Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan
O, Azərbaycanı təmənnasız sevirdi. Onun sevgisində qarşılıq yox idi. O, vətəninə bəslədiyi məhəbbət naminə çox əzablara düçar oldu, ömrü boyu iztirab içində yaşadı. Bütün ailəsi sürgünə, ölümə, tənhalığa məhkum olundu. O, bizə istiqlalın dəyərini anlatdı. Onun və dostlarının mübarizəsi sayəsində biz müstəqilliyin dadını hiss etdik. Bu müstəqilliyin ömrü az olsa da, xalqımıza istiqlalın möhtəşəmliyini anlatdı və onun dediyi kimi bu istiqlal növbəti 70 ili əsarətdə yaşasaq belə daim içimizdə alovlandı. 70 il ərzində ruhumuzdakı istiqlal odunu, azadlıq sevgisini öldürə bilmədilər. O, şübhəsiz ki, böyük şəxsiyyət idi. Onu sevənlərin də, sevməyənlərin də daim etiraf etdiyi bir amil var: O, alicənabdı, vətəni təmənnasız sevəndi. O həm də maarifçiydi. Xalqının savadlanmasını, oxumasını istəyirdi. O, ədəbiyyatı da gözəl bilirdi. Özünə məxsus tərzdə yaratdığı məqalələr bundan sonra da uzun illər gənclər tərəfindən sevilərək oxunacaq.
O, Məhəmməd Əmin Rəsulzadədir.
Peyğəmbər isimli, özündən Əmin, Xalq elçisi.
O, cümhuriyyətimizin qurucusudur. Fəqət digər cümhuriyyət fəadilərini də unutmamaq gərək.
Böyük şəxsiyyətlər və böyük tarixi hadisələr haqqında yazmaq çətindir. Çünki, böyük şəxsiyyətlər haqqında çox yazılıb, çox danışılıb. Onlar haqqında yeni fikir söyləmək çətindir, təkrarçılıq etməksə düzgün deyil. Böyük tarixi hadisələrdən yazmaq da ona görə çətindir ki, bu hadisələr əslində həm yazılmış, həm də yaradılmış möhtəşəm yazıdır elə. Böyük hadisələr qələmlə, mürəkkəblə yazılmır. Böyük hadisələr böyük şəxsiyyətlərin qanı ilə, taleyi ilə, itkiləri ilə yazılır. Bəzən biz şəxsiyyətlərə qiymət verərkən ciddi nöqsanlara yol veririk, onların iztirablarını, itkilərini, faciələrini nəzərə almırıq. Heç özümüzə sual vermirik: “Bizim bu qədər qurbanlar verməyə cəsarətimiz, gücümüz, səbrimiz çatardımı?”
Tarix dəfələrlə sübut edib ki, dövlətlər iki halda müstəqil olur:
1) Tarixi-siyasi şərait nəticəsində
2) Sarsılmaz iradə ilə aparılan mübarizə nəticəsində
Məmləkətimiz həm 1918-ci ildə, həm də 1991-ci ildə tarixi-siyasi şərait nəticəsində müstəqillik qazanıb. Ancaq bu çətin məqamlarda vəziyyəti düzgün qiymətləndirmək, zamanında təşkilatlanmaq və ideoloji mübarizə aparmaq böyük bacarıq idi.
Bir dəfə yüksələn bayraq bir daha enməz”
(M.Ə.Rəsulzadə)
1918-ci ilin 28 may tarixində Azərbaycan tarixi günlərindən ən önəmlisini yaşadı: Azərbaycan Demokratik Respublikası Tiflisdə yarandı və radioqram vasitəsilə dünya parlamentinə elan edildi. Cümhuriyyət quruldu. O cümhuriyyət ki, böyük şəxsiyyətlərimizin böyük fədakarlığının bəhrəsi idi.
Amma 23 ay ömrü olan Cümhuriyyət, səbəbləri 70 ildən sonra bəlli olan tarixi hadisələrin qurbanı oldu. Təkcə yaradıcılar deyil,onların ailə üzvləri də amansız repressiyaya uğradı.
Cümhuriyyətin qurulması və qorunması üçün canını, həyatını fəda edən bəzi millət fədailərinin taleyi barədə qısa da olsa məlumat vermək istəyirəm:
Fətəli xan Xoyski – Tiflisdə ermənilər tərəfindən qətlə yetirildi.
Nəsib bəy Yusifbəyli – Kürdəmirdə müəmmalı şəkildə qətlə yetirildi. Ermənilər tərəfindən öldürüldüyü ehtimal olunur.
Mustafa bəy Vəkilov – İşğaldan sonra Tiflisə, sonra İstanbula köçdü. 1965-ci ildə Amasyada vəfat etdi.
Və Məhəmməd Əmin Rəsulzadə 1922-ci ildən ömrünün sonuna qədər mühacirətdə yaşadı. Ailəsi Qazaxıstana sürgün edildi. Son nəfəsinə qədər Azərbaycan üçün yaşadı. 1955-ci ildə vəfat etdi.
Reallıq isə budur: Bu gün Azərbaycan müstəqil dövlətdir və bu gün Rəsulzadə yaşayır. Dostları da yaşayır. Bu xalq heç zaman öz fədailərini unutmayıb və unutmayacaq.
70 il tarix üçün o qədər də böyük rəqəm olmasa da, müstəqilliyimizin itirilməsi baxımından Azərbaycan üçün əbədiyyət qədər uzun bir əsri xatırlatdı. Bu 7 onillik ərzində sovetlər birliyində Azərbaycan SSR adlanmaqla SSRİ adlı ölkənin on beş respublikasından biri oldu dövlətimiz.
Amma bu illər ərzində itirdiklərimiz oldusa da, Azərbaycan xalqının ümummilli lideri-Heydər Əliyev cənablarının hakimiyyəti dövründə –yəni bu görkəmli şəxsiyyətin Azərbaycan SSR-nin birinci katibi(sovet dönəmində respublika başçısının vəzifəsi belə adlanırdı-F.Q.)olduğu illərdə Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili olaraq Azərbaycan dili göstərildi.Məlumdur ki, bu təklifi irəli sürmək və buna nail olmaq həm riskli addımın təhlükəli aqibəti, həm də ən yaxşı halda təklifin qətiyyətlə rədd edilməsi kimi nəticə verə bilərdi.
Ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Cümhuriyyət tarixinin araşdırılmasına önəm vermişdi. Arxivlərin açılması nəticəsində Azərbaycan xalqının qeyrətli oğullarının adlarının açıqlanmasının tərəfdarı olduğunu dəfələrlə vurğulamış və bu yolda bir-birinin ardınca tədbirlər planlarının həyata keçirilməsini respublikanın,xalqın tarixi yolunda önəmli əhəmiyyət kəsb etməsini dəfələrlə vurğulamışdır.
Ümumilli lider Heydər Əliyev cümhuriyyətin qurulması haqqında, xüsusən də Cümhuriyyətin ordu quruculuğu haqqında müsbət fikirlər söyləmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub. Ulu öndərimiz Heydər Əliyev bunu həmişə yüksək dəyərləndirirdi.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “…Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
Bu il “Azərbaycan Xalq Cümhuriyyəti“-nin yaranmasından 104 il keçir. Bütün Cümhuriyyət qurucularımızı sevgi, sayğı və rəhmətlə anırıq!