Siyasiləşən və de-şifrə olan “it ölümü” kampaniyası – Müşfiq Ələsgərlidən ilginc açıqlamalar
İki gündür sosial şəbəkələrdə sahibsiz itlərin öldürülməsi ilə bağlı hay-küy qalxıb. İddia olunur ki, Göyçayda bir neçə gün öncə sahibsiz itlər rayonun İcra Hakimiyyəti əməkdaşları tərəfindən güllənərək öldürülüb. Nəzərə çatdıraq ki, zaman-zaman sahibsiz itlərin öldürülməsi ilə bağlı xəbərlər yer alır, amma bu faktlar əksər vaxtlarda öz təsdiqini tapmır. Ekspertlər isə qeyd edirlər ki, bu cür xəbərlər kampaniya xarakteri daşıyır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda sahibsiz heyvanlara hər zaman diqqətlə yanaşılıb. Hətta bununla bağlı “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında qanun da qəbul edilib. Qanunun 6.1.-ci maddəsində göstərilib ki, “heyvanlarla rəhmsizcəsinə davranaraq, onları şikəst və ya tələf edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar”. Eyni zamanda, qanunun 6.2-ci maddəsində də qeyd edilir ki, “küçələrdə, bazarlarda, bağçalarda, bulvarda, çimərliklərdə, nəqliyyat vasitələrində və digər ictimai yerlərdə sahibsiz itlər, pişiklər, hətta cins itlər (xaltalı, jetonlu, buruntaqlı) sahibsiz heyvanlar saxlayan müəssisələr tərəfindən götürülməlidir”.
Yeri gəlmişkən, dövlətin heyvanlara qayğısını göstərən daha bir nümunəyə pandemiya dövründə də şahidi olduq. Koronavirusa yoluxmanın ən pik vaxtında, karantin rejiminin ən sərt dönəmində insanların evdən çölə çıxmasına yasaq qoyulduğu halda, ev heyvanlarının gəzdirilməsinə icazə verilmişdi.
Belə olduğu halda, niyə ölkəmiz heyvanlara qarşı amansız rəftarda günahlandırılır, dünyaya haqqımızda mənfi rəylər verilir?
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son günlər intensivləşən bu paylaşımlar xüsusi bir kampaniya xarakteri daşıyır: “Əslində, bənzər kampaniyalar əvvəllər də olub.
Amma indiki kampaniyanı əvvəlkilərdən fərqləndirən nüanslar ortaya çıxır. Məsələn, öncəki illərdə vurğu daha çox Bakı və Sumqayıt şəhərlərinin üzərində qoyulurdusa, bu dəfə siyahıya Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb bölgələri də əlavə edilib. Hədəfə gətirilən şəhərlərdin biri Gəncədir. Gəncə Şəhər İcra Hakimiyyəti media qurumlarına verdiyi açıqlamalarda “itlərin öldürülməsi üçün rəsmi qərar verilməsi” barədə deyilənləri təkzib edib. Buna rəğmən, sosial şəbəkələrdə kampaniya davam etdirilib. Zaqatala şəhərindən eyni məzmunlu mənzərələr göstərməklə, kampaniyanın gücləndirilməsinə təşəbbüs göstərilib. Mövzunu heyvansevərlərin sıradan bir aksiyası kimi dəyərləndirib üzərindən keçmək də olardı . Amma hər zaman Qərbdən yönləndirilən anti-Azərbaycan kampaniyaların ruporu rolunu icra etmiş bəzi media qurumlarının bu kampaniyada da aktiv görünmələri şübhə yaradır. Bu şübhəni artıran daha bir məqam var. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin açıqlamasında “məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edildiyi” vurğulanır (https://qafqazinfo.az/news/detail/itlerin-kutlevi-sekilde-oldurulmesi-ile-bagli-resmi-aciqlama-video-352134 ). Ehtimal etmək olar ki, heyvanlara xəsarət yetirilməsi xüsusi bir təxribat əməlinin nəticəsi olub və məsələ bu kontekstdə də araşdırılmalıdır. Yəni, “Azərbaycanda küçə itləri öldürülür” kampaniyasını təsirləndirmək, bu yöndə “sübutlar” toplamaq üçün itlər bu kampaniyanı təşkil edənlərin özləri tərəfindən də öldürülə bilər”.
