21 Dekabr 2024

Şuşada genişmiqyaslı quruculuq işləri gedir

Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biri, hətta deyərdim ki, Qarabağın döyünən ürəyidir. ”Şuşa” sözü bu diyarın saf qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündən yaranmışdır. Bildiyimiz kimi, Qarabağ xanı Pənahəli xan yadelli işğalçılardan müdafiə olunmaq üçün bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirmişdir. 1750–ci ildə isə Pənahabad qalasını tikdirmişdir. Hansı ki, hal-hazırda da Şuşa qalası kimi qalmaqdadır.

Hər daşı, hər qarış torpağı, havası, Turşsu, İsa bulağı, Bülbülün evi, Üzeyir Hacıbəyovun Şuşada yerləşən ev muzeyi, Xan qızı Xurşudbanu Natəvanın evi, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi neçə illər işğal altında qalsa da azərbaycanlıların hər kəlməsində yaşadı, yaddaşımızdan bir an belə silinmədi. Öz qədim tarixi irsinə, milli–mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olundu. Vətənə məhəbbət öncə ailələrdə, sonra isə məktəblərdə aşılandı. Vətən həsrəti, torpaq nisgili qəlbimizi nə qədər göynətsə də, doğma yurda, el-obaya olan sonsuz məhəbbət, qəlbimizin dərinliyində kök salan əbədi torpaq sevgisi bizi addım-addım qələbəyə apardı. Bu qələbənin təməlini 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman, igid oğullarımız qoydu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənə göz dağı oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşa işğaldan azad olunduğu gün noyabrın 8–də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı.

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Hamının gözlədiyi o an unudulmaz və əbədi tarixə yazıldı. Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa olundu. Beləliklə, 8 noyabr hər il Zəfər Günü kimi qeyd olunur. Vətən uğrunda canından keçən şəhidlik zirvəsinə çatan Azərbaycanın qəhrəman, igid oğlanlarını hər zaman qəlbimizdə yaşadacaq, gələcək nəsillərə tanıdacağıq.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı