09 Dekabr 2022

Papikyan və Şoyqu müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında qısa söhbət olub.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri feysbukda yazıb.

“İclasdan (KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası – red.) dərhal sonra Rusiya Federasiyasının müdafiə naziri ilə qısa ayrı söhbətim oldu. Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq”, – S.Papikyan qeyd edib.

Qeyd edək ki, noyabrın 23-də Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin milli təhlükəsizlik şuraları katiblərinin, xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.