M.Ələsgərlinin sözlərinə görə, Qərbdən gələn sifarişlərin icraçısı kimi tanınan KİV qurumları sosial şəbəkələrdə aparılan “it ölümü” kampaniyasına ciddi dəstək verirlər: “Eynən, 2012 və 2015-ci illərdə olduğu kimi davranır, ölkə gündəmi üçün qeyri-adi görünən mövzuları qabardırlar. Tarixi təcrübə göstərir ki, belə davranışlar təsadüfi xarakter daşımır. Məsələn, 2015- ci ildə sosial şəbəkələrdə “Bakıda Məişət Tullantıları zavodunda küçə itlərinin yandırıldığını” göstərən bir video paylaşıldı. Ümumdünya Heyvanları Müdafiə Təşkilatının “operativ bəyanatı” təşkil edildi. Bəyanatda Azərbaycanı “bu qəddarlığa son qoymağa” çağırdılar. Heyvanların qorunması üzrə müvafiq Avropa Konvensiyasını imzalamış bir ölkə kimi, Azərbaycana xatırladıldı ki, “küçə heyvanlarına qarşı hüquq prinsipləri əsasında davransın”.
Bakıda müvafiq qurumların təkzibedici açıqlamalar verməsinə, göstərilən videolarda şübhəli məqamların olduğunu isbat edən mütəxəssis rəylərinin səsləndirilməsinə baxmayaraq, sakitlik yaranmadı. Kampaniya təşkilatçıları indi olduğu kimi, 2015-ci ildə də təbliğatı dərinləşdirdilər, “küçə itlərinin yandırılması” ilə bağlı “çoxsaylı reportajlar” hazırladılar və yaydılar. Sonda bəlli oldu ki, hədəf “küçə itlərini öldürənlər” deyil, hədəf “Bakı 2015 – Avropa Oyunları”dır. Bakı oyunlarını gözdən salmaq üçün sifariş gəlibmiş, “küçə itləri” də bu sifarişi icra etmək üçün bəhanə alət yerində lazım imiş. Ortadakı əlaqə aydın görünürdü. Belə ki, “öldürülmüş itlərə qəm tutan” kampaniya iştirakçıları birdən-birə kursu dəyişdilər, “tezislərində, şüarlarında” yeniliklər etdilər, Avropa Oyunlarını boykot etmək çağırışları səsləndirdilər. “Minlərlə məsum heyvanın qanını axıdaraq bu tədbirə hazırlıq görürlər, Bakıya gəlməyin” deməklə, prosesin haradan qaynaqlandığına aid ip ucu verdilər. Həmin dövrdə bəzi transmilli KİV qurumlarının aktivliyi, kampaniyaya verdikləri dəstək isə mənzərəni tam şəkildə aydınlaşdırdı. Azərbaycandan heyvanların hüquqlarının müdafiəçisi kimi təqdim edilən bir şəxslə aparılan müsahibə, “Mən idmançı olsaydım, günahsız itlərin, pişiklərin qanıyla boyanmış küçələrdə keçirilən Olimpiadaya gəlməkdən imtina edərdim” tezisi ilə bitirdi. Mesaj çox aydın idi: “Bakı 2015-Avropa Oyunları”nın iştirakçılarına xitab edib, “Olimpiadanı boykot edin, Bakıya gəlməyin” deyirdilər. Bu çağırış Bakı oyunlarını pozmaq istəyən, idman yarışından siyasi dividentlər götürmək iddiasında olan beynəlxalq güc mərkəzlərinin hərəkətləri ilə həmahəng idi. Əslində, “Bakı 2015- Avropa Oyunları”na sayılı günlər qalmış keçirilən bu kampaniyanın ilk məşqi 2012 ci ildə aparılmışdı. “Avroviziya” Mahnı Müsabiqəsinin Bakıda keçirildiyi ərəfədə guya küçələrin heyvanlardan təmizlənməsi işinin vüsət alması haqqında məlumatlar paylaşılmışdı”.
