25 Aprel 2024

Həcc ziyarəti niyə bu qədər bahadır? – ekspertlərdən ilginc açıqlamalar

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub, yəni  9 106 manat. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verəcəklər. QMİ nümayəndəsi bildirib ki, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır və proses iki həftə ərzində yekunlaşacaq. Xatırladaq ki, son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. Builki qiymət 2020-ci ilin müvafiq rəqəmindən 860 dollar çoxdur. Həmin vaxt Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilmiş, lakin pandemiya səbəbindən ziyarət ləğv olunmuşdu.

Qeyd etmək yerinə düşər ki, hər il Həcc ziyarəti öncəsi müxtəlif fikirlər səsləndirilir. Bir qrup adam deyir, o qədər pulu ziyarətə verməkdənsə, təhsilə yönəldin. İnanclı kəsim isə deyir, yox, Həcc ziyarəti vacibdir.

“Xural TV”-nin rəhbəri Əvəz Zeynallı “Yeni Müsavat”a mövzu ilə bağlı bunları şərh etdi: “Təəssüf ki, bu ziyarətgahlar hansısa təşkilatların monopoliyasındadı. Bütün hallarda dövlət zənginləşdikcə möminlərin ziyarətə ayırdıqları pullar nəinki artmalı, əksinə, azalmalıdır. Az qala 10 min manat lazım olan işlərə xərclənsə, daha yaxşı olmazmı?! Mən də bu düşüncədəyəm. Ölkənin indiki vaxtında şəhid ailələrinin bu qədər problemləri olduğu vaxtda o pullar bu ehtiyaclara sərf olunmalıdır. Ümumiyyətlə, 10 min manata yaxın vəsait nəyə sərf olunur ki? Bütün bunlar araşdırılmalıdır. Bilet pulu var, orada qonaqlama-hotel məsrəfləri var, bir də orada qoyun alır.

Əvəz Zeynallı Cəmil Həsənlini biabır etdi: “Özlərini

Əvəz Zeynallı 

Maraqlıdır,  Ərəbistanda qoyun 10 minədir məgər?! Azərbaycan özü də təşkil edə bilər də bunu. Bizdə 150 manata qurbanlıq qoyun almaq olur, o qədər pul nəyə xərclənir? Fikrimcə, bu, ortada olan şirkətlərin işi təşkil etməsi ilə bağlıdır. Lisenziya da xüsusi adamlara verilir. Onlar da qiymətləri müəyyən edirlər. Səmimi, əsl möminlər heç ziyarətə gedə bilmirlər. Kimin parası daha çoxdursa, onlar gedirlər. Ziyarətləri təşkil edən qurumlar bu məsələyə diqqət etməlidirlər”. 

İƏT Modeli proqramının Azərbaycan üzrə mərhələsi öz işini bitirdi (FOTO)

Elçin Əsgərov: “İstənilən dövrdə bu ziyarəti elan olunan qiymətdən 25-30 faiz aşağı qiymətlə etmək mümkündür”

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərovun da mövzu ilə “Yeni Müsavat”a dedikləri diqqət çəkdi: “Əvvəla, mən bildiyimə görə bütün dünyada Həcc ziyarəti qiymətləri qalxıb. Bəzi ölkələrdə bizdən bir az aşağı, bəzisində bir az da yuxarıdır. Ona görə bizdə Həcc qiymətlərinin hər yerdən baha olduğunu söyləmək düz deyil. Bizim regionda qiymətlər 4.700-6.500 dollar arası dəyişir. İkincisi, etiraf etmək lazımdı ki, qiymətlərin baha olmasında sırf kommersiya, bazar tələb-təklif məsələsi də var. Bu il Səudiyyə Ərəbistanı postpandemiya dövrü olaraq 2 ildən sonra ilk dəfə Həccə icazə verir, həm də say məhdudiyyəti qoyur. Yəni təklif azdır. Həcc təşkil edənlər də 2 ildən sonra tələbin çox olacağını nəzərə alıb qiymətləri normadan daha baha edir, ola bilər. Bu halı heç istisna etmirəm.

Nəzərə alsaq ki,  yerlər onsuz da məhduddur və 2 ildir ki, Həcc yoxdur, ola bilər yerlər tam dolacaq.  O ki qaldı Həcc, yoxsa xeyriyyə, sırf İslam baxımından baxsaq, məsələ belədir ki, imkanı olan adama ömründə heç olmasa 1 dəfə Həccə getmək vacibdir. Yəni bir şəxsin imkanı oldusa, gərək gedə. Getməsə, dini baxımdan günah edəcək. Amma ikinci, üçüncü və sonrakı dəfələr vacib deyil və burada mən də razıyam ki, ölkəndə imkansızlara, hansısa çox vacib boşluq olan yerlərə xərcləmək daha çox savab gətirə bilər.

