22 Noyabr 2024

“Sərhədlərin delimitasiyası 1921-ci ilin xəritəsi əsasında aparılsa, bu ərazilər Azərbaycana təhvil veriləcək” – AÇIQLAMA

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin hansı xəritəyə əsasən aparılması ilə bağlı hələlik razılıq yoxdur. Lakin qeyd edib ki, xəritənin müəyyənləşməsi üzərində üçtərəfli işçi qrupu müzakirə aparır.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı danışan siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qriqoryanın açıqlamasında diqqət çəkən əsas məqam 1920-ci illərin xəritəsinə istinad etməsidir:

“Ermənistan mediası sərhədin 20-ci ilin xəritələri əsasında aparılacağını yazmışdı. Qriqoryan bu informasiyanı təsdiqləmir, lakin əlavə edir ki, “Ermənistan və Azərbaycan SSR arasında sərhədin  demarkasiyası prosesi məhz 20-ci illərdə başladı və sonrakı xəritələr də o illərin məlumatlarına əsasən tərtib olunub. Və dərhal qeyd edir ki, 20-ci illərin xəritələrinin tamamilə Ermənistanın maraqlarına zidd olduğu fikri ilə razı deyil. Qriqoryanın açıqlaması Bakının 1920-ci illərin xəritələrinin əsas götürülməsi istəyində olduğundan xəbər verir”.

Siyasi şərhçi bildirib ki, hərçənd 1920-ci illərin xəritələrində Bakı və İrəvanın fərqli yanaşması olduğu istisna deyil:

“Ermənistan 1926-1929-cu ilin xəritələrinə əsasən delimitasiyasının aparılmasını istəyir. Bu illərdə Azərbaycan SSR-nin otlaq və əkin sahələri böyük ölçüdə Ermənistan SSR-yə verilib. Azərbaycan məhz 1921-cı ildə mövcud olan xəritə əsasında aparılmasını istəyir. Bu, Ermənistan SSR-yə otlaq sahəsi kimi verilən ərazilərin da qaytarılması ilə nəticələnə bilər.

Bəs söhbət hansı ərazilərdən gedir?

Asif Nərimanlı qeyd edib ki, bununla bağlı müxtəlif mənbələrə əsaslanan materiallar mövcuddur: “Misal üçün, 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistan SSR-yə verilib. Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qorçevan kəndi, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri də. Nəticədə Naxçıvanın ərazisi 5988 kvadrat kilometr azalıb. Bu, Türkiyə və Rusiya arasında 1921-ci ildə imzalanan Moskva və Qars müqaviləsinə də ziddir”.

“Sərhədlərin delimitasiyası 1921-ci ilin əsasında aparılarsa, Ermənistana qanunsuz verilən əkin və otlaq sahələrinin qaytarılmasına nail oluna bilər. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin bir qismi Azərbaycan sərhədlərinə daxil ediləcək” – deyə siyasi şərhçi fikirlərini tamamlayıb.

Media1.az