22 Dekabr 2024

Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi irs sayəsində üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanır.

Müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilir.

Qurub yaratmaq onun alın yazısı idi.Yaratdıqlarıda özü kimi böyük idi.O xalqının tarixini yazırdı.Müstəqil Azərbaycanda görəcəyi işlərin konturlarını cızırdı.O xalqının mədəniyyətinə zənginlik qatırdı.Öz xalqının həyatını gözəlləşdirirdi.Sanki bir rəssam, memar qüdrəti ilə bütün istedad və bacarığını möhtəşəm bir tablonun,əzəmətli bir əsərin yaranmasına sərf edirdi.Bu əsərin adı isə Azərbaycan idi.

Bütün dövrlərdə hər bir xalqın liderə böyük ehtiyyacı olur. O xalqlar xoşbəxtdir ki, dahi şəxsiyyətlər yetişdirə bilir. Tarixin çətin sınaqlarından çıxmaqda ağıllı , uzaqgörən dövlətçilik təcrübəsinə malik belə şəxsiyyətlər yol göstərə bilir, strategiya müəyyənləşdirir, hədəfləri görür.Bir sözlə xalqının xilaskarı olur.Ümummilli lider Heydər Əliyev də xalqının qarşısında məhz belə bir lider olub. Onun misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan dövləti dirçəlmiş, qısa müddət ərzində inkişaf etmiş dövlətə çevrilmişdir.

Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib. Bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz uzaqgörənliliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası – milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırki və gələcək nəsillər üçün qoruyub saxlayıb və müasir inkişaf yoluna çıxarıb.

Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət qurumlarından biri olan ədliyyə orqanlarının beynəlxalq tələblərə və standartlara uyğun formalaşdırılaraq əhəmiyyətli statusunun müəyyən edilməsi və son nəticədə dövlətçiliyin maraqlarına xidmət edən bir təsisat kimi idarəçilik sistemində öz layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mütəmadi qayğı və dəstəyi nəticəsində mümkün olub.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 11 noyabr2000-ci il tarixli sərəncamı ilə noyabr ayının 22-nin respublikamızda ədliyyə işçilərinin  peşə bayramı günü elan olunması ədliyyə orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilmiş, ədliyyə orqanları kollektivinin fəaliyyətinə verilən yüksək diqqət və etimadı səmimi minnətdarlıq duyğuları ilə qarşılanmış, xalqımıza ləyaqətlə xidmətin ən yüksək forması kimi qəbul olunmuşdur.

Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı özündən sonra həmin konsepsiyanı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqcıl dövlət olaraq tanınmasına nail olub, həyata keçirdiyi komleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.

Dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi sayəsində Azərbaycan müstəqilliyini əldə edəndən  sonra ölkədə aparılan hərtərəfli iqtisadi, sosial, hüquqi dövlət quruculuğu və digər sahələrdəki islahatlardan, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində ulu öndərin əvəzsiz rolu olub.

Dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edərkən qeyd etmək lazımdır ki,  görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanır.

  Ədliyyə Nazirliyinin Yevlax rayon  Qeydiyyat şöbəsinin rəisi, Elşən Quliyev.