Amma ucdantutma hamını qınamaq da olmaz. Mən adamlar tanıyıram ki, imkanı var,  onlarla imkansız, başsız ailəyə hər ay kömək edir, təhsillərinə də yardım edir, ilin sonunda Həccə də gedir. Bu adama deyə bilmərik ki, düz etmirsən.  Digər tərəfdən, o da maraqlı sualdır ki, niyə belə iradlar ildə bir dəfə sırf Həcc ziyarəti üçün olur, amma məsələn, hər bayramda daha çox adam tərəfindən həyata keçirilən  Avropa turları, Antalya, Dubay, Maldiv turları üçün olmur. Halbuki ora çəkilən xərc Həcc ziyarətindən heç də geri qalmır və heç vacib də deyil. İrad tuturuqsa, gəlin elə hamısına tutaq. Antalyada 5 ulduz hoteldə kokteyl içə-içə “Həccə getməkdənsə, kasıblara xərcləsinlər” demək bir az qəribədir. Onu da deyim ki, çox əvvəllər mən də Həcc ziyarətinin təşkili ilə məşğul olmuşam və bilirəm ki, istənilən dövrdə bu ziyarəti elan olunan qiymətdən 25-30% aşağı qiymətlə, özü də xeyir qazanaraq etmək mümkündür”.

Azər Hüseynov: “Bu sahədə dövlət proqramlarına ehtiyac var”

Ağ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov da mövzu ilə bağlı fikirlərini açıqladı: “Birincisi ondan başlayaq ki, Həccə yönələn pul Allahın əmrini yerinə yetirmək üçündür. Tövsiyəm odur ki, heç kim özünü Rəhmanın yerinə qoyub ondan rəhimli hesab etməsin. Elədirsə toylarda bir-birilə yarışıb bahalı müğənnilərə pul verməsinlər, miladi yeni ildə fişənglərə milyonlar sərf etməsinlər və sair. Həcc qiymətinə gəldikdə isə bu sahədə rəqabət olması və qiymətin düşməsi üçün inhisar olmamalıdır. Həccin bu qiymətə olması realdırmı? Şəxsi qənaətim və həcc təcrübəm deyir ki, qətiyyən belə deyil. Bu qərar və qiymətlər hansı kriteriyalar əsasında qəbul edilir? Qiyməti qoyanlar hotel, nəqliyyat və qida xərclərinə məsrəfləri bəyan edirmi? Etdiklərini görməmişəm. Alternativ olmasa bu qiymətlər düşməyəcək. Dövlətimiz hər nə qədər dünyəvi olsa da, bu sahədə dövlət proqramlarına ehtiyac var. Bunu vətəndaşa xidmət kateqoriyasına daxil etmək lazımdır.

Eyni zamanda qiymətin dollarla təyin edilib, Azərbaycan vətəndaşlarına bildirilməsi, ümumiyyətlə, nə dərəcədə qanunauyğundur. Azərbaycanın daxilində qiymətlər Azərbaycan manatı ilə müəyyən edilir. Ona görə dollarla müəyyən edirlər ki, dollarla cüzi qalxmalar belə böyük məbləğlərdə özünü yaxşı mənada göstərir. Dolların Azərbaycan manatı qarşısında ucuzlaşması ehtimalı yaxın gələcəkdə azdır”. 

Hakim: Elbəyi Həsənli Gülağa Aslanlıdan üzr istəsin - MEYDAN.TV

Elbəyi Həsənli 

Mühacirətdə olan jurnalist Elbəyi Həsənli də mövzu ilə maraqlı məqamlara toxunub: “Azərbaycandan Həcc ziyarətinə getmək üçün təxminən 5350 dollar ödəmək lazımdır. Müqayisə üçün bir-iki faktı deyim: ABŞ-dan gələn zəvvarlar daha çox pul xərcləyir: 6-13 min dollar arası. Böyük Britaniyadan Həccə səfər etmək isə 9-10 min dollara başa gəlir. Maraqlıdır ki, Böyük Britaniyadan Həccə 2017-ci ildə gedənlər 5.500 dollar xərcləməli olurdu. İndi isə qiymətlər kəskin şəkildə qalxıb… Əlbəttə, Həcc ziyarətinin neçə gün davam etməsi də qiymətlərə ciddi təsir edir. Sözümün canı odur ki, Həcc ziyarəti hər il bahalaşır. Özü də ciddi şəkildə. Səudiyyə Ərəbistanı Həcc ziyarətini əməlli-başlı biznesə çevirib”.