23 Dekabr 2024

3 mart – Ümumdünya Vəhşi Təbiət Günü

2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı Siyahısına əsasən 8400-dən çox vəhşi fauna və flora növü kritik təhlükə altındadır, daha 30.000-ə yaxın növ isə nəsli kəsilməkdə və ya həssas növlər kimi təsnifatlandırılır. Bu hesablamalara əsasən, bir milyondan çox növün nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi irəli sürülür.

Növlərin, yaşayış yerlərinin və ekosistemlərin davamlı itkisi biz də daxil olmaqla, Yer kürəsindəki bütün həyatı təhdid edir. Hər yerdə insanlar qidadan tutmuş yanacağa, dərmana, mənzilə, geyimə qədər bütün ehtiyaclarnıı ödəmək üçün vəhşi təbiət və biomüxtəliflik resurslarından istifadə edirlər.

Buna görə də bu il Ümumdünya Vəhşi Təbiət Günündə ən kritik təhlükə altında olan növlərin taleyini dəyişdirmək, onların yaşayış yerlərinin və ekosistemlərinin bərpasını dəstəkləmək və bəşəriyyət tərəfindən davamlı istifadəni təşviq etmək məqsədilə geniş müstəvidə müzakirələr aparılacaq.