11 noyabrda 111 min ağac əkildi FOTO
Azərbaycan Türkiyə Cümhuriyyətinin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, “Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə təşkil olunan kampaniyaya dəstək məqsədilə bu dəfə Xocasəndə ağacəkmə aksiyası keçirilib.
Aksiyada iştirak edən Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayğın xatırlatdı ki,2019-cu ildən etibarən 11 noyabr günü Türkiyədə ağacəkmə günü kimi qeyd olunur: “Bu günü Azərbaycanlı qardaşlarımızla birgə qeyd etmək istədik. Azərbaycanda da meşələrə xüsusi önəm verilir. Son illərdə iqlim dəyişikliyi problemi aktualdır. Meşələrin sahəsi azalır. Buna görə də ağacəkmə önəmlidir. Arzumuz ölkəmizin hər tərəfini yaşıllıqlarla əhatələməkdir. Ümid edirəm, bugünkü aksiya başlanğıc olacaq. İşğaldan azad olunan bölgələrin dirçəldilməsi önəmlidir. Bu baxımdan yaşıllaşdırma tədbirlərinin mühüm rolu var.
Azərbaycanın bütün bölgələrində, o cümlədən Qarabağda da bu kampaniya davam edəcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, Türkiyədə 11-ci ayın 11-ci günündə keçirilən “Gələcəyə nəfəs ol!” adlı ağacəkmə təşəbbüsünə Azərbaycan hər il qoşulur. Ötən il kampaniya çərçivəsində on minlərlə ağac əkildi:
“Bu il də biz böyük məmnuniyyət və xoş əhval-ruhiyyə ilə dost və qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək, bütün ölkə ərazisində, eyni zamanda Qarabağ bölgəsində, Zəngilan və Cəbrayılda genişmiqyaslı ağacəkmə aksiyaları keçiririk və əkəcəyimiz 111 min ağacla bu aksiyaya simvolik töhfəmizi veririk. İnanıram ki, böyük ruh yüksəkliyi və əhval-ruhiyyə ilə əkilən bu ağaclar gələcəkdə böyük yaşıllığa çevriləcək”.
İ.İbrahimova qardaş ölkənin bu təşəbbüsünü dəstəkləyib ağac əkininə qoşulan bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib.