Paşinyan Putini niyə aldatmağa çalışır? – Soçidə yeni dərs veriləcək
Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir. V.Putinin təşəbbüsü ilə keçirilən görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.
Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.
İ.Əliyev, V.Putin və N.Paşinyan sonuncu dəfə bu ilin yanvarın 11-də Moskvada görüşmüşdülər. Həmin görüşdə əsas mövzu bölgədə nəqliyyat kommunikasiyalarının bərpası məqsədilə baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın yaradılması idi.
Bugünkü görüşdə isə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan ötən ilin noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra keçən bir il ərzində əldə edilmiş nəticələri müzakirə edəcəklər.
Əsas diqqət yenə də bölgədə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönələcək. Habelə, V.Putinin İ.Əliyev və P.Paşinyanla təkbətək görüşlər keçirəcəyi də vurğulanıb.
Noyabrın 9-da videokonfrans formatında onlayn-görüş keçirilməli idi. Fəqət, N.Paşinyan görüşdən boyun qaçırdı və bu qərarını “9 noyabr günü Ermənistan üçün kapitulyasiya günü, məğlubiyyət günüdür və bu səbəbdən həmin gün mənim üçün görüş keçirmək ağırdır” demişdi.
Az sonra isə bəlli oldu ki, İlham Əliyevlə Nikol Paşinyan dekabrın 15-də Brüsseldə, “Şərq Naminə Tərəfdaşlıq” Proqramına üzv ölkələrin sammitində görüşəcəklər. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel bəyan etdi: “Azərbaycan və Ermənistan liderləri regiondakı situasiyanı, habelə Avropa Birliyinin dəstəklədiyi çiçəklənən və stabil Cənubi Qafqaz üçün gərginliyin dəf edilməsinin yollarını müzakirə etmək üçün görüşəcəklər”.
Bir zamanlar Şuşada içib sərxoş olan və Cıdır düzündə uzanan Paşinyanı Rusiyada adekvat, normal və rasional siyasətçi saymırlar.
Təbii ki, Brüsselin təşəbbüsü, xüsusilə də Nikol Paşinyanın yalanları Moskvanı qıcıqlandırdı: axı Rusiya məhz öz vasitəçiliyi ilə belə görüşün keçirilməsi üçün oktyabrın əvvəlindən bəri çalışırdı. Rusiyanın bütün səylərinə rəğmən Ermənistanın baş naziri Nikol Paşinyan isə Moskvanın yox, Brüsselin vasitəçiliyi ilə danışıqlar aparmaq modelini seçmişdi.
Nikol Paşinyan “9 noyabr günü Ermənistan üçün kapitulyasiya günü, məğlubiyyət günüdür və bu səbəbdən həmin gün mənim üçün görüş keçirmək ağırdır” deyərək onlayn görüşdən yayınanda da yalan danışırdı.
Onun əsas məqsədi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı danışıqlar prosesini kollektiv Qərbin inhisarına vermək, Fransa ilə ABŞ-ı prosesə birbaşa daxil etmək idi.
Ermənistanı “dost və qardaş ölkə” adlandıran Fransanın son vaxtlardakı ifrat aktivliyi, fransız deputatlarına açıqlamaları, Ermənistan parlamentinin spikeri Alen Simonyanın Fransa Senatında “çoxdan gözlənilən əziz qonaq” qismində qarşılanması, Avropa Birliyinin çox müəmmalı və qarışıq “sülhməramlı təşəbbüs”lərlə cəhdləri, qarabağlı ermənilərin “hüquqları və haqları”ndan sürəkli bəhs etməsinin şahidi olduq.
Kollektiv Qərb ölkələri arasında 44 günlük Vətən Müharibəsi günlərində və indi adekvat mövqe nümayiş etdirən əsas dövlətlər Britaniya ilə İtaliyadır.
Ermənistana tam, aşkar və açıq siyasi dəstək verməsinə, erməni diaspor təşkilatlarını isterik cəhdlərinə rəğmən istər Vaşinqton, istər də Brüssel münaqişənin yekun həlli, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün faktiki olaraq heç nə etməyiblər, etmirlər də.
Rusiya isə soyuqqanlı, praqmatik mövqe tutaraq Cənubi Qafqazdakı proseslərə real təsir imkanlarına malik dövlət olduğunu bir daha sübut edir.
İndi çözümündə Moskvanın aktiv vasitəçilik etdiyi iki problem var: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur nəqliyyat dəhlizinin istifyadəyə verilməsi.
Bu iki ciddi problemin həlli istiqamətində konkret addımların atıldığı bir zamanda Nikol Paşinyan əldə edilmiş razılaşmaları qulaqardına vurmaqla yanaşı, Moskvanı aldadaraq Brüsselə üz tutdu və Avropa Birliyini vasitəçiliyə dəvət etdi.
Eyni zamanda o, Bakının rədd etdiyi və tarixin zibilliyinə atdığı ATƏT-in Minsk Qrupunu reabilitasiya etmək, prosesə qaytarmaq üçün Brüsseldən aldığı göstərişləri yerinə yetirməyə başladı.
Vladimir Putin isterik, idiotizmə qapılması ilə fərqlənən, diplomatiyanın və ümumiyyətlə, diplomatik etiketin nə olduğunu bilməyən N.Paşinyanın belə davranışından təbii ki, çox narazıdır.
Xüsusilə də Paşinyanın danışıqları Brüssel formatına keçirmək cəhdləri Moskvanın səbr kasasını doldurub.
Vaşinqton və Brüssellə separat danışıqlar aparan, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində Rusiyanın moderator vasitəçilik və dominant tərəfdaş statuslarından məhrum etməyə çalışan Nikol Paşinyan bu gün Soçidə daha bir diplomatik dərs alacaq.
Amma anlayacaqmı?
Çətin.
Rusiyanın isə səbri hüdudsuz deyil.