M. Ələsgərli əlavə edib ki, 2012-ci ildə də turistlərə, müsabiqə təşkilatçılarına müraciət edərək, “Bakıya gəlməyin” deyilmişdi: “Təcrübə göstərir ki, “küçə itləri” üzərində indi, 2022-ci ildə başladılan yeni kampaniya da təsadüfi xarakter daşımır. Burada da gepolitik oyunların, siyasi maraqların simptomları görünür. “Transxəzər”, “Bir kəmər, bir yol” kimi beynəlxalq nəqliyyat dəhlizlərinin realaşdırılması üzrə proqramlara baxsaq görərik ki, bu proqramlarda bütövlükdə Azərbaycan, eyni zamanda, xüsusilə iki şəhər- Gəncə və Zaqatala -mühüm rola malikdirlər. Bu məqama söykənib demək olar ki, 2012, 2015-ci illərdə sınaqdan çıxarılmış “küçə itləri kampaniyasın”ın 2022-ci ildə Bakı ilə yanaşı Gəncə və Zaqatalanı da əhatə etməsinin önəmli səbəbləri vardır. Qeyd edilən layihələri pozmaq, Azərbaycanı bu layihələrdən çəkindirmək istəyən güclər “it ölümü” aksiyasından təzyiq vasitəsi kimi faydalanırlar.
Azərbaycanda “sahibsiz itlərin öldürülmsi” ilə bağlı kampaniyaların intervalına baxsaq, görərik ki, onlar sistemli şəkildə deyil, xüsusi hallarda keçirilirlər. Ölkəmiz üçün ən həssas məqamlarda ortaya çıxırlar. Yuxarıda 2012 və 2015-ci illərdə keçirilmiş aksiyalardan nümunələr verdik. Prosesi izləyəndə aydın olur ki, “Bakı 2015- Avropa Oyunları”ndan sonra yoxa çıxan bu aksiyalar bir də iki ildən sonra bərpa edilib. Niyə 2016-da deyil, məhz 2017-də bərpa edilib? Çünki, 2017 ci ildən başlayaraq Bakıda “Formula-1” yarışlarının keçirilməsinə başlanılıb və ölkəmizə gələn turistlərin sayı sürətlə artıb. Aydın şəkildə görünür ki, “itlərin öldürülməsi” ilə bağlı kampaniyalar da məhz yarışların başladığı günlərə təsadüf edir. “Formula-1” yarışlarını izləmək üçün Bakıya gəlmək istəyən turistlərə təsir göstərmək, onlarda və həmçinin, ümumilikdə beynəlxalq ictimai rəydə Azərbaycanın neqativ obrazını yaratmaq məqsədi daşıyır. 2022 ci ilin “Formula-1” yarışmaları ərəfəsində də eyni hal müşahidə edilir. Bir məsələ var ki, 2022-ci ildə Bakı təkcə “Formula-1” yarışlarına deyil, həm də, “Texnofest-2022″ festivalı keçirildi, növbədə ” Bakı Qlobal Forumu” kimi möhtəşəm tədbir olacaq. Bu baxımdan əks-kampaniya müəllifləri də daha ciddi şəkildə hazırlaşıblar, bütün resurslarını hərəkətə gətiriblər, daha böyük kampaniyalar planlayıblar. Kampaniyaların açılışını isə “Soros şəbəkəsi” edib, NED şəbəkəsi davam etdirir. “Soros şəbəkəsi” -nə daxil olan OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) bu ilin əvvəlindