22 Dekabr 2024

81 il bundan əvvəl də müharibə olmuşdu…

Rusiyanın tarixində, o cümlədən də sovet dönəmində müharibələr çox olub. Amma onların çoxu ya xatırlanmır, ya da çox az xatırlanır. Təkcə Böyük Vətən müharibəsi istisnadır – çəkilən filmlərin, müharibələrdən bəhs edən verilişlərin demək olar ki, doxsan faizi bu haqdadır.

Mən bunu niyə xatırlatdım? Bu gün Rusiya Ukraynada müharibə aparır. Prezidentdən tutmuş adi jurnalistə qədər hamı ölkəsinə bəraət qazandırmağa çalışır. Amma alınırmı? Əlbəttə ki, yox. Təsəvvür edin, ruslara qarşı vuruşan ukraynalıları əvvəlcə neo-nasist, indi isə millətçi adlandırırlar. Absurddur deyilmi? İnsanlar öz torpaqlarının işğal olunmasına qarşı, vətənlərinin azad olunması üçün vuruşurlar. Məgər burada da bir qəbahət varmı?..

Böyük Vətən müharibəsi ərəfəsində də SSRİ-nin siyasəti yetərincə cirkli idi. Onlar Molotov-Ribbentrop paktı ilə əslində faşistlərlə ittifaqa girmiş, onlarla birlikdə Avropanı bölməyə başlamışdılar. SSRİ-yə hücum etməklə Hitler əslində SSRİ-nin üzünü ağ eləmişdi, o, SSRİ-yə yox, bir başqa ölkəyə hücum etsəydi hələ bilmək olmazdı nə olacaqdı? Məhz elə bu səbəbdən ABŞ, Böyük Britaniya və Fransa Rusiyanın ikinci dünya müharibəsində iştirakına fərqli yanaşırlar və bununla da Moskvanı sanki cırnadırlar, çünki həqiqəti deyirlər.

Amma insanların çoxu bunun da üzərindən sükutla keçməyə cəhd edir. O səbəbdən ki, İkinci Dünya müharibəsi ilə SSRİ günahlarını yudu – on milyonlarla insan qurban verildi, faşızmin hərb maşını sındırıldı və bu kimi tarixi faktlar Rusiyaya qaliblərin ön cərgəsində dayanmağa və daim bundan qürur duymağa imkan verir…

Fəqət, Rusiyanın bu tarixdən nəticəsi nə oldu? Onlar öz problemlərini anladıqları kimi başqalarının da dərdlərinə həssas yanaşmağa başladılarmı? Əsla! Sovetlərin süqutundan sonra Moskva min bir cəhdlə əvvəlki sərhədlərini bərpa etməyə çalışdı. Bunun üçün əksər post-sovet ölkələrinin ərazisində münaqişə ocaqları yaradıldı, ora rus hərbi hissələri yeridildi. Ukrayna hadisələri isə bunun finalı oldu. Amma deyəsən ruslar bir az səhv etdilər. Qazaxıstan hadisələri bunları şirnikləndirdi. Cəmi İki -üç günə Qazaxıstanda “sahman” yaradandan sonra özlərini tamam-kamal qəhrəman hiss etdilər. Hətta növbəti müdaxilə ünvanı kimi daha bir ölkənin- Özbəkistanın adını çəkdilər. Kiçik Belarusun prezidenti A.Lukaşenko özünü lap “böyük sərkərdə” kimi hiss eləməyə başladı və bir müddət efirlərdə hərbi paltarda göründü…

Qərəz, bundan ruhlanıb Ukraynaya hücum etdilər. Amma deyəsən, yaman səhv etdilər – sürətli işğal alınmadı. Dördüncü aydır ki, müharibə davam edir. Xarici hərbi ekspertlər savaşın on illərlə çəkəcəyini iddia edirlər ki, bu da istər-istəməz ikici Əfqanıstan təəssüratı bağışlayır. Ona görə də ruslar ikinci yenidənqurmaya hazırlaşsalar daha yaxşı olar. Gəl, onlar belə düşünmür, özlərinin və iqtisadiyyatlarının şokdan çıxdığını güman edirlər. Məsələ bundadır ki, Avropa ölkələrinin energetik asılılığı Moskvaya qarşı sanksiyaları bütün gücü ilə tətbiq etməyə imkan vermir. Amma bizə elə gəlir ki, bütün bunlar müvəqqəti haldır – bundan da çıxış yolu tapılacaq…

Hüseynbala Səlimov