22 İyun 2025

68 doğması qətlə yetirilən Xocalı sakini: “Yoldaşımı güllələyib, üstündən tankla keçdilər…” – MÜSAHİBƏ

Bir səhər yuxudan durub,
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən…
Qorxasan qaçıb gedələr,
Tez qapını bağlayasan…

Ramiz Rövşən

30 ilə yaxındır uşaqdan böyüyə hər kəs o gecədən əvvələ dönüb, itirdikləri əzizlərini yenidən sağ görmək arzusundadırlar. Xocalı sakinləri arasında hələ də ata-ana, bacı-qardaş, övlad yolu gözləyənlər var. O yollardan geriyə kimsə dönəcək ya yox, bu isə hələ də bəlli deyil…

Budəfəki müsahibim 1964-cü il təvəllüdlü Xocalı şəhər sakini Ceyran Ələkbər qızı Əzizovadır. Ceyran xanım Xocalıda anadan olub, orada təhsil alıb elə ailə həyatını da qəhrəman şəhərdə qurub. 1989-cu ildə qonşusu, Xocalı dəmir yolu tikintisində krançı işləyən Vasif Məmmədovla ailə həyatı qurub. 1990-cı ildə ilk övladı dünyaya gəlib.

O ağrılı günləri xatırlamaq ona çətin olsa da bizimlə yenidən zamanı 30 il geri çəkərək o günü qayıtdı…

İxtisasca hüquqşünas olan C.Əzizova deyir ki, Xocalı faciəsi zamanı həyat yoldaşı da daxil olmaqla 68 nəfər əzizini itirib.

Oxu.Az-ın əməkdaşı Xocalı sakini Ceyran Əzizova ilə həmsöhbət olub.

O deyir ki, özü Xankəndində oxuyub, uzun müddət də orada işləyib:

“Tələbə yoldaşlarımız arasında ermənilər də var idi. Müsəlman olduğumuzu hər gün bizə xatırladırdılar. 1988-ci illərin sonundan başlayaraq ermənilərin hücumlarına tez-tez məruz qalırdıq. Bizə olan münasibətləri tamamilə dəyişdi. Fevral ayının 11-ə qədər onlar imza toplayırdılar ki, bizimlə birlikdə qalmaq istəmirlər. Həmin ərəfələrdə mənim 27 yaşım var idi və Xocalı Rayon Uşaq və Körpələr evində mühasib kimi işləyirdim. Yavaş-yavaş vəziyyət gərginləşdikcə azərbaycanlıları çalışdıqları fabriklərdən, zavodlardan çıxartmağa başladılar. 1989-cu ildə mən artıq ailə qurdum. 1990-cı ildən münasibətlər kəskin sürətdə pisləşməyə başladı. İlk dəfə də 1000 nəfərdən ibarət erməni dəstəsi 1990-cı ildə Xocalıya hücum çəkmişdilər. Yoldan keçən avtobusları, maşınları, daşa basırdılar, insanlara hücum edirdilər”.

Xocalının ilk qurbanı Şövkət olur…

C.Əzizova deyir ki, Əsgəran ilə Xocalı arasındakı avtomobil yolunda maşınları saxlayırdılar:

“Ermənilər həmin yolda maşının qabağın kəsmişdilər. O vaxtdan bu günə qədər heç kim bilmədi ki, o maşındakı insanların axırı nə oldu. Maşında olan Şövkət adlı qadın itkin düşdü. Artıq Xocalıya yollar yavaş-yavaş bağlanmağa başladı. 1991-ci ildə ermənilər yenidən hücum edib Xocalıda tikintinin rəhbərini güllələdilər. Ondan sonra Xocalıda ilk şəhid mənim bacımın yoldaşı olub.

Bacım cəmi 3 ay idi ki ailə qurmuşdu. İyulda toyu oldu, sentyabrda ermənilər artilleriya atəşi ilə postları vuranda o da xidmətdə olduğu üçün şəhid oldu. Daha sonra quru və dəmir yolları bağlandı. Daha sonra atamın əmisi oğlu Habil hərbi maşın sürürdü. Maşında onu da xalasını da güllələyərək qətlə yetirdilər”.

