22 Dekabr 2024

Almaniya parlamenti Ukraynaya uzaqmənzilli silahların göndərilməsinə icazə verdi

Almaniya Bundestaqı hakim partiyaların (Almaniya Sosial Demokrat Partiyası – SPD, “yaşıllar” və Azad Demokrat Partiyası – FDP, liberallar) fraksiyalarının Ukraynaya uzaqmənzilli silahların verilməsini tələb edən qətnaməsini dəstəkləyib. TASS müxbirinin verdiyi məlumata görə, iclasda iştirak edən 668 deputatdan 382-si bunun lehinə, 284-ü əleyhinə səs verib, daha 2 deputat isə bitərəf qalıb.

Sənəddə deyilir ki, Ukraynaya uzunmüddətli hərbi dəstəyə “lazımi əlavə uzunmənzilli döyüş sistemləri və sursatların tədarükü daxildir” ki, o, Rusiya qüvvələrinin “arxasında yerləşən strateji əhəmiyyətli hədəflərə dəqiq zərbələr endirə bilsin”.

Sənəddə Taurus qanadlı raketləri birbaşa qeyd edilmir. Mütəxəssislərin fikrincə, bu, Almaniya kansleri Olaf Şolsun Ukraynaya silah tədarükü məsələsində manevr imkanı yaradan bir qərardır. Bəzi müşahidəçilər hesab edirlər ki, qətnaməyə MARS II MLRS daxil ola bilər.

Bu gün səhər saatlarında Bundestaq müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokunun fraksiyasının təklif etdiyi Taurus raketlərinin tədarükünü nəzərdə tutan qətnamənin əleyhinə səs verib.

Qeyd edək ki, 10 il əvvəl Bundesver üçün təxminən 600 belə raket alınıb. Taurus artıq Ukraynanın əldə etdiyi, Böyük Britaniyaya məxsus Storm Shadow tipli raketdir. Lakin onun vurma məsafəsi daha uzundur – 500 km. 2023-cü ilin mayında Böyük Britaniyanın o zamankı müdafiə naziri Ben Uolles məhvetmə məsafəsi təxminən 250 km olan “Storm Shadow” raketlərinin Ukraynaya ötürüldüyünü təsdiqləyib.