22 Dekabr 2024

“2023-cü il qrant müsabiqəsi”mövzularının müəyyənləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.

23 dekabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə növbəti ictimai müzakirə keçirib.İctimai müzakirədə Ombudsman Aparatı, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, TƏBİB, Qida Təhlükəsizliyi Agentliyi , qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib. Bildirilib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır.

Bu ictimai müzakirənin keçirilməsinin əsas məqsədi isə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətininin təşviq edilməsi, ictimai həyatın bütün sahələrində cəmiyyətdə qaldırılan məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olunmasıdır. Azərbaycanda dövlət- vətəndaş cəmiyyəti institutları münasibətlərinin uğurlu modeli qeyri-hökumət təşkilatları və dövlət orqanlarına bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir.

Daha sonra çıxış edən Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Zaur İbrahimov, Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova , Ombudsman Aparatının rəhbərinin müavini Rəşid Rumzadə, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Ədliyyə nazirliyinin idarə rəisi Aynur Sabitova, Daxili işlər nazirliyinin şöbə rəisi Araz Babayev və qeyri-hökumət təşkilatları rəhbərləri ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğuladılar, qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərini səsləndirdilər.İctimai müzakirə qarşılıqlı diskussiya şəklində davam edib.