sahibinə qovuşmuş torpaqlarımızın yenidən əvvəlki simalarına qayıtmaları üçün bütün zəruri addımları atır ki, tezliklə soydaşlarımız öz doğma yurd-yuvalarına qayıtsınlar. Hər bir rayonun ölkəmizin həyatında, inkişafında öz rolu vardır. Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında böyük imkanlar açılır. Bu ilin fevralında Laçına səfəri zamanı ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında səsləndirdiyi fikirləri bir daha xatırlatmaq istərdik: “Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”