Vergilərlə bağlı yeni qaydalar gəlir – parlamentdə müzakirə
Dövlət büdcəsi 65 milyon manat artacaq, vətəndaşın da qazancı var; iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir, yeni hibrid mühərrikli nəqliyyat vasitələri isə idxalda ƏDV-dən azad olunacaq
Noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda deputatlarla yanaşı, Dövlət Vergi Xidmətinin rəhbər şəxsləri də iştirak edirdi. Komitə sədri Tahir Mirkişili iştirakçıları, o cümlədən Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlini salamladı, daha sonra gündəliyi elan etdi. Gündəlikdə Vergilər Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, o cümlədən bu dəyişikliklərdən irəli gələn bir sıra məsələlər var. Bildirdi ki, ötən illər ərzində vergi sistemində vətəndaşların inam və etibarının artırılması ilə bağlı xeyli irəliləyişlər əldə olunub. Eyni zamanda vergidən yayınmaların aradan qaldırılması istiqamətində də kifayət qədər işlər görülüb. Pandemiya dövründə sahibkarlığa edilən güzəştlər də iş adamlarına əlavə imkan yaradıb. Komitə sədri keçən 9-10 ay ərzində vergi yığımında artımların olduğunu da müsbət hal kimi qeyd etdi. T.Mirkişili bildirdi ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyi proqnozlaşdırılır. Bununla bağlı qarşıda həlli vacib olan məsələlər də var.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxışında bildirdi ki, təklif olunan dəyişikliklərlə bağlı dövlət büdcəsində 65 milyon manatdan çox artım gözlənilir.
Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə dəyişikliklər haqqında təqdimat verdi. Qeyd etdi ki, dəyişiklik əsasən, 5 blok üzrə müəyyənləşdirilir. Bu sırada kölgə iqtisadiyyatına mübarizə tədbirləri də daxildir. N.İmanov qeyd etdi ki, iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir. Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. Belə ki, məcəllənin müvafiq maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək. Mühərrikin həcmi 3000 kubsantimetrədək, istehsal tarixi 3 ilədək olan avtomobillər üçün rüsumlar artırılacaq. Ancaq N.İmanov qeyd etdi ki, ölkəyə daxil olan nəqliyyat vasitələrinin 90 faizi mühərrikin həcmi 2 min kubsantimetrdən aşağıdır.
Gips və gəc məhsulları ilə bağlı ilə də vergilər nəzərdə tutulur. Eyni zamanda vergilərin bələdiyyələrə deyil, dövlət büdcəsinə köçürülməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir. Bununla belə, əmlak vergisi üzrə bəzi güzəştlərin ləğvi nəzərdə tutulur.
Hüquqi şəxslərdən ofşor zonalara köçürmələrlə bağlı 10 faizlik vergi nəzərdə tutulsa da, fiziki şəxslərə vergi tətbiq olunmur. Bu mənada fiziki şəxslərə də vergilərin tətbiqi istiqamətində dəyişiklik təklif edilir.
Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə və qazilərə verilən 10 min manatadək vəsaitin vergidən azad edilməsi nəzərdə tutulur.
Dəyişikliklərdə tütün məhsullarına tətbiq olunan aksiz dərəcələrinin artımı məsələsi nəzərdə tutulur. Bu barədə Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirdi. Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1 000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur. Bununla yanaşı, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşir. Dəyişikliyə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 10000 manatadək olan hissəsi gəlir vergisindən azad olunması nəzərdə tutulur. Həmçinin Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldən olunan gəlirin vergidən azad olunması nəzərdə tutulur. Kitabların ƏDV-dən azad edilməsi məsələsi də dəyişikliklərdə nəzərdə tutulur.
Bundan əlavə, ofşor zonalarla bağlı da qanunvericiliyə dəyişiklik təklif edilir. Belə ki, hazırda hüquqi şəxslərdən ofşor zonalara köçürmələrlə bağlı 10 faizlik vergi nəzərdə tutulsa da, fiziki şəxslərə vergi tətbiq olunmur. Bu mənada fiziki şəxslərə də vergilərin tətbiqi istiqamətində dəyişiklik təklif edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli vergi dəyişiklikləri ilə bağlı müzakirələrdə çıxış edərkən bir sıra təkliflərini səsləndirdi. Qeyd etdi ki, müalicə məqsədilə xaricə üz tutan vətəndaşlardan 40 min manatadək vəsaitə görə vergi tutulması anlaşılan olmaz. Deputat bir müddət əvvəl həmkarı Əhliman Əmiraslanovla birgə ciyər köçürməsi ilə bağlı bir vətəndaşa yardım etdiklərini, bununla bağlı 50 min manat vəsaitin tələb olunduğunu xatırlatdı. Bildirdi ki, yeni qaydalar tətbiq olunsa, yardım kampaniyasında iştirak edən tərəf üstəlik vergi də verəcəyini düşünüb, çəkinə bilər. Ona görə də Ə.Məsimli vergi tətbiq olunacaq vəsaitin 40 min manatdan 50 min manatadək qaldırılmasını təklif etdi.
Daha sonar Ə.Məsimli torpaqlarla bağlı vətəndaşların narahatlığından bəhs etdi. Bildirdi ki, kimsə sosial yardım almaqla əlaqədar torpağı adından çıxaranda böyük məbləğdə vergilər tələb olunur. Bu məsələ ilə bağlı da vətəndaşların mövqeyini nəzərə almağı xahiş etdi.
“20 il ərzində ”n” sayda dəyişikliklər edilmiş vergi qanunvericiliyi 2030-cu ilədək prioritet rolunu oynaya bilməz. Ona görə də yeni Vergi Məcəlləsi hazırlanmalıdır”, Ə.Məsimli bildirdi.
Deputat Vahid Əhmədov bir sıra vacib məqamlara toxundu. Bildirdi ki, Mikayıl Cabbarovun təyinatından sonra vergilər sistemində xeyli mütərəqqi dəyişikliklərin şahidi olub: “Vaxtilə sahibkarları ayın axırında məcbur edirdilər ki, filan qədər vəsait ödəsinlər, indi belə hal yoxdur”. V.Əhmədov qeyd etdi ki, bu dəyişikliklərdə 65 milyon manatlıq əlavə büdcə vəsaitlərindən söhbət gedir. Bununla yanaşı, deputat vətəndaşların marağına xidmət edən dəyişikliklərdən də bəhs etdi. Bildirdi ki, vətəndaşlarımıza 20 milyonluq güzəştdən də söhbət gedir: “Təklif olunan dəyişikliklərdə vətəndaşlara 20 milyonluq güzəştdən söhbət gedirsə, bunu cəmiyyətə çatdırmaq lazımdır”.
V.Əhmədov Vergi Məcəlləsinin yenidən işlənməsini istədi və bildirdi ki, “bu, bizim ən yaralı yeridir”. Deputat yerli əhəmiyyətli tikinti materiallarına tətbiq olunan vergilərin bələdiyyələrdən alınıb, dövlət büdcəsinə verilməsindən bəhs etdi. Bildirdi ki, bu mövzu ona yaxşı tanışdır: “Burada kifayət qədər rüşvət, korrupsiya elementləri var, icra hakimiyyətlərinin də maraq dairəsindədir. Amma dəyişikliyi elə etməliyik ki, bələdiyyələr də öz gəlirlərini itirməsinlər”.
Deputat qeyd etdi ki, ölkədə vergidən yayınma halları kifayət qədər genişdir. İnsanlar çalışırlar ki, daha az vergi ödəsinlər.
V.Əhmədov ƏDV-nin ləğv olunacağı ilə bağlı yanlış olaraq məlumat yayıldığını qeyd etdi. Eyni zamanda bildirdi ki, ilk dəfə olaraq tibb sahəsində ƏDV tətbiq olunacaq. Amma deputat ölkə daxilində 10 min, xaricdə 40 min manatlıq müalicə xərclərinə görə vergi tutulmasını düzgün saymadı. Dedi ki, insanlar sağlamlığı üçün kifayət qədər vəsait xərcləyir.
“Niyə biz bütün məhsullara 18 faizlik ƏDV tətbiq etməliyik? Avtomobilə də, qida məhsuluna da, geyimə də 18 faizlik ƏDV tətbiq olunur, niyə belə olmalıdır? Xarici ölkələrdə 6-8 faiz olanlar da var, 26 faiz olanlar da. Ona görə də xahiş edirəm ki, mənim, Əli Məsimlinin və Ziyad Səmədzadənin bununla bağlı irəli sürdüyümüz bu təklifə baxılsın”, deputat əlavə etdi.
V.Əhmədov nağdsız ödənişlərlə bağlı narahatlığın olduğunu da qeyd etdi. Eyni zamanda dedi ki, ölkədə kölgə iqtisadiyyatı ilə mübarizə istəniln səviyyədə getmir.
Ümumilikdə isə deputat layihəni müdafiə etdi.
Komitə sədri Tahir Mirkişili də razılaşdı ki, yeni Vergi Məcəlləsinin hazırlanmasına ehtiyac var. Qeyd etdi ki, bu il artıq gecdir, amma gələn il bununla bağlı addımların atılacağını gözləyir.
Deputat Ziyad Səmədzadə təklif edilən güzəştləri təqdir etdi. O, çap məhsullarının ƏDV-dən azad edilməsini mütərəqqi addım saydı. “Kitablar var ki, 5-6 manata almışdım, indi qiyməti dəfələrlə artıb. Nə qədər kitab mağazaları bağlandı”, deyə, deputat əlavə etdi.
Z.Səmədzadə dedi ki, dövlətə hədiyyə edilən əmlakdan vergi tutulmaması ciddi hadisədir. Onsuz da Bakıda tikilən binaların başına nə oyun açıblar. Eyni zamanda yeni dəyişikliklərlə kölgə iqtisadiyyatı xeyli dərəcədə azaldılacaq: “Bu, tarixi dəyişiklikdir. Qanun layihəsində kifayət qədər müsbət məqamlar var, xahiş edirəm ki, media bu iqtiqamətləri cəmiyyətə düzgün çatdırsın”.
