Emmanuel Makrona yenə şillə vurdular!
ransa xalqı ona qarşı qəddarlıq edən prezidentə yerini göstərdi
İyunun 8-də baryerin arxasındakı vətəndaşlarla görüşmək istəyən Fransa prezidenti Emmanuel Makron özünü irəli verdi. Qəfildən 28 yaşlı Damien Tarel adlı şəxs prezidentə şillə vurdu. Şillə atan kişi hazırda həbsdədir. O mənzərəni əks etdirən kadrlar isə hələ də İnternetdə dolaşır.
Sirr deyil ki, Türkiyə və Azərbaycanda bu olay sevinc hissi ilə qarşılandı. Bu da səbəbsiz deyildi. Emmanuel Makron hər fürsətdə erməniləri aşırı səviyyədə müdafiə edir və nümayişkaranə şəkildə bu iki qardaş ölkənin üzərinə yeriyirdi. Düzdür, bu demarşların Ermənistana elə bir xeyri olmadı. Ancaq Fransa prezidentinin həyasızlıq həddində sərgilədiyi davranış soydaşlarımızı ciddi şəkildə məyus etdi. Hətta bəziləri deyirdi ki, Fransa kilsələrin təmiri üçün Azərbaycandan pul alır, dəstək vermək lazım gələndə isə Ermənistana tərəf dururlar.
Ancaq Damien Tarelin şilləsi başlanğıc idi. İyunun 20-də bütün Fransa əl-ələ verib Emmanuel Makrona elə bir şillə ilişdirdi ki. Bu şillənin əks-sədası bütün dünyada eşidildi.
Məsələn, nüfuzlu “The Economist” nəşri bu məsələ ilə bağlı hazırladığı reportajı “Another slap in the face” (Üzə vurulina ikici (başqa bir) şillə) adlandırması heç də təsadüfi deyildi.
Söhbət ondan gedir ki, korona pandemiyasına görə 3 dəfə təxirə salınan seçkilər axır ki, keçirildi. Fransada yerli orqanlara 6 il öncə keçirilən seçkilərdə əhalinin 49 faizi iştirak etmişdi. Budəfəki seçkiyə isə cəmi 33 faiz qatıldı. Ən önəmlisi isə odur ki, Fransa prezidentinin rəhbərlik etdiyi “En Marş” (Emmanuel Makronla irəli anlamını verir. E.H.) partiyası cəmi 10.9 faiz səs toplayıb. Özü də bu səsi təkbaşına yox, “Demokratik Hərəkat” və “Hərəkət elə” partiyası ilə birlikdə qazanıb. Fransanın 13 bölgəsində keçirilən seçkinin heç birində prezidentin partiyası qalib gəlməyib. Hətta iyunun 27-də keçirilən seçkinin ikinci turuna qatılmaq üçün gərəkən 10 faizlik baryeri belə 3 bölgədə keçə bilməyib. Prezidentin partiyasının məsul şəxsi Stanislas Qerini bəyan edib ki, “seçkinin nəticindən dolayı partiyada məyusluq hökm sürür”.
Bu isə o deməkdir ki, Emmanuel Makron növbəti prezident seçkisində (2022) biabırçı məğlubiyyətlə üzləşəcək. Maraqlıdır ki, Emmanuel Makronun partiyası da bu nəticəni üzlərinə çırpılan şillə kimi dəyərləndirib.
İslam düşməni kimi tanınan Emmunuel Makronun bu günə düşməsində səbəbi nədir?
Heç şübhəsiz ki, prezidentin nüfuzdan düşməsində bu amil də önəmli rol oynayıb. Xatırladım ki, Avropada ən çox müsəlman məhz Fransada yaşayır. Bəzi məlumatlara görə, Fransada yaşayan müsəlmanların sayı 10 milyon nəfər civarındadır. 2020-ci ilin oktyabrında Fransa prezidenti İslama qarşı səlib yürüşünə qalxdı. O, “Fransada radikal islamı məhv edəcəyini” bildirdi. O vaxt Türkiyə prezidenti Tayyib Ərdoğan “ Makron deyir ki, islam böhran içindədir. Özü də o, bu sözləri müsəlmanların çoxluqda olduğu bir şəhərdə deyir. Bu, orada yaşayan müsəlmanlara qarşı hörmətsizlikdir və açıq bir provokasiyadır”. Ankaradakı çıxışında isə Türkiyə prezidentinin “Makronun İslamla nə problemi var? Onun müsəlmanlarla nə problemi var? Ruhi xəstə olan Makronun müalicəyə ehtiyacı var”, deməsi beynəlxalq miqyasda geniş rezonans doğurdu. Pakistanın Baş naziri İmran Xan da cənab Ərdoğana dəstək verdi.
