I Qarabağ müharibəsinin qazisi direktor Fəqani Əliyev tarixi qələbəmizə hamıdan çox sevinir
Bir il bundan öncə hamı ayaqdaydı. 28 ildən artıq torpaqlarımızın işğal altında qalması , ermənilərin sülh danışıqlarına məhəl qoymadan yeni ərazilər əldə etmək barədə elan etdikləri bəyanatlar hamılıqla xalqımızın səbr kasasını daşdırmışdı. Xüsusilə Tovuz hadisələri müharibənin başlanması üçün kulminasiya nöqtəsi oldu. General Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin şəhidliyi hər bir azərbaycanlının qəzəbini pik həddə çatdırdı. Ölkədə müharibəyə sosial sifariş yaranmışdı.Hamı silaha sarılıb, düşməndən intiqam tələb edirdi.
Prezident, Ali Baş Komandan milli iradənin yetkinliyindən, qətiyyətindən güc alaraq müharibə qərarına imza atmış oldu. Ermənilərin növbəti təxribatına cavab olaraq ordumuz hərbi əməliyyatlara başladı.
O günlər xalqımız üçün ağrılı,çətin olsa da sonunda zəfər gətirmiş oldu. Tarixə 44 günlük müharibə adı ilə düşən savaşda düşmən döyüş meydanında darmadağın edildi. 28 ildən artıq düşmən tapdağında olan torpaqlarımız, şəhərlərimiz erməni işğalından azad oldu. Və nəhayət noyabrın 8-zi Şuşanın azad edilməsi Azərbaycan tarixinə zəfər günü kimi yazıldı.
Zəfərə gedən yolun başlanğıcı isə heç şübhəsiz ki,sentyabrın 27-dən başlayır. Aradan ötən bir ili Bərdə şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin direktoru Fəqani Əliyevlə birgə xatırlamalı oluruq.
Onu da qeyd edək ki, Fəqani Əliyev I Qarabağ müharibəsinin iştirakçısıdır.93-95-ci illərdə ordu sıralarında vətənin müdafiəsində xidməti vəzifəsinin layiqincə yerinə yetirib. Xidməti vəzifəsini yerinə yetirərkən döyüşdə yaralanıb. Aldığı yaralanmaya görə Qarabağ qazisidir.
Sentyabrın 27-si günündən danışan həmsöhbətimiz bildirir ki, həmişə qələbə xəbərinin arzusunda olub. I Qarabağ müharibəsindəki məğlubiyyətimizlə barışa bilmirmiş.Ancaq bu günkü gündə qələbəmizin əldə olunması hamıdan çox onu sevindirir.Çünki, bu qələbədə onun şəhid olmuş döyüşçü yoldaşlarının da intiqam payı var. Onların da düşməndə qalan qisası alınıb.
Arxa cəbhənin təminatında da Fəqani Əliyev bacardığını edib. Mədəniyyət İdarəsində yaradılmış qərargahın üzvü olub. Cəbhəyə yardımların toplanıb, göndərilməsinin təşkilatçılarından olub.
Fəqani Əliyevin bildirdiyinə görə, məktəbdə musiqi təhsili almış şagirdlərindən biri Mustafaağalı kənd sakini Behbudlu Behbud şəhid olub. Şəhidin ailəsi ilə müntəzəm olaraq əlaqə saxlanılır.Anım günlərində həmin ailəyə baş çəkirlər.
Şəhidlərin xatirəsi 3 saylı Bərdə şəhər Uşaq Musiqi Məktəbində müntəzəm olaraq ehtiramla yad olunur. Qarşıdan gələn 27 sentyabr günündə də şəhidlərin xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulub.
Musa Muradlı