23 Dekabr 2024

31 Mart – Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil ümumi insanlığa qarşı törədilmiş cinayyətdir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Erməni millətçiləri xaricdəki erməni diasporunun və böyük dövlətlərdəki erməni lobbisinin imkanlarından istifadə edərək, “əzabkeş, məzlum erməni milləti” obrazı yaratmaqda davam edir, azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımlar haqqında həqiqətləri gizlətməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar. Lakin unutmasınlar ki, onların dəhşətli əməlləri bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymətini almalıdır. Dünya dövlətləri bu məsələdə erməni təbliğatı nəticəsində formalaşmış stereotiplərdən imtina etməlidir, “əzabkeş millətin” saxta göz yaşlarına uymamalıdır.

Həsən Şirinov

YAP Goranboy rayon təşkilatının əməkdaşı.