22 Noyabr 2024

Türkiyə Cənubi Qafqazdakı rolunun “pasportunu aldı”

Ərdoğanın Bayden və Makronla altılıq platformasını müzakirə etməsi həm də regiondakı rolunu rəsmiləşdirməsi deməkdir…

İtaliyada keçirilmiş G-20 sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlərində  müzakirə mövzularından biri də Cənubi Qafqazdakı vəziyyət oldu. Ərdoğan həm amerikalı, həm də fransalı həmkarları Co Bayden və Emmanuel Makronla Cənubi Qafqazda altılıq platforması ideyasını müzakirə etməklə bu regiondakı rolunu rəsmiləşdirdi, əsas oyunçulardan biri olduğunun, necə deyərlər, “pasportunu aldı”.

Məlumdur ki, liderlərlə görüşdə bölgədə altıtərəfli platformanın yaradılması da gündəmə gəlib. Ərdoğan Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razılaşarsa, regionda dayanıqlı və təminatlı sülh platforması yaradılacağını bildirib. “İndi Cənubi Qafqazda müsbət addımlar atılır və Azərbaycan Prezidenti İlham Əliyev bu addımları qətiyyətli şəkildə davam etdirmək istəyir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Ərdoğan bildirib ki, bu məsələni Fransa prezidenti Emmanuel Makronla müzakirə edib: “Görüş zamanı ”altılıq” plaformasının yaradılması da gündəmə gəlib. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan bu formatda yer ala bilər. Əgər onlar bu təklifi qəbul etsə, orada bir sülh platforması yaratmış olacağıq”.

Altıtərəfli formatın ABŞ və Fransa liderləri ilə müzakirə edilməsi təsadüfi deyil. Bu ölkələrin Cənubi Qafqazda öz maraqları var. Hər iki ölkə həm Ermənistana, həm Gürcüstanla yaxın əlaqələrə malikdir. Vaşinqtonun da, Parisin də Tiflisə və İrəvana təsir mexanizmləri var. Ərdoğan dedi ki, Gürcüstanın bəzi tərəddüdləri var. Söhbət yəqin ki, Rusiya ilə münasibətlərdən gedir. Belə görünür ki, Türkiyə Cənubi Qafqazda 6-lıq formatının yaradılmasında çox maraqlıdır. Bəs həm ABŞ-ın, həm Fransanın prezidentləri bu formatın yaradılmasında maraqlıdırlarmı? İran və Rusiyanın yer aldığı formatın yaradılması, regionda möhkəmlənməsi  ABŞ və Fransanın marağındadırmı?

murad.jpg (46 KB)

 Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidenti görüşlərdə Cənubi Qafqazda 3+3 formatlı əməkdaşlıq platformasının yaradılmasının vacibliyi ilə bağlı net mövqeyini ortaya qoydu: “ABŞ-ı və Fransanı bu formatda əməkdaşlığın reallaşması qane etmir. O cümlədən Türkiyə Prezidentinin bu məsələdə qətiyyətli mövqe ortaya qoymasından da ABŞ və Fransa razı deyil. İlk növbədə burada İranın yer alması Amerikanı narahat edir. Bu formatın reallaşmaması üçün Fransa və ABŞ-dan əsasən Gürcüstana təsir etmək cəhdləri var və bu cəhdlər olacaq. Lakin Gürcüstanın elə böyük resursları yoxdur ki, Türkiyənin, Azərbaycanın, Rusiyanın, Türkiyənin maraqlarına zidd olan addımı ABŞ-ın və ya Fransanın göstərişi ilə atsın. Qərbin Gürcüstana təsir mexanizmləri zəifləyəcək. Qərb üçün burada bir çıxış yolu var. Amma Qərb bu yolu qəbul eləmək istəmir. Qərb xüsusilə ABŞ və Fransa NATO çərçivəsində öz müttəfiqləri olan Türkiyə vasitəsilə regiona təsir edə bilər. Amma Vaşinqton və Paris bu mexanizmdən yayınmağa çalışır. Qərb regiondakı müəyyən proseslərə zəif Gürcüstan vasitəsilə təsir göstərmək istəyir. Ona görə də Qərbin bu siyasətinin perspektivini görmürəm”.

M.Sadəddinovun sözlərinə görə, Fransa və Amerika onu da bilir ki, altılıq formatının reallaşması ATƏT-in Minsk Qrupu formatını tamamilə sıradan çıxarır: “Təəssüflər olsun ki, bizim əksər siyasi analitiklərimiz məsələnin bu tərəfini yaddan çıxarıblar. Biz bir il öncə düşünürdük ki, bu Minsk Qrupundan necə uzaqlaşaq. Bu 30 illik zərərli, mənasız formatdan uzaqlaşmaq üçün üsullar axtarırdıq. 3+3 formatı Minsk Qrupunun Cənubi Qafqazdakı postmüharibə dövrünü tənzimləmə adı altında fəaliyyətinin üstündən xətt çəkə bilər. O ki qaldı 3+3 formatının yaranandan sonra işləyib-işləməməsinə, burada ortaya problemlər, maneələr çıxacaq. Ancaq hətta 3+3 formatı ciddi bir işlək mexanizmə çevrilməsə belə, buradakı dövlətlərin əməkdaşlıq platformasının rəsmən elan olunmasının özü çox ciddi bir hadisə olacaq. Bununla da təsdiqlənəcək ki, Cənubi Qafqazdakı problemləri, məsələləri məhz Cənubi Qafqazın üç ölkəsi və onlarla sərhəddə olan üç böyük ölkə birgə əməkdaşlıqla həll edəcəklər, kənar dövlətlərə burada yer yoxdur. Sual yaranır ki, nə üçün Türkiyə və Azərbaycan 3+3 formatını dəstəkləyir. Bu sualın da cavabı odur ki, Azərbaycan və Türkiyə regiondan kənar qüvvələri uzaqlaşdırmaq istəyirlər. Amma son anda çox ehtimalı ki, real işlək format 2+2 (Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan) əməkdaşlıq formatı olacaq. Azərbaycan Prezidenti də bir müddət öncə bəyan edib ki, bizim 2+2 formatımız da var. Bu format artıq son bir ildə işlədiyini, işləmək perspektivinin olduğunu göstərib. Çox ehtimal ki, əsas işlər məhz bu format çərçivəsində də həyata keçiriləcək. Hər bir halda artıq əminliklə söyləmək olar ki, Türkiyə Cənubi Qafqazdakı ”pasportunu alıb”. İstər 3+3 formatı olsun, istər 2+2 formatı hər bir halda Türkiyə bir güc kimi orada olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”