Z.Səmədzadə ölkə daxilində istehsalı stimullaşdırmağa çağırdı: “Bizdə avtomobil zavodu var idi, bağlandı. Yaxud Şamaxıda kondisioner zavodur var idi. Mənim 20 il əvvəl aldığım kondisioner hələ də bağda işləyir”.
Deputat Vüqar Bayramov səyyar vergi yoxlamaları ilə bağlı təkliflərini səsləndirdi. Eyni zamanda sahibkarlarla vergi əməkdaşlarının təmasının çox olmasının neqativ hallara səbəb ola biləcəyini vurğuladı.
V.Bayramov ardınca çox ciddi məsələyə diqqət çəkdi. Bildirdi ki, avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. “Əgər biz avtomobil parkının köhnəlməsinin qarşısını almaq istəyiriksə, onda yeni istehsal olunan avtomobillərə vergi güzəştləri tətbiq olunsun. Bu halda yeni avtomobillərin idxalı baş verəcək ki, avtomobil parkı köhnəlməyəcək”, deputat vergi xidmətinin rəhbərliyinə xitabən bildirdi.
Komitə sədri Tahir Mirkişili V.Bayramovun avtomobil parkının köhnəlməsi ilə bağlı narahatlıqları bölüşdüyünü bildirdi. Qeyd etdi ki, əksər ölkələrdə köhnəlmiş, istifadəyə yararsız, hətta bir neçə avtomobilin hissələrindən yığılmış avtomobillərin ölkəmizə gətirilməsi halları baş verir və biz bunun qarşısını almaq istiqamətində düşünməliyik.
Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov çox mühüm yenilikdən bəhs etdi. Bildirdi ki, qanunvericiliyə təklif olunan dəyişikliklər qəbul olunarsa, tibbi xidmətlərə görə əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkün olacaq.
Deputat Məşhur Məmmədov xüsusilə də balıq yetişdirən sahibkarlara güzəştlərin edilməsini zəruri saydı. Bildirdi ki, bu, ölkədə balıq istehlakını artıra, yeni iş yerlərinin yaradılmasına rəvac verə bilər. Bununla yanaşı, o, kiçiktutumlu ticarət obyektlərinə vergi güzəştləri edilməsini təklif etdi.
Azərbaycana gətirilən avadanlıqlar üçün gömrük rüsumu və ƏDV ödənilir: “Hər avadanlıq dörd yeni iş yeri deməkdir. Ona görə də Azərbaycanda istehsal sahələrinin, iş yerlərinin artırılması üçün güzəştlər tətbiq etməliyik”.
Deputat Aydın Hüseynov bu kimi müzakirələrin sahibkarlara, mediaya, ümumilikdə ictimaiyyətə açıq olmasını faydalı saydı.
Deputat İqbal Məmmədov kənd təsərrüfatı ilə bağlı güzəştlərin nəzərdə tutulmasını təklif etdi, həmçinin gələcəkdə ƏDV ilə bağlı dinləmələr keçirilməsini zəruri saydı.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisdəki müzakirələrdə Vegi Məcəlləsinin hazırlanması ilə bağlı təkliflərlə bağlı dedi ki, artıq bu istiqamətdə prosesə başlanılıb.
Gəlir bəyannaməsinin tətbiq olunması barədə deputatların fikirlərinə gəldikdə, Vergi Xidməti rəisi qeyd etdi ki, adətən gəlir bəyannaməsi tətbiq olunmazdan əvvəl iqtisadi amnistiya tətbiq olunur. Amma onun sözlərinə görə, indiki halda ölkədə iqtisadi amnistiya olmadığı halda, gəlir bəyannaməsinə keçid effektiv olmaya bilər.
Məsələnin vəzifəli şəxslərdən başlamasına gəldikdə, O.Nəzərli qeyd etdi ki, vəzifəli şəxslər də əmlaklarını qohumları, dostlarının adına keçirə bilər, bu da effektiv olmaya bilər. Amma ümumilikdə bu təklif biz tərəfdən də dəstəklənir. Xidmət rəhbəri qeyd etdi ki, tütün məhsullarına aksiz dərəcələrinin artırılması nəticəsində hər qutu siqaretin qiyməti 2,40 AZN-dən 2,64 AZN-dək qalxacaq. Xidmət rəisi dedi ki, zərərli vərdişə görə tətbiq olunan aksiz vergilərdən əldə olunan vəsait tibbi sahəyə yönəldiləcək.
İclasın yekununda çıxış edən komitə sədri Tahir Mirkişili bildirdi ki, vergi dəyişiklikləri sosial əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu dəyişikliklərdə məqsəd həm də şəffaflıq prosesinin təkmilləşdirilməsindən ibarətdir.
Bundan sonra qanun layihələri plenar iclasa təklif edildi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”