10 Yanvar 2025

Ekoterrorizm real müasir təhdiddir – SOS

Hazırda dünya ölkələrinin ortaq maraq dairəsi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi, antropoloji təsirlərin yaratdığı neqativ təsirlərin qarşısının alınması, sağlam və təhlükəsiz həyat şəraitinin yaradılmasıdır. Azərbaycan da uzun illərdir ki, ekoloji terrora məruz qalan ölkələr sırasındadır. Ermənistanın son 30 ildə işğal altında saxladığı Azərbaycan torpaqlarında flora və faunaya qarşı həyata keçirilən cinayət əməlləri heç şübhəsiz ekoterrorizmdir.  Çünki Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasət yalnız ərazilərimizin işğalı və mədəni-tarixi abidələrimizin dağıdılması ilə bitməyib. Belə ki, işğal altında olan torpaqlarda yanğınlar törədilərək əhalinin kənd təsərrüfatına yararlı ərazilərinə zərər vurulub, şirin su qaynaqları kimyəvi, bioloji və radioaktiv maddələrlə çirkləndirilib və bu siyasət indi də davam etdirilir.

İnfrastruktur obyektlərindən, mədəniyyət abidələrimizdən başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 30 illik işğal nəticəsində 2 qoruq, 4 yasaqlıq dağıdılmış, 269.000 ha meşə sahəsi qəddarcasına qırılmış, həmin ərazilərdə yaşayan və adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş heyvanların 4, quşların 8, balıqların 1, sürünənlərin 3, həşəratların 8, bitkilərin isə 27 növü olmaqla, nadir bitki və heyvanat aləmi məhv edilib.

Mənfur düşmən uzun müddət meşələrimizi qırıb və talayıb, meyvə bağlarındakı ağacları kəsib. İkinci Qarabağ savaşından sonra isə ermənilər tərk etməli olduqları rayonlarda yaşıllıqlara, meşələrə od vurub. İşğalçı ölkə öz çirkin əməllərini çaylarımızı zəhərləməklə davam etdirib. Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Bildiyimiz kimi, Oxçuçay Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonlarının ərazisindən keçən çaydır. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km olan bu çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Sululuğu qar və yağış sularından, eləcə də yeraltı mənbələrdən yaranır. Hələ işğalın davam etdiyi dövrdə keçirilmiş monitorinqlər nəticəsində müəyyən olmuşdur ki, Ağstafaçay və Xramçay çayları Kür çayına qoşulduqdan sonra Kür sularında müxtəlif kimyəvi birləşmələrin, Oxçuçay Araz çayına birləşdikdən sonra isə Araz sularında ağır metalların miqdarı normadan 10-30 dəfə artıq olmuşdur.

Ermənistan ərazisindən Azərbaycana istiqamətlənən transsərhəd çaylar üzərində sutəmizləyici qurğular yoxdur. Hər il buradan sənaye, kənd təsərrüfatı və məişət tullantıları məqsədli şəkildə təmizlənmədən həmin çaylara axıdılır. Tullantıların tərkibindəki neft məhsulları, fenollar, ağır metallar Azərbaycanda əhalinin sağlamlığına, milli genofonda, ekologiyaya ciddi ziyan vurmaqdadır. Azərbaycanın ekoloji tarazlığının pozulması ermənilərin ekoloji terror siyasətinin əsas istiqamətlərindəndir.

Ulu öndər Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, təbiətə edilən qəsd əslində bütün bəşəriyyətin gələcəyinə, dünyanın ekoloji təhlükəsizliyinə vurulan zərbədir və buna qarşı bütün dünya birlikdə mübarizə aparmalıdır. Elə bu səbəbdən də ümummilli lider Heydər Əliyev başda region dövlətləri olmaqla bütün dünyanı Ermənistanın ekoloji cinayətlərinə qarşı birgə mübarizə aparmağa səsləyirdi və beynəlxalq aləmin rəsmi İrəvana təzyiqini zəruri hesab edirdi. “Metsamor” AES-in bağlanması, Ermənistana məxsus çirkli sənaye sahələrinin zərərli tullantılarının su hövzələrinə axıdılmasının qarşısının alınması ümummilli lider Heydər Əliyevin ekoloji təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri idi. Xatırladaq ki, 2004-cü ildə isə Avropa İttifaqı “Metsamor AES”in bütün bölgə üçün təhlükə olduğunu nəzərə alaraq stansiyanı 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etmiş, Ermənistanın enerji ehtiyaclarını ödəmək üçün isə 200 milyon avro verməyə hazır olduğunu bildirmişdir. Qarşı tərəfin 1 milyard avro tələbi səbəbindən razılaşma baş tutmadı. Buna qarşılıq olaraq Ermənistan “Metsamor”u 2016-cı ilədək, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətməmişdi.

Ermənistanın ekoloji cinayətlərinin ifşası prosesi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazanılan Zəfər nəticəsində azad edilən əzəli yurd yerlərimizdə törədilən ekoloji cinayətlər, təbiətə qarşı həyata keçirilən soyqırımı siyasəti dünya mediasının və beynəlxalq ictimaiyyətin mütəmadi şəkildə diqqətinə çatdırılır. 

Prezident İlham Əliyev 2021 il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olarkən bu fikri səsləndirmişdir: “Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir”.

Prezident İlham Əliyevin 20 oktyabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncamında qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır: “Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaqdır”.

Ekoterrorizm hal-hazırda real müasir təhdiddir. Ekoloji terrorizmin ictimai təhlükəsi dərk edilərək, təhlükəsizlik və təbii mühit  hər bir ölkə tərəfindən təmin edilməlidir. Ona görə də beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri Ermənistanın ekoloji terror siyasətinə qarşı öz etirazlarını bildirməlidirlər. Bu cinayəti törədən ermənilər Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlara, ümumilikdə bütün planetin ekologiyasına qarşı törətdiyi çoxsaylı cinayətlərlə görə məsuliyyətə cəlb edilməlidirlər.