Soçi görüşü: Ermənistanın üzərinə məcburi öhdəlik qoyulacaq – ŞƏRH
Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Soçidə masaya əyləşəcək.
Bu, 10 noyabr bəyanatından sonra ikinci görüşdür, xatırladaq ki, müharibədən sonra ilk görüş bu ilin 11 yanvarında Moskvada baş tutmuşdu.
Soçi görüşü vacibdir, bu vaciblik liderlərin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünü formal hala gətirir.
Bununla belə, Brüssel görüşü Soçi görüşünün davamıdır. Yəni Brüssel görüşünün prelüdiyası Soçidə hazırlanacaq.
Soçidə razılaşdırılacaq məqamlar Brüsseldə Qərbin maraqları ilə uzlaşdırılacaq.
Soçi görüşü sərhəd insidentlərinə son qoymaq üçün yeni sənədi ərsəyə gətirəcək və ya ən azından şifahi razılaşma olacaq.
Ehtimal vermək çətin deyil ki, Soçi görüşündə dəhliz mübahisəsinə son qoymaq üçün Ermənistanın üzərinə sülhəməcburetmə prosesinin tərkib hissəsi olan məcburi öhdəlik qoyulacaq. Söhbət ondan gedir ki, dəhlizin Ermənistandan keçən hissəsinin inşası işləri sürətləndirilməsi məsələsi danışıqların predmeti olacaq.
Koridorun açılması üçün qrafik tərtib edilməsi ehtimalları da yüksəkdir. Çünki dəhliz faktoru Rusiya üçün də, Türkiyə üçün də, Qərb üçün də, hətta Çin üçün də aktuallıq kəsb edir.
Ermənistanın isə dirəniş göstərmək və hansısa formada şərt irəli sürmək üçün nə hərbi resursu, nə siyasi iradəsi mövcuddur.