24 Dekabr 2024

30 illik üzvlük, icra edilməyən 4 qətnamə – BMT bizə nə verdi?

Azərbaycan müstəqilliyini bərpa etdikdən təxminən üç ay sonra, 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilat yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycan BMT-yə çox çətin günlərində üzv qəbul olunub. Ermənistanın təcavüzünün qarşısının bu təşkilatın yardımı ilə alınacağına ümid çox idi. 1993-cü ilin aprel, iyul, oktyabr və noyabr aylarında təşkilatın Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnamə qəbul etmişdi. Ancaq bu sənədlərə Ermənistan 27 il əhəmiyyət vermədi. BMT Azərbaycana münasibətdə 27 il nizamnaməsinin əsas prinsiplərindən birini – dövlətlərin ərazi bütövlüyünü gerçəkləşdirə bilmədi. Təcavüzkar Ermənistana qarşı bir cümləlik sanksiya belə tətbiq edilmədi.

BMT niyə nüfuzlu qurum ola bilmir? Bizim bu qurumda 30 illik fəaliyyətimiz Azərbaycana nə verdi?

YAP-çı deputat Ceyhun Məmmədov istənilən halda, Azərbaycanın BMT ilə sıx əməkdaşlığını vacib sayır: “BMT dünyanın ən böyük beynəlxalq qurumlarından biridir. Azərbaycanın bu qurumla əməkdaşlığı önəmlidir. Bəli, o dövrdə təəssüflə qeyd etmək lazımdır ki, qəbul edilmiş 4 qətnamə yerinə yetirilmədi. Onların həyata keçirilməsi üçün də heç bir addım atılmadı. Bu gün reallıq ondan ibarətdir ki, BMT-nin münaqişələrə təsir imkanı, onun həlli ilə bağlı addımlar atması hazırkı dönəmdə real deyil. Çünki bu gün bu qurumun fəaliyyətini hər kəs görür. Ümumi keçirilən tədbirlərdən görünən odur ki, onun addımları, qəbul etdiyi qərarlar, qətnamələr yerinə yetirilmir. Amma bütün bunlarla bərabər BMT böyük bir təşkilatdır. Həmin dövrdə Azərbaycanın bu quruma üzvlüyü lazım idi.

Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə

Ceyhun Məmmədov: “Biz BMT çərçivəsində aktivliyimizi qorumalıyıq”

Çünki ölkəmiz ərazi bütövlüyünün təmin olunması, hüquqlarının qorunması üçün addımlar atmalıydı. Biz o dövrdə çox düzgün olaraq BMT-yə üzv olduq və qətnamələrin qəbulu kimi uğur qazandıq. Sonrakı vaxtlarda bu qətnamələr bizə imkan verdi ki, biz öz mövqeyimizi ifadə edək. Biz uzun müddət qətnamələrin yerinə yetirilməsini gözlədik. Amma görəndə ki, yerinə yetirilmir, özümüz yerinə yetirməyə məcbur qaldıq. Hesab edirəm ki, son 30 ildə Azərbaycan həm bu qətnamələrin qəbuluna, həm də bir sıra qərarlar qəbul edilməsinə nail oldu. Azərbaycanın bir sıra sənədləri bu qurumun beynəlxalq sənədləri kimi yayıldı. Xüsusilə son sənəd olan ermənilərin xaricdə topladıqları ianələr vasitəsilə Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı sənədi nəzərdə tuturam. Düşünürəm ki, bu qurumun qəbul etdiyi qərarlar, sənədlər önəmlidir. Cənab Prezidentin bir neçə dəfə bu qurumun tribunasından çıxışı olub. Yeganə beynəlxalq təşkilatdır ki, bütün xarici dövlətlər orada təmsil olunur, bu qurum vasitəsilə müraciətlər edilir. Hesab edirəm ki, növbəti mərhələdə biz BMT çərçivəsində aktivliyimizi qorumalıyıq. Cənab Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan BMT ilə çox sıx bir əməkdaşlıq edir. Davamlı olaraq qətnamələr, təkliflərlə çıxış edirik. Bir sıra hallarda bu sənədlər həmin qurum tərəfindən qəbul edilir və icra olunur. Düşünürəm ki, dörd qətnamənin icrasına nail olmasalar da, biz yenə də əməkdaşlığımızı davam etdirməliyik. Çünki müharibə bitsə də, ermənilərin təxribatları davam edir. Bu təxribatların BMT səviyyəsində pislənilməsi, qarşısının alınması üçün səylərimizi daha da artırmalıyıq. Maksimum dərəcədə BMT çərçivəsində məqsəd və hədəflərimizin həyata keçirilməsinə nail olmalıyıq. Çünki Azərbaycanın buna çox ciddi ehtiyacı var. Ölkəmiz mütləq bunu etməli və həyata keçirməlidir”.

Akif Nağı — Vikipediya

Akif Nağı: “BMT üzvü olmağımız bizə elə bir ciddi xeyir vermədi”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə fərqli düşünür: “BMT üzvü olmağımız bizə elə bir ciddi xeyir vermədi. Bu qurum, sadəcə, dünyanın bütün dövlətlərinin toplaşdığı bir klubdur. Bizim də orada olmağımız ümumi prosesdə iştirakdan başqa bir şey deyil. BMT dünyanı ədalətli idarə etmək üçün deyil, İkinci Dünya müharibəsində qalib gələn ölkələrin dünyanı öz iradələrinə tabe etdirilməsi üçün yaradıldı. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü həmin qalib ölkələrdən ibarət idi, Çin Şərqdə hegemon dövlətə çevrilmişdi , qalanları da öz yerlərində qalib idilər. Başqa heç bir dövlətin maraqları, hüququ, istəkləri nəzərə alınmamışdı. Bu cür ədalətsiz yanaşma ilə ortaya gələn qurum səmərəli fəaliyyət göstərə bilmədi. Bu gün isə mənasız, heç kəsə lazım olmayan, əlindən heç bir iş gəlməyən quruma çevrilib. Artıq müxtəlif dövlətlər tərəfindən BMT-nin yenidən qurulması, ədalətli prinsiplərin, yeni reallıqların nəzərə alınması tələbləri ciddi şəkildə irəli sürülür. Azərbaycan da BMT-nin fəaliyyətindən bəhrələnə bilmədi, əksinə, torpaqlarımızın 30 il işğal altında qalmasının məsuliyyəti bu qurumun üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 məlum qətnamə Ermənistan tərəfindən yerinə yetirilmədi. Ermənistan kimi bir cırtdan ölkəni qərarların, qətnamələrin icrasına məcbur edə bilmirsə, onda bunlardan daha nə gözləyə bilərik. 30 il ərzində BMT-nin müxtəlif tədbirlərində, dünya üzrə qərarların icrasında iştirak etdik. Məsələn, COVİD-19 pandemiyası ilə bağlı təşəbbüs də etdik , kifayət qədər nəticələrə nail olduq. İki il müddətinə BMT Təhlükəsizlik Şurasının üzvü, həm də bir müddət sədri olduq”.