Bağlı yollar, silah-sursatsız, ərzaqsız mübarizəyə qalxan qəhrəman şəhər…   

Xocalı sakinin sözlərinə görə, 1991-ci ilin sentyabrın 13-də də Xocalıda özünümüdafiə taboru yaradıldı:

“Hələ silah-sursat yetərli qədər toplanmamışdı. Tək çarəmiz hava yolu idi. Bizə yardım da, çörək də, zəruri digər ləvazimatlar da vertolyotla gəlirdi. Çox acınacaqlı durum idi, su yox, qaz yox, işıq yox. Zülmət qaranlıqda sanki ölümün gözünə baxırdıq. Uşaqlarımın birinin 1, o birinin 2 yaşı var idi”.

1991-ci ilin dekabrında  Ağdamdan Şuşaya uçan vertolyot vurulur…

O deyir ki, bu günə qədər vertolyotun yanmağı gözünün qabağındadır. Elə həmin hadisədən sonra hava yolundan da yardım kəsilir və Xocalı tamamilə blokadada qaldı.

Ceyran xanım 1992-ci fevralın 11dən 12-nə keçən gecə fasiləsiz 20 dəqiqə ermənilərin Xocalını atəşə tutmasını xatırlayır:

“Çox dəhşətli idi. Elə bir atəşə tutuldu ki, göydən rəsmən güllə yağırdı. Bizdən onlara cavab verməyə fürsət belə olmadı. Həmin gün yoldaşım məni, uşaqları hava limanına apardı. Dedi sizi çıxarım özüm rahat döyüşəcəm, sizdən nigaranam”.

Bu sözləri göz yaşları ilə ifadə edən C.Əzizovanın həyat yoldaşının da şəhid olduğunu anladım… Onu incitmədən söhbətə necə davam edəcəyimi bilmirdim.

Bir anda səsində kədər və nifrət bir bütün olan Ceyran xanım bu qətliamın həyatını məhv etdiyini deyərək davam edir:

“Vertolyota birinci yaşlıları, xəstələri mindirdilər. İnanırsınız, insanlar yük yerinə dolurdu. Müəyyən ağırlıq limiti var idi. İnsanlar özləri ilə bir canlarını, bir də əyinlərindəki paltarları çıxara bildi. Hər kəs çantalarını yerə atmaq məcburiyyətində qalırdı. Mən iki dəfə cəhd etdim qucağımda iki uşaqla vertolyota minə bilmədim.

Nəhayət sonuncu vertolyot gələndə bir şansımızı yoxlayaq dedik. Bir vertolyot üçün bəlkə bir 400 adam gözləyirdi ki, canını xilas eləsin. Yük yerindən insanlar özünü necə atırdısa içəri, əzilə-əzilə. İki uşaq ilə yük yerindən minə bilməyəcəyəm deyib, ümidimi itirmişdim. Pilotun yanındakı qapı açıldı. Həmin an bizim indiki deputatımız Elman Məmmədov mənə kömək elədi. Uşaqları alıb qaldırdılar vertolyota mən də yanlarına. Əlimizdəki çantaları isə atmağa məcbur olduq. Hamı yüklərini atırdı ki, o yüklərin yerinə bir insan minə bilsin”.

3 il olar qurulan ailə, arzularla dolu qapısı bağlı qalan ev…

Həyat yoldaşını övladları ilə birgə sonuncu vertolyota mindirərək onları xilas edən Vasif Məmmədov o təlaşla Ceyran xanıma iki ədəd şəkil verir və deyir:

“Bu fotoları götür. Dünyanın işini bilmək olmaz. Birdən mən sağ qalmaram, qayıda bilmərəm. Uşaqlarım heç olmasa atalarının üzünü unutmasınlar”.

