AĞDAMIN TƏBƏSSÜMÜ – Taleh Şahsuvarlı yazır
O təbəssümü heç zaman unutmadım…
Ağdamda, Ağdamın o məşhur bazarında bir dəli varmış, deyərmiş, gec-tez hamı dəli olacaq, intəhası, mən qabağa düşmüşəm…
Mən Ağdamı görmüşdüm, Ağdamın imarətlərini, adamlarını, bazarını da görmüşdüm, amma o dəlini görməmişdim.
Hər zaman maraq etmişəm o dəlini…
Rey Kərimoğlundan soruşmuşam…
Rəşad Məciddən soruşmuşam…
Aqil Abbasdan soruşmuşam…
QAT sədri Akif Nağıdan soruşmuşam…
Afiq Mirzəbəylidən, Asif Mərzilidən, Şakir Ağayevdən, Aydın Bağırovdan soruşmuşam…
Müəllimlərim, psixoloq Rövşən Cavadovdan, Azər Allahverdiyevdən, Mirələm Vəliyevdən soruşmuşam…
Tələbəçilik illərindən tanıdığım Müşfiq Mustafayevdən, dostlarım Nəsimi Məmmədlidən, Xaqani Cəfərlidən, indi xaricdə yaşayan Kənan Hacıəkbəroğlundan soruşmuşdum.
Mərhum bacanağım Fazil Hacıyevdən, onun qardaşlarından, yeznəmiz Həsrətdən soruşmuşam…
Bir nənəm Qarabağın məşhur zadəganlarından olan Yüzbaşlı Əmrah bəyin oğul nəvəsidir, dayılarımdan, dayızadələrimdən soruşmuşam…
Hər kəs bir cür danışıb, hər kəs öz dəlisini təsvir edib, hər kəs o dəlini qoyub, öz Ağdamından bəhs edib.
Ağdam beləcə bir yer idi, yurd idi, orada hər kəsin öz ağıllısı, öz dəlisi, öz Ağdamı vardı…
Amma kimsənin Qulu Ağsəsin ağıllısına, kimsənin dəlisi Qulu Ağsəsin dəlisinə, kimsənin də Ağdamı Qulu Ağsəsin Ağdamına çatmazdı.
Rəmiş gitara çalardı, Qulu Ağsəs o toyda, o məclisdə olmasa da, bir yerdən sanki ayaq verərdi…
Arif Babayev, Nəzakət Teymurova, Tacir, Mənsum İbrahimov, Səxavətin qardaşı Firuz, Aygün Bayramova oxuyardı, bir pərdəsi bizim Qulu olardı…
Qədirin, Səxavatin adını qəsdən sonraya saxladım, çünki onlar bir az ayrı Ağdam idi.
O bir az ayrı Ağdamdan, o bir az ayrı Qədirdən, o bir az ayrı Səxavətdən danışanda Qulu Ağsəs hansı səmimiyyətlə, hansı qəhərlə, hansı daxili hıçqırtı ilə danışardısa, Güllü mamasının örüşdən gec qayıdan inəyindən də eyni həssaslıqla, kövrəkliklə bəhs edərdi.
İndi deyəcəksiniz, a kişi, sən nədən danışırsan, nə qoyub, nə axtarırsan, o boyda sənətkarlar, həm də ölümsüz sənətkarlar hara, örüşdən gec qayıdan bir inək hara?
Əstəğfürüllah, qəsdim o deyil, məni dəbərtməyin.
Mən Ağdamda, daha doğrusu, Ağdamın o məşhur bazarında “gec-tez hamı dəli olacaq, intəhası, mən qabağa düşmüşəm” deyən dəlini soraqlayan adamam.
Bir dəlini Ağdamın o boyda adlı-sanlı adamlarından, lap elə adsız-sansız adamlarından, lap elə adını çəkdiyim və çəkmədiyim bütün sənətkarlarından, alimlərindən, lap elə üzüm ayağınızın altına, Xudu Məmmədovdan qabağa qoymuşam eyyy…
Oxuyacaqsa, Vahid Qazi qımışacaq indi…
Seyid Lazım ağanın cəddi haqqı, adını çəkməsəm, şairə Aynur Cavid inciyəcək, işsiz həmkarım, şəhid qızı Günel Musa, özümə bir söz deməsə də, dodağının altında deyinəcək…
Böyük ablam, Qarabağın əsil-nəcabətli qızı Ruhəngiz Hüseynova yenə də “yaddan çıxdıq” deyə uman yerdən küsəcək…
Ağdam belə bir yer idi…
Rüşvət deyilən o şoğərib bu dünyanın heç harasında Ağdamdan daha şirin alınmazdı… Çünki Ağdamda rüşvət hamının hamını dolandırdığı ictimai müəssisə idi…
Bu dünyanın heç yerində seyidə, ocağa, dilənçiyə Ağdamdan daha ürəklə nəzir-niyaz verilməzdi, çünki “çıxacağımız olsun” deyib ürəklə verərdilər…
Bu dünyanın başqa heç bir məkanında Ağdam bazarındakı qədər şirin alver getməzdi, alanla satan qohum çıxmasa, beş aşağı, üç yuxarı söhbəti eləməsə, satan malını aradakı xətir-hörmətə mayasından ucuz satdığına and içməsə, – müştəri də özünü o yerə qoymasa- o alverin nə ləzzəti olar?
Ağdam bir xoş üzdür, şirin dildir, qaqa, gözəl bir ləhcə, unudulmaz təbəssümdür.
Qapısına getdiyində “boooy” deyən dildir Ağdam!
Yolda qarşına çıxanda “saa qurvan olaram” deyən xoş üzdür Ağdam!
Xocalı şəhidləri məscidində yuyulanda – öz şəhidlərinin sayı-hesabı olmaya-olmaya- ağı deyən, nalə çəkən bir şəhərdir.
Say-seçmə ziyalılarından tutmuş ən kasıb komalarında böyüyən qıyıq gözlü uşaqlarına, bazardakı alverçilərindən tutmuş dəlilərinədək iri dənəli, turşməzə dadlı nar kimi sözü qıp-qırmızı üzə deyən adamlardı, qayğısını, sevgisini qonaq-qara gələndə əlüstü çığırtma edilən çolpalarından ta örüşdən gec qayıdan inəklərinə qədər bütün həyət-bacaya, el-obaya, torpağa, vətənə sirayət etdirmiş insanların məmləkətidir.
Amma və lakin…
Ağdam hər şeydən öncə bir təbəssümdür!
10 noyabr 2020-ci ildə Ağdam sükuta qərq olundu.
Səhərdən-axşama, axşamdan gecə yarıyadək gur-gurluyan toplar, ağır texnikalar susdu.
“Əziz Şuşa”dan gələn hava bütün əsgərlərin, zabitlərin ciyərinə dolmuşdu artıq, ölüm isə çoxdan, müharibə başlayandan heç kimin vecinə deyildi.
Az sonra zabiti olduğum “N” saylı hərbi hissə Ağdama girəcək, istehkamçı- mühəndislərimiz yolları, minarələrində müşahidə məntəqəsi qurulduğu üçün dağıdılmamış məscidin ətrafını minalardan təmizləyəcək, əvvəl ordumuzun, sonra bütün vətəndaşlarımızın BÖYÜK QAYIDIŞına cığır açacaqdılar.
Qarabağın o məşhur minarəsindən azan səslənəcək, dini rituallara zidd anlamda demirəm, o azan Tacirin uşaqkən oxuduğu Bayatı-Şiraz kimi bütün Ağdama, Ağdamdan bir üzü Şuşa, bir üzü Füzuli, bir üzü Laçın, bir üzü Zəngəzur, bir üzü Aran, Şirvan, Bakıyacan yayılacaqdı.
Amma o azan, o Bayatı-Şiraz mənim qulağıma bir səssiz təbəssüm kimi çatacaqdı.
1990, ya 91-ci il idi, 13-14 yaşım olardı.
Ağdamı gülləbaran edirdilər, qız-gəlini rayondan çıxardırdılar.
Günortadan sonra Bərdədə xalamla evimizdən pambıq sahəsinə gedirdik.
Bir maşın- “06” Jiquli- saxladı.
Ağdamlı idilər, sürücüdən başqa maşında bir neçə yaşlı qadın, məndən ən azı 5-7 yaş böyük bir alagözlü qız vardı.
Yol soruşdular, göstərdik, su istədilər, gedib evdən gətirdim.
Suyu içəndən sonra o alagözlü qız üzümə baxaraq lal bir təbəssümlə gülümsədi…
O təbəssümü heç zaman unutmadım, yaddaşımın bir güncündə ilişib qaldı.
Düz o çağacan ki, “Dəmir yumruq” əməliyyatı ermənilərin belini qırandan, 10 noyabrda ermənilər dizini yerə qoyandan sonra mənə elə gəldi ki, bütün Ağdam o təbəssüm içindədir!
Və bu gün mənə elə gəlir ki, Ağdam insanları məhz o təbəssümlə qarşılayır.
Və bu gün mənə elə gəlir ki, Ağdam yenə məhz Ağdam olacaq və o yenə Ağdam olan Ağdamın bazarı da olacaq, o bazarda mütləq bir dəli də olacaq.
Və bu gün mənə elə gəlir ki, o dəli mütləq belə deyəcək, bala, mən dəli olmazdım, məni qaçqınçılıq, köçkünçülük dəli elədi…
Və bu gün mənə elə gəlir ki, o təbəssüm, o qorxmuş, ürkək təbəssüm bu dünyada heç zaman təkrarlanmayacaq, çünki bir də Ağdamdan kimsə köçkün düşməyəcək.
Taleh ŞAHSUVARLI