12 noyabr Konstitusiya günüdür
Azərbaycanın əsas qanunu sayılan konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib
Bu gün Azərbaycan Respublikasının Konstitusiya günüdür. Azərbaycan Respublikasının əsas qanunu sayılan konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ilk konstitusiyası idi.
Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşürdü.
Azərbaycanın birinci konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdi. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdu. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni konstitusiyanın hazırlanması zərurəti yarandı.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Həmin gün eyni zamanda müstəqil Azərbaycanın ilk Milli Məclis seçkisi də keçirildi.
Azərbaycanın yeni konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158(164) maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya günü elan edilib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”