Ceyran xanımın həyat yoldaşı Vasif Məmmədov və eyni zamanda əli silah tuta bilən hər kəs özünümüdafiə taborunda ermənilərə qarşı döyüşə atılmışdı:

“Azərbaycanın Milli Qəhrəmanı, “Mixaylo” kimi tanınan, bibim oğlu mayor Tofiq Hüseynov tabora komandir təyin edildi. Onun sayəsində Noraguh və Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası “Alazan” qurğusu ilə partladıldı, ferma darmadağın edildi. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verildi. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevralda oldu. Neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bildi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv edib, son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni əsgərlərini də partlatdı”.

Xocalıda qan su yerinə axarkən sonuncu vertolyotla Xocalıdan çıxan dinc sakinlər Ağdam məscidinə gətirilir:

“Bizi güc-bəla ilə gətirib Ağdam məscidinə qoydular. Təlaş içində, gözümüz, qulağımız yolda idi ki, əzizlərimiz gələcək. Anam ağdamlı olub, elə biz oradan anamın dayısıgilə gəldik. Hər gün qərargaha gedib soruşurduq ki, yoldaşımdan çox narahat idim. Zəng elədim polis şöbəsinə, xəbər ala bilmədim. Elə həmin gecə Xocalıya hücum edib viran qoydular.

Fevralın 26-ı səhər bazara getdim ki, uşaqlara yeməyə bir şey alım. Eşitdim ki, deyirlər gecə Xocalını qırıblar, 30 nəfəri qətl ediblər. Elə bil dünya başıma yıxıldı. Ona qədər müharibənin nə olduğu bizə çatmırdı. Uşaqları bacıma tapşırıb getdim qərargahın qabağına. Məni yola salan qadın Rəsmiyyə şəhid olmuşdu. İki gündən sonra bacımın meyitini tapdıq. Onu da sonra mənə dedilər ki, bacım qətl edilməmişdən qapaq yol ilə gedirmiş UAZ markalı maşın saxlayıb. Soruşublar ki, bu kişini tanımırsan? Bacım da baxıb, dili-dodağı quruyub ki, bəs atamızdı. Qayınanam isə əsir idi. Atamla bacımın meyiti gətiriləndən 3 gün sonra qayınanam əsirlikdən qayıtdı. Gələn kimi ilk sözü ol oldu ki, heç kimi gözləməyin bala, gözümüzün qabağında uşaqlarımızı öldürdülər. 68 əzizimi o gecə qətl etdilər. Ancaq birinin məzarını yad edə bilirəm. Qayınanamın hər yeri qan içində idi. Dayanmadan deyirdi ki, balalarımızı qırdılar. Meşə ilə ac-susuz gedirmişlər. Qayınanam deyib ki, yazıqsız bir tikə çörək yeyin davam edək, elə çörək yeyəndə onları da vurublar”.

Həyat yoldaşım qadınları uşaqları öldürməsinlər deyə təslim olub…

Ceyran xanım göz yaşları içərisində həyat yoldaşının necə qətlə yetirildiyini danışır:

“Bunu mənə demirdilər, gizlədirdilər. Çox sonralar yaxın 4 ildə təsadüfən öyrəndim ki, həyat yoldaşıma nə işgəncələr veriblər. Həyat yoldaşım Milli Qəhrəman Araz Səlimov ilə geri qayıdıb döyüşməyə başlayır. Sonra bilib ki, anası və digər bir çox qadın, uşaq əsir götürülüb. Ermənilər bunlara deyib ki, silahı yerə qoyub təslim olmasanız, hamısını güllələyəcəyik. Onlar da təslim olub ki, qadınları xilas etsinlər.

Həyat yoldaşımı əsir alıb işgəncə veriblər. Sol qolundan güllə ilə vurub, üstündən tankla keçmişdilər. Bunu mənə bibimqızı danışmışdı. Bilmədən ağzından çıxdı ki, bəs Vasifi güllə ilə vurdular, tankın altına atıb üstündən keçdilər. Hər dəfə deyirdim ki, Vasifin meyiti niyə bu gündədir, onu elə bil tapdalayıblar. Ondan sonra biz bu dünyada cəhənnəm yaşayırıq. Xocalıdakı dəhşətdən çıxdıq gəldik. Ürəyimizin yarası qaysaq bağlayır, amma sağalmır…”.