Əhməd İsmayılov media sahəsində aparılan islahatların əsas məqsədini açıqlayıb
“Media sahəsində islahatların əsas məqsədi media mühitinin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəlib”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ali Məhkəmədə Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir:
“Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılması ölkəmizdə plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutudur”.