YAP Ağstafa rayon təşkilatı “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirib.
23 avqust 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı “Qarayazı DTQ”, “Meşə idarəsi” və “Sukanal Sahəsi” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə 26 avqust “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının nümayəndələri “Qarayazı DTQ”, “Meşə idarəsi” və “Sukanal Sahəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəalları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Qarayazı DTQ” Ərazi Partiya Təşkilatının sədri Vüqar Tağıyev qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Laçın strateji əhəmiyyətə malikdir. Qarabağ, Şərqi Zəngəzurun kənd və şəhərlərində, o cümlədən Laçında Azərbaycan bayrağı dalğalanır. Laçın şəhərində, Sus və Zabuxda, eləcə də digər kənd və şəhərlərimizdə həyat yenidən canlanır, insanlar qayıdır, qurur, yaradır. Ermənistan-Azərbaycan şərti dövlət sərhədində Laçın postumuz fəaliyyət göstərir. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günüdür.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, partiya fəalları Elxan Bayramov, Elşən Orucov və Uday Mustafazadə bildiriblər ki, Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda, azərbaycanlıların quruculuğunu əyani şəkildə görür. Heyrətlənməmək olmur, gözlərimizin önündə çox sürətlə, kəndlər, şəhərlər yenidə yaradılır. Ölkə Başçısının, Ali Baş Komandan İlham Əliyevin siyasətinin, diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün mühakiməsiz hüquqi bazasını yaratdı. Və bununla da Ermənistanın tarixi müttəfiqləri tərəfindən müharibənin gedişinə müdaxilədən, təzyiqdən Azərbaycanı qoruyaraq hərbi və diplomatik qələbəyə nail ola bildi. Və heç kim bizi yolumuzdan döndərə, iradəmizə təsir edə bilməz.