“Twitter” üzərindən məsələyə münasibət bildirən İmran Xan “dünyada və Avropada yaşayan milyonlarla müsəlmana meydan oxuyan və onların hisslərinə toxunan” Fransa prezidentini islam və onun mübarək peyğəmbərinə hücum edənləri müdafiə etməkdə suçladı. Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturasını çəkən nəşrləri müdafiə etməsini pislədi.
Bu məsələ ilə bağlı Fransa ilə Türkiyə arasında skandal yaşandı. Türkiyənin Fransadakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. O da sirr deyil ki, Yunanıstan və Ermənistanla bağlı məsələlərdə Fransa açıq şəkildə Türkiyəyə qarşı çıxır. NATO-da Türkiyə ilə müttəfiq olan Fransa əslində Ankaraya qarşı düşmənçilik siyasəti yeridir.
Elə seçkidə fransız millətçilərinin lideri Marine Li Penin də zəif nəticə (19.1 faiz) göstərməsi də təsadüfi deyil. O da müsəlmanlara və Fransadakı yabançılara qarşı radikal mövqeyi ilə seçilir. Bəziləri zənn edirdi ki, növbəti prezident seçkisində Emmunuel Makron və Marine Li Pen üz-üzə gələcək. Seçkilərdə isə Parisdəki yəhudi “Müsyö Sarko” ləqəbli Nikolya Sarkozi 29 faizlə qalib gəlib. Son nəticə belədir ki, kontinental Fransanın 12 bölgəsindən yeddisinə Nikolya Sarkozinin tərəfadarları, beşinə isə sosialistlər rəhbərlik edəcək.
Siyasi təhlilçilər hesab edir ki, bu nəticə ilə Emmanuel Makronun prezident seçkisində ikinci tura keçməsi belə inandırıcı görünmür. Nikolya Sarkozi də 2012-ci ildə keçirilən prezident seçkisində ikinci tura keçə bilməmişdi.
Emmanuel Makrona doğma şəhəri Amiens-də şillə vururlar, seçkilərdə də xalq ona səs vermir. Bir siyasətçi üçün bundan böyük fəlakət ola bilərmi? Bəs Fransada Emmanuel Makronun bu qədər nüfuzdan düşməsinin səbəbi nədir? İslam düşmənçiliyini qeyd etdik. Ancaq bu hamısı deyil. Fransa sosial problemlərin içində can verir. Emmanuel Makron isə bu problemləri həll etmək əvəzinə Ermənistanla uğraşır. Ermənilərə yarınmağa çalışan prezident ona mandat verən fransız xalqını unudub. Xalq isə narazıdır və bu narazılığı bütün dünyaya nümayiş etdirir.
2018-ci ilin oktyabrında Fransada “Sarı gödəkçəlilər” hərəkatına start verildi. Hərəkat Fransada xalqın qarşılaşdığı sosial ədalətsilikdən doğan özbaşınalığa etiraz edirdi. Hərəkatın tərəfdarları həftəsonu Fransanın böyük şəhərlərində bir araya gəlir və izdihamlı etiraz aksiyaları keçirirdilər. Sıravi fransızlar yanacağın qiymətinin qalxmasına, yaşam standartlarında müşahidə olunan kəskin bahalaşma prosesinə, varlılara nisbətdə aşağı və orta sinifdən daha çox vergi yığılmasına etiraz edirdilər. Fransanın əkinçiliklə məşğul olan ərazilərində vəziyyətin dözülməz olması da etirazların səbəbləri sırasında yer alırdı. Xalq tələb edirdi ki, varlılardan daha çox vergi tutulsun, minimum əmək haqqı qaldırılsın, təqaüdlərin artırılması da irəli sürülmüşdü. Xalq deyirdi ki, siyasətçilərin maaşın kəsmək lazımdır, onlar onsuz da son dərəcə yüksək maaş alırlar. Ölkəni də pis idarə edirlər. Belə idarəçiliyə bu qədər maaş vermək axmaqlıqdır. Fransada tələbələrin də vəziyyəti acınacaqlı idi. Təsadüfi deyil ki, hərəkatda ön sırada məhz tələbələr yer alırdı.
Axırıncı dəfə bu qədər kəskin etiraz hərəkatı Fransada 1968-ci ildə baş vermişdi. O vaxt yerli kommunistlər və sosialistlər xalqı sosial ədalətsizliyə etiraz olaraq ayağa qaldırmışdı. Parisdə 500 min insan çiyin-çiyinə addımlayırdı. Bu dəfə də Fransa paytaxtı etirazçıların tapdağı altında qaldı.
“Sarı gödəkçəlilər” hərəkatı zamanı Emmanuel Makron “varlıların prezidenti” elan olundu. 2018-ci ilin yanvarında onun xalq arasında reytinqi 47 faizə bərabər idi, ilin sonunda isə bu göstərici 25 faiz həddinə düşmüşdü. 2018-ci ilin dekabrında etirazlar zamanı 10 nəfər öldürüldü, 1.843 nəfər mülki şəxs, 1.048 polis yaralandı. Bir nəfər isə gözünü itirmişdi. Emmuanuel Makron hərəkatı yatırmaq üçün hərbi birliklərdən də istifadə etməkdən çəkinmədi. Əslində həmin vaxt o, gələcək karyerasının üstündən xətt çəkmişdi. Yəni, seçkilərdəki məğlubiyyətin kökü oradan gəlir.
Xatırladaq ki, “sarı gödəkçəlilər” hərəkatı 2019-cü ildə də davam etdi. Dünyanın bir çox ölkələrində Fransada başlayan bu hərəkata dəstək vermək üçün həmrəylik nümayişləri keçirildi.
Bu qədər problemləri olan ölkənin prezidenti isə onu ali kürsüyə qaldıran xalqa arxa çevirərək özünü erməni lobbisinin əlində oyuncağa çevirmişdi.
Emmanuel Makronun Ermənistanı birmənalı şəkildə dəstəkləməsi ilə bağlı onlarla fakt var. Bir-ikisini yada salım. Məsələn, o, iddia edir ki, sentyabrın 27-də “hücumu Azərbaycan başlayıb”. Azərbaycanın Qarabağ Müharibəsində Türkiyə üzərindən göndərilən suriyalı muzdlulardan istifadə etməsi barədə ” tutarlı faktlara” malik olduğunu bəyan edən də məhz Emmanuel Makron idi. Bu ittihama cavab verən prezident İlham Əliyev “Əl-Cəzirə”yə müsahibəsində Suriyadan Azərbaycana muzdluların gətirilməsi ilə bağlı Makronun bəyanatından təəssüfləndiyini bildirmişdi: “Makron heç bir əsas olmadan belə bir bəyanatla çıxış edib. Qoy, Fransa prezidenti bizə sübut versin. Bunlar hamısı sözdür…Biz bizə qarşı irəli sürülən bu kimi ittihamları qətiyyətlə rədd edirik və sübut tələb edirik”. Ancaq cənab Makron hələ də sözügedən “tutarlı faktları” ortaya qoya bilməyib. Zatən, qaranlıq otaqda qara pişiyi tutmaq çox çətindir. Əgər o otaqda pişik yoxdursa bu, xüsusilə çətin olur…
Minsk Qrupunun həmsədirlərindən olan Fransanın tərəfsiz vasitəçilik missiyasını bir tərəfə atıb, təcavüzkar Ermənistana açıq və birtərəfli dəstək verməsinin də arxasında heç şühbəsiz ki, Emmanuel Makron dayanır.
Ötən il noyabrın 25-də-Azərbaycanın erməni faşizmi üzərində möhtəşəm qələbəsindən az sonra Fransa Senatı mütləq səs çoxluğu ilə (305 səs “lehinə” və bir səs “əleyhinə”) Dağlıq Qarabağın tanınması zərurəti haqda qətnamə qəbul etdi. Bu, hökumətin ünvanına hüquqi cəhətdən tövsiyə xarakteri daşıyan çağırış idi, yəni Nazirlər Kabineti qətnaməni diqqətə ala da, yerinə yetirməyə də bilərdi. Gözlənildiyi kimi də oldu. “Fransa Dağlıq Qarabağı tanımır”. Fransanın Xarici İşlər Nazirliyi az sonra belə bir bəyanat yaydı. O vaxt Türkiyə parlamentinin spikeri Mustafa Şentop Fransa Milli Assambleyasının “DQR”in tanınması ilə bağlı qalmaqallı çağırışını şərh edərkən belə demişdi: “Ermənistan da daxil olmaqla heç bir dövlətin tanımadığı Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament nağıllarla yaşayır”. Ancaq məsələ bununla da bitmədi. Afrika dövlətlərindən hələ də xərac alan, beynəlxalq hüququ saymayan Fransaya liderlik edən Emmanuel Makronun təzyiqi ilə Belçika da oxşar addım atdı. Belçika senatında müzakirələr zamanı ermənipərəst deputat Georges Dalleman həmkarlarına müraciət edərək belə dedi: “…Fransa kimi cəsarətli olun, ermənilərin taleyinə biganə qalmayın”.
Bəs belə bir adam Fransada siyasi Olimpin zirvəsinə necə yüksəlib?
Fransa prezidenti Fransua Olland (2012-2017) Emmuanuel Makronun siyasətçi kimi uğur qazanmasında həlledici rol oynayıb. Onun dönəmində Emmunauel Makron iqtisadiyyat naziri təyin olunub. 2016-cı ildə o, istefa verdi və şəxsi partiyasını yaratdı. Dərhal da prezident seçkilərinə qatıldı. 2017-ci ilin mayında o, 66.1 faizlə Marine Le Penə qalib gəldi və 39 yaşında Fransanın ən gənc prezidenti oldu.
Əlbəttə, Emmuanuel Makrondan bəhs edərkən onun xanımından söhbət açmamaq olmazdı. Dünya tarixində nadir rast gəlinən bir nəsnə ilə üz-üzəyik.
Cənab Makron özündən 24 yaş böyük olan Brigitte Trogneuxla ailə qurub. Makron 15 yaşlı məktəbli olanda 39 yaşlı müəlliməsinə vurulub. Cənab Makron 18 yaşına çatdıqda isə onlar rəsmən evləniblər. Fransa mediası yazır ki, cənab Makronun valideynləri onun bu evlilikdən vaz keçməsində təkid etsələr də elə bir uğur qazanmayıblar. Maraqlıdır ki, Makronun xanımının öncəki evlilikdən 3 uşağı var. Onlar yaşca Makrondan böyükdürlər. Makronun özünün isə uşağı olmayıb. Başqa bir maraqlı fakt: Makron gələcək xanımının qızı Laurence ilə eyni sinifdə oxuyub. Nədənsə o yaşıdı olan Laurence yox, onun anasına üstünlük verib.
2022-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə isə cəmi 10 ay qalıb. Bu müddət ərzində Emmanuel Makron bərbad vəziyyətdə olan imicini yaxşılaşdırıb yenidən xalqın rəğbətini qazana bilərmi? Əlbəttə, nəzəri baxımdan çox şey mümkündür. Ancaq reallıq belədir ki, yerli seçkiləri belə böyük fərqlə uduzan siyasətçinin prezident seçilməsi şansı sıfırın altındadır.
Rəhmətlik deputat Şamil Qurbanov yadınızdadırmı?
Professor bir dəfə Azərbaycan parlamentində etdiyi çıxışı zamanı Fransa prezidentini topa tutdu. Ermənidən daha çox erməni olan prezidentə müraciətlə işlətdiyi “Jak Şirak qudurubdur” ifadəsi hələ də yaddaşlardadır. Azərbaycana münasibətdə Fransa prezidentlərinin demək olar ki, hamısı qudurğanlıq edib. Özü də bu, qanunauyğunluqdur. Əsası isə imperator Napoleon Bonapart tərəfindən qoyulub. İlk dəfə məhz o, Osmanlı imperiyasını yıxmaq üçün xristian ermənilərdən istifadə etməyə cəhd göstərmişdi. Yəni, türk düşmənçiliyinə söykənən bu məsələ tarixdən gələn bir şeydir. Ancaq Emmanuel Makron bu məsələdə də özündən əvvəlkiləri kölgədə qoyub, hətta onlara rəhmət oxutdurub. Heç qudurğan adlandırdığımız Jak Şirak Emmanuel Makronun etdiyi qələtin yarısını etməmişdi.
Elbəyi Həsənli, Sürix
Musavat.com