Kinoteatrlarda Azərbaycan dilinə hörmətsizlik

Ekspert: “Filmlərin rus dilində səsləndirilməsi yolverilməzdir”
İri ticarət mərkəzləri açılandan bəri insanların ən çox üz tutduğu məkan kinoteatrlardır. Xüsusilə də, “Mall”arda fəaliyyət göstərən bu kinoteatrlara valideynlər övladları ilə gəlirlər. Əllərində “popkorn”, müxtəlif içkilərlə animasiyalara maraq göstərən balacalar üçün bura ən xoş əyləncə sayılır. Sərt karantin rejiminin tətbiq olunduğu dövrdə də insanların daha çox arzuladığı o idi ki, yenə də kinoteatrlar açılsın. Əlbəttə, insanların əyləncəsi baxımından bu, müsbət haldır. Narahat doğuran məqam isə burada nümayiş olunan filmlərin, animasiyaların ana dilimiz -Azərbaycan dilində deyil, rus dilində səsləndirilməsidir.
Bəli, filmlər rus dilində səsləndirilir, alt yazı olaraq isə kiçik hərflərlə Azərbaycan dilində tərcüməsi verilir. Ən pisi isə odur ki, bu alt yazılar da “hərfi” mənada tərcümə edilir, internetdə olan tərcümə proqramlarının mətnlərinə bənzəyir. Cümlələr yarımçıq, deyilənlə eyni mənanı ifadə etmir. Bir sözlə, kinoteatra daxil olarkən böyük məyusluq hissi keçirirsən, və düşünürsən. Necə olur ki, Azərbaycanda yaşayırsan, öz doğma dilində filmə baxa bilmirsən? Bir anlığa özünü başqa bir ölkədə sanırsan. Hələ bu azmış kimi, övladlarımız da burada filmlərə baxır. Burada “Ana dilini qoruyaq” devizi yada düşür, görəsən, bu kimlər üçün nəzərdə tutulub?
Bizimlə söhbətdə Bakı Dövlət Universitetinin professoru, “AZLEKS” elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli mövzunu belə şərh edib: “İri ticarət mərkəzlərində müəyyən animasiyaların, xırda filmlərin, audiovizual materialların nümayiş etdirilməsi yaxşı haldır. Arzu olunardı ki, burada təkcə reklam, kommersiya məqsədi ilə deyil, həm də müəyyən sosial yönlü, sosial xarakterli çarxlar verilsin. O ki qaldı, filmlərin, animasiyaların rus dilində səsləndirilməsinə, hesab edirəm ki, bu yol verilməzdir.
Proses əksinə olmalıdır, yəni əsas dil, səsləndirmə Azərbaycan dilində olmalıdır. Ehtiyac varsa, gərək varsa, orada rus, ingilis dilində alt yazılar verilə bilir. Mənə elə gəlir ki, buna məsuliyyəti birbaşa həmin ticarət mərkəzinin rəhbərləri daşıyır. Çünki onların alıcılarının 95 faizi Azərbaycan vətəndaşlarıdır. Əgər tutaq ki, xarici dildə danışan, xarici müştərilər varsa, onlar üçün də çox qısa roliklər verilə bilərlər. Amma tamamilə bunu rus dilinin üzərində qurmaq yanlışdır və hesab edirəm ki, bununla bağlı ciddi düşünmək və tədbir görmək lazımdır. O ki, qaldı, həmin alt yazılarda Azərbaycan dilinin qaydalarının pozulması məsələsinə, bu da bir problemdir. Onlar qazandıqları pullardan verib, Azərbaycan dilində bilən mütəxəssisə redaktə etdirə bilərlər, bunu etmirlər. Yaxud normal bir tərcüməçiyə versələr, o qədər də mürəkkəb, böyük mətnlər deyil. Onları tərcümə edib, normal şəkildə verə bilərlər. Hər şey dilə sevgi ilə bağlıdır, bu olmayanda nöqsanlar ortaya çıxır. Hesab edirəm ki, bunların qarşısı qətiyyətlə alınmalıdır. Ana dilinə, yaşadığın ölkənin qanunlarına hörmət eləmək lazımdır”. Məsələ ilə bağlı Bakıda iri ticarət mərkəzləri ilə əlaqə saxladıq. Bəziləri bu məsələyə cavab verməkdən yayındı.
“Gənclik Mall” ticarət mərkəzində fəaliyyət göstərən “Cinema Plus” kinoteatrından isə sualımıza cavab aldıq. Kinoteatrın təmsilçisi bizimlə söhbətdə bildirdi ki, Azərbaycanda həmin filmləri dublyaj etmirlər: “O filmlər bizə Azərbaycan dilində gəlmir. Biz buna məsuliyyət daşımırıq. Bu, filmləri dublyaj edən şirkətlərin məsuliyyətidir. Ola bilər ki, televiziyalar üçün dublyaj edirlər, amma belə şirkətlər bizimlə əlaqə saxlamırlar. O ki qaldı, tərcümədə qüsurların olmasına, çalışırıq ki, ən yaxın tərcümə olsun. “Google translate”dən tərcümə etməmişik. Rus dilində, ingilis dilində elə frazeoloji birləşmələr var ki, Azərbaycan dilinə tərcümə edəndə hansısa proqramın etdiyi kimi görünür. Amma belə deyil”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”