22 Noyabr 2024

Ermənistanın siyasi gündəliyini Azərbaycan formalaşdırır

Noyabrın 26-da Soçidə Rusiyanın vasitəçiliyi ilə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş işğalçı dövlətin reallıqlarla barışmasının, ölkəmizin diktə edən tərəf olmasının təsdiqidir

Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.

Ölkə Prezidenti İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu məsələ dayanırdı ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səylər göstərildi. Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunan 2003-2020-ci illərdə görülən işlər 30 ilin işğalına 44 gündə son qoyulması ilə nəticələndi. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də bizim təcrübəmizi öyrənirlər. Bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq.

Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.

Müharibədə asan qələbə olmur. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Bu Zəfərin Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara­dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za­man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Nəticədə 30 ilin işğalına 44 gündə son qoyuldu. Erməni vandalları layiq olduqları cəzanı aldılar.

Təbii ki, bu şanlı Qələbəyə gedən yolun möhkəm təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildi­rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı. Cənab İlham Əliyevin postmünaqişə dövründə Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi jurnalistin «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabı dövlət başçısının istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə nümayiş etdirdiyi qətiyyətin, təmkinin aydın ifadəsini yaratdı. «Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır.» Cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir. Dünya bu gün, eyni zamanda, müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlət başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış islahatlar kursunu uğurla həyata keçirən ölkə Prezidentinin inkişafın bütün sahələrini əhatə edən Zəfər yürüşü uğurla davam edir. Ölkəmizin həyatında başlayan yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Oktyabrın 25-də Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilanda “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olan və “Dost Aqropark”ın təməlqoyma mərasimində iştirak edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük: “Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər.”

Tarixi Zəfərimizə, postmünaqişə dövrünün reallıqlarına nəzər salmağımız təbii ki, səbəbsiz deyil. Azərbaycan istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə işğalçı Ermənistana təkmil sülh modelini təklif edib. Bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşündə də iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması məsələləri müzakirə olunaraq əsas məsələ- sülh müqaviləsinin imzalanması diqqətə çatdırılmışdır. Ermənistan bu təklifin qarşılığında təxribatlarını, sərsəm bəyanatlarını davam etdirməklə nəyəsə nail olacağını düşünsə də, hər halda 44 günün “Dəmir yumruq” əməliyyatından aldığı dərsi unutmamalıdır. Azərbaycan dövləti üçtərəfli Bəyanatın imzalandığı gündən bu bəyanatla çıxış etdi ki, hər kəs yeni reallıqlarla barışmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib. Məlumatda o da bildirilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçımız tərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağı bildirilir.

Onu da qeyd edək ki, noyabrın 26-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə görüş keçiriləcək. Bu görüş siyasətçilər, politoloqlar tərəfindən 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müzəffər Ordumuzun Zəfəri nəticəsində yaranmış reallıqların qəbul edilməsi kimi dəyərləndirilir. Bu baxımdan ki, son bir ildə Ermənistanın ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq təxribatlar törətməsi, Dağlıq Qarabağ münaqişəsinin guya həll olunmaması ilə bağlı sərsəm bəyanatlar səsləndirməsi məlum olaylardandır. Hadisələrin gedişi göstərir ki, Ermənistan nə qədər belə cəhdlərlə diqqətdə olsa da bu məqamı da unutmur ki, artıq qalib ölkə kimi diktə edən tərəf Azərbaycandır. İşğalçı dövlət istər 10 noyabr Bəyanatında, istərsə də 11 yanvar üçtərəfli görüşdə qarşıya qoyulan vəzifələri, götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Soçi görüşü bu kimi məqamlara bir daha işıq salacaq. 44 günlük Vətən müharibəsində Azərbaycanın istər döyüş, istərsə də informasiya cəbhəsində üstünlüyü necə Ermənistanı 10 noyabr üçtərəfli Bəyanatı imzalayıb kapitulyasiyasını etiraf etmək məcburiyyətində qoydusa, Ermənistanın baş naziri Nikol Paşinyanın 26 noyabrda danışıqlar masasına gətirilməsi də bir illik təxribatlarının, sərsəm bəyanatlarının Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasəti nəticəsində lazımi səviyyədə cavablandırılması fonunda geri çəkilməsi kimi qəbul edilməlidir. Paşinyanın danışıqlar masasında oturmağa məcbur olması, eyni zamanda, bu günlərdə sosial şəbəkədə mətbu orqanların suallarını cavablandırarkən etirafları regiondakı reallıqları qəbul etdiyinin təsdiqidir. Soçi görüşünün Rusiyanın vasitəçiliyi ilə baş tutacağı da özündə bir çox məqamları ehtiva etməklə yanaşı, bugünədək yaranan suallara da cavab olacaq. Bugünümüzün reallıqlarına söykənərək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik – sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb… Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir – istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.