23 Noyabr 2024

4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq – FOTO

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, müqaviləyə görə AİŞ istehsal xətlərinin genişləndirilməsi, müxtəlif salat konservləri, kompot, cem-mürəbbə, meyvəqurutma və s. kimi yeni investisiya istiqamətlərinin reallaşdırılmasını nəzərdə tutan layihədə payçılıq prinsipi ilə iştirak edəcək.

Layihənin həyata keçirilməsi üçün tələb olunan investisiya məbləği 4,7 milyon manat təşkil edir. Layihə çərçivəsində 100-dək daimi iş yeri yaradılacaq. Müəssisə fəaliyyət göstərdiyi regionda mövcud aqrar xammal bazasından yararlanaraq istehsal etdiyi məhsulları yerli və xarici bazara çıxaracaq.

Müqavilənin imzalanması üzrə Balakəndə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və “Balacans Agro Food” MMC-nin Direktorlar Şurasının sədri, Ə.A.Ansuxski adına Balakən Konserv Zavodunun rəhbəri Əbdülqadir Ansuxskinin iştirakı ilə görüş keçirilib.

Görüşdə “Balacans Agro Food” MMC-nin fəaliyyəti barədə məlumat verilib, rayonun aqrar-sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafı barədə müzakirə aparılıb.

İmzalanmadan sonra görüş iştirakçıları “Balacans” MMC-nin fəaliyyəti ilə tanış olublar.

Bildirilib ki, dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əlverişli işgüzar mühit yaradılıb, qeyri-neft iqtisadiyyatının davamlı inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər, istehsal və ixrac potensialının artırılması, investisiya qoyuluşunun stimullaşdırılması üçün tətbiq edilən səmərəli mexanizmlər regionlarda da biznesin inkişafına geniş imkanlar açır. Aqrar məhsul istehsalı üstünlük təşkil edən Balakən rayonunda da mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, sahibkarlığın, ixracyönümlü sahələrin inkişaf etdirilməsi, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və s. istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilir.

Xatırladaq ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.