Pandemiyanın ruhsal tərəfləri
2019-cu il dekabr ayından dünyanı bürüyən, kütləvi insan qırğınına səbəb olan COVİD-19 virusu bizlərə canımızın, əzizlərimizin, yaxınlarımızın canının, sağlamlığımızın hər şeydən, dünyanın bütün sərvətindən də üstün olduğunu öyrətdi. Koronovirus səbəbiylə ölkəmizdə sosial izolyasiya qaydalarının, karantin rejimi, sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi hər birimizi səbirsiz hala gətirmişdir. Qəfildən alışdığımız bir rejimin pozulmasıyla bütün həyatımız dəyişdi. Sıxıntılı, qayğılı bir dönəmdən sağlıqlı şəkildə çıxıb – çıxmayacağımız fikirləri, sosial mühitdən təcrid olunma, gündəlik qazanca baxan insanların vəziyyəti, vaksinasiya ilə bağlı kütlə arasında dolaşan müxtəlif fikirlər və.s kimi məsələlər istər- istəməz hər birimizdə bu və ya fərqli şəkildə öz mənfi təsirini göstərir. Bu səbəblə də ruhsal zəiflik, əsəbilik, səbirsizlik hakim olub. Davamlı olaraq maska ilə ələlxüsus , yayın istisində dolaşmaq, hətta üst-üstə 2,3 maska geyinmək, insanlar arasına çıxdıqda, sanki, hər tərəfdən virus yağır ab-havası ilə dolaşmaq həqiqətən ürpədici və çətindir. Pandemiyanın ilk zamanlarında bu hal özünü daha qabarıq göstərdi. Zamanla olub-bitənlərə uyğunlaşsaq da, pandemiyanın gətirdiyi çətinliklərdən dolayı üzərimizdə bir ağırlıq, gərginlik, narahatlıq, hər gün ölüm xəbərlərinin duyulmasından doğan kədər hissləri hər birimizə psixoloji zərbələr vurdu. Lakin, Koronovirus təhdidinə qarşı bütün lazımi qayda- qanunlara əməl edərək səbr nümayiş etdirməkdən başqa çarəmiz yoxdur.
Pandemiya bizə hər gün ölüm qorxusu ilə yaşamağın necə dəhşətli olduğunu, alıb-verdiyimiz nəfəsin necə qiymətli olduğunu xatırlatdı və yada salmaqda da davam edir. COVİD-19 adlı bəla bir çoxlarımızın yaxınlarını, əzizlərini bu dünyadan və sevdiklərindən ayırdı. Koronovirus eyni zamanda məmləkətimizin tanınmış şəxsiyyətlərini, ziyalılarını bizlərdən qopardı. Bu gün hələ də xəstəliklə mübarizə aparan, bu virusa müqavimət göstərərək acı ilə qıvranan, əziyyət çəkən yüzlərlə insanın şahidi oluruq. Uzaqdan və ya yaxından bu acı çoxlarımıza tanışdır.Allah Təalanın bizlərə bəxş etdiyi ömür payının nə qədər olacağını bilə bilmərik. Amma, pandemiyaya qədər ölümün bu qədər yaxın ola biləcəyini düşünmürdük. Əslində ölüm də yaşam qədər gerçəklikdir. Bədbəxtlik isə insanların bu gerçəkliyi unudaraq yaşamasıdır. Doğru düşünməyi bacaran insan üçün elə ölüm onun əksi olan yaşam üçün ən böyük motivasiyadır. Ölümü düşünmək dünya həyatından, dünya qayğılarından anlıq da olsa, adamı uzaqlaşdırar,insanla axirət arasında ruhi-mənəvi bağı möhkəmləndirər. Müharibələr, xəstəliklər, fəlakətlər, qəzalar, aclıqlar insanın bu dünyaya vida edib axirətə qovuşmasında əcəl vasitələridir.Hz.Əli(ə) buyurur :”Hər nəfəs ölümə doğru atılan bir addımdır”. Ona görə də hər müsəlmanın özü üçün, ətrafındakılar, digər müsəlmanlar üçün edəcəyi ən gözəl dualardan biri budur :”Allahım mənə və bütün müsəlmanlara xeyirli yaşam və xeyirli ölüm nəsib eylə”.
Pandemiya düşünən kəslər üçün həyat dərsi olmalıdır. Pandemiya yaşamla ölüm arasındakı məsafənin gözlə qaş arasındakı məsafə qədər yaxın olduğunu bir daha göstərdi.Ölüm bu qədər yaxınkən pislik, riyakarlıq, kin –küdurət, pessimistlik, qul haqqı yemək, qeybət, dedi – qodu, təkəbbürlük nəyə lazım! İnsani keyfiyyətlər, dəyərlərlə yaşayaq ki, öləndə də Tanrı dərgahında bağışlanmaq üçün üzümüz olsun. Tanrım millətimizi qorusun. Hər kəsə sağlıqlı, xeyirli yaşam diləyilə.
Əsmər Məmmədova :Pedaqoq, gənc yazar