23 Dekabr 2024

11 yaşında Kəlbəcəri tərk etdi, 28 ildən sonra geri dönüb nələr gördü… FOTO

Səbuhi Ağayev: “Məzarlıqlarda ənənəvi erməni vandalizmi törədilib”

44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən dərhal sonra işğaldan azad olunan ərazilərimizdə böyük sürətlə abadlıq, tikinti işləri aparılmağa başlanılıb. Vaxtaşırı təhlükəsizlik qaydaları qorunmaqla həmin ərazilərə kiçik səfərlər təşkil olunur. Beləliklə də illərlə öz torpaqlarından, ata-baba yurdlarından didərgin düşmüş insanlar həsrətində olduqları doğma yurdlarını ziyarət edir, orada yaşadıqları uşaqlıq, gənclik xatirələrini, evlərini, doğmalarının məzarlarını axtarmağa çalışırlar.

Onlardan biri də 11 yaşında məcburən doğma yurdu Kəlbəcəri tərk edən Səbuhi Ağayevdir. Kəlbəcər sakini 28 ildən sonra ziyarət etdiyi doğma Başlıbel kəndində gördüklərini “Yeni Müsavat”a danışıb:

“Çox çətin və sevincli hisslər idi. 11 yaşımda tərk etdiyim yolun hər addımını gəzirdim və gözümün önündə yaşadığım həmin dəhşətli, acılı xatirələr canlanırdı…

Bildiyiniz kimi, illərlə dünya ölkələri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, azərbaycanlılara qarşı soyqırım törətməsinə soyuqqanlı yanaşıb, səssiz qalırdı. Lakin Prezident İlham Əliyevin uğurlu siyasəti, şücaəti nəticəsində bu amillər darmadağın edildi. Şəxsən bir Azərbaycan vətəndaşı olaraq bundan çox böyük qürur duyuram.

44 günlük Vətən müharibəsində öz torpaqlarının azadlığı uğrunda ayağa qalxan Azərbaycan xalqı öz türkçülüyünü, cəsarətini dünyaya bir daha çatdırdı, sübut etdi ki, biz əzilən xalq deyilik…

Başlibel Kəlbəcərin ən çox şəhidi olan, həm də ən ucqar kəndidir. Yəni rayon mərkəzindən bizim kəndə xeyli  məsafə var. Murov dağına qalxdıqca sanki uşaqlaşırdım, 11 yaşına geri dönən uşağa çevrilirdim. Hansı ki, həmin dəhşətli günlərdə Murovdağda ata-anasını itirmiş, tənha qalmış, 3 gün ac-susuz meşədə qalan, qohumlarının ətəyindən tutub gəlmiş uşağı xatırlayırdım. Bununla belə, Kəlbəcərə geri dönüşümün ən böyük sevincini yaşayırdım. Sanki fiziki olaraq özümü hiss etmirdim. Ruhum sanki çırpınıb dağı, daşı, o torpağı qucaqlamaq istəyirdi…

Nəhayət ki, 28 ildən sonra Başlıbeldəki evimizi tapdım. O torpaqda səcdə edib, evə girdim. Yalnız daşları qalmış evimizdə bir tək anamın sınıq çaynikini tapdım. Bütün bunları, yaşadığım hissləri sözlə tam ifadə etmək qeyri-mümkündür”.

Səbuhi Ağayev ermənilərin Kəlbəcərdə törətdikləri vandalizmdən də söz açıb:

“Kəlbəcərə gedəndə keçdiyim bütün kəndlərdə evlərin yandırıldığının şahidi oldum. Yandırılmış evlərin sadəcə daşları qalıb. Məzarlıqlarda isə ənənəvi erməni vandalizmi törədilib. Ermənilər qəbirlərin baş daşlarını söküb, qəbirlərdən kəllə sümüklərini çıxarıblar. Təsəvvür edin, sümükləri məzarlıqların kənarlarına atıblar. Bütün bunları görmək dəhşətdir. Bu onu göstərir ki, ermənilər təkcə canlı insanlardan deyil, qəbirlərdəki azərbaycanlıların cəsədlərindən də qisas almağa çalışıblar. Dünyanın heç bir yerində bu cür vəhşilik yaşanmayıb. Heç bir müharibə zamanı qəbirlərdən, orada uyuyan insanların qalıqlarından qisas alınmayıb. Əlbəttə ki, insanlığa sığmayan bu vəhşiliyi yalnız ermənilər törədə bilərdi.

Kəlbəcəri gəzdikcə sanki şəhidlərimizin ruhunun sevindiyini hiss etdim. Biz onların ruhu qarşısında baş əyirik. İndi bizim boynumuzun borcudur ki, vətənimizi yenidən abadlaşdırıb, orada yaşayaq, övladlarımız o torpaqlarda böyüsün. Mənim övladlarım Kəlbəcərdə doğulmayıb, oranı görməyiblər. Lakin hər zaman onlara deyirəm ki, mənim o torpaqda yaşayıb-yaşamamağımdan asılı olmayaraq, sizin o torpaqlarda yaşamağınız boynunuzun borcudur. Çünki o torpaqlar şəhidlərimizin qanı ilə suvarılıb, azad edilib. Biz mütləq o torpaqlara qayıtmalıyıq”.

Səbuhi Ağayev Kəlbəcərin Başlıbel kəndinə gedən yolun çox acınacaqlı vəziyyətdə olduğunu diqqətə çatdırıb: “Belə hesab edirəm ki, 28 ildə kəndə gediş-gəliş demək olar ki, olmayıb. Yollar çox dardır, bir maşının həmin yolda hərəkəti çox təhlükəlidir. Sel daşqınlar, qayalardan qopan daşlar yolu tamamilə yararsız hala gətirib. Yəni sürücünün ən kiçik ehtiyatsız davranışı hər an ölümlə nəticələnə bilər. Bəylik kəndindən Başlıbelə qədər olan təxminən 20 kilomterlik yoldan maşınımızın keçə bilməsi üçün bəlkə də yüzə yaxın iri daşları təmizləməli oldum. Ona görə də Başlıbel sakinləri də dövlətdən xahiş edir ki, həmin yol mümkün qədər tez bir zamanda bərpa olunsun. Başlıbel  kəndində qəbiristanlığımız, 1993-cü ilin aprelində mağaralarda Başlıbel faciəsi, soyıqırımı hadisəsi var. Onların xatirəsinin əbədiləşdirilməsi, insanların ora gediş-gəlişini təmin etmək üçün mütləq şəkildə yol təmir olunmalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”