
Yevlaxda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Anım günü münasibəti ilə Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Öncə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Anar Tağıyev, Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlham Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra tədbir YAP Yevlax rayon təşkilatında davam etdirildi. Əvvəlcə tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı,YAP Yevlax rayon təşkilatının sədr səlahiyyətlərini icra edən İlham Məmmədov Azərbaycan dövlətinin memarı,dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti,zəngin dövlətçilik təcrübəsi,böyük istedadı ilə fərqlənən xarizmatik liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi. Tədbir çərçivəsində Ulu öndərin əziz xatirəsi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Sonra Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Bu gün qürurlu vətəndaşı olduğumuz, nailiyyətləri ilə fəxr etdiyimiz bu dövləti yaradan insan məhz Heydər Əliyevdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu yüksəlişinə görə ilk növbədə Ulu Öndərə borclu və minnətdardır. Onun qoyduğu düzgün təməl, sağlam bünövrənin nəticəsi bugünkü inkişafın yüksək dinamikasıdır, hər sahədə davam edən intibahdır. Ulu öndər Heydər Əliyevin bioqrafiyası dövlətimizin və xalqımızın ən şanlı tarixidir, zəfər salnaməsidir. Heydər Əliyevin həyatı dövlətimizin və xalqımızın tarixi ilə uğurlu harmoniya təşkil edir. Heydər Əliyev və Azərbaycan biri-birlərini tamamlayır, biri-birlərini məntiqi yekunlaşdırırlar. Ölkəmizin bütün uğurlarının əsasını məhz Ulu Öndər Heydər Əliyevin qoyduğunu söyləyən Anar Tağıyev qeyd etdi ki, gənclər dahi Heydər Əliyevin müqəddəs yolunu, siyasi irsini qorumalı və onu gələcək nəsillərə ötürülməsində fəal iştirak etməlidirlər.
Tədbirdə çıxış edən əməkdar jurnalist “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, YAP fəalı ADPU-nin tələbəsi Anar Salehoğlu, rayon məktəblərinin şagirdləri arasında “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibi şəhər 2N-li tam orta məktəbin X sinif şagirdi Sona Məmmədova ümummili lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən geniş bəhs etdilər. Bildirdilər ki, dahi şəxsiyyətin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf edirdi və belə çətin bir məqamda xalqın son ümid yeri, xilaskarı məhz Heydər Əliyev olmuşdur.
Tədbirin sonunda Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon məktəblərinin şagirdləri arasında “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə; 1-ci yerə layiq görülmüş şəhər 2N-li tam orta məktəbin X sinif şagirdi Məmmədova Sona Sabir qızına, 2-ci yerə layiq görülmüş 5N-li tam orta məktəbin XI sinif şagirdi Əliyev Fərid Rafiq oğluna, 3-cü yerə layiq görülmüş Hürüuşağı kənd tam orta məktəbin IX sinif şagirdi Ağayeva Aysu Səyyar qızına Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim edildi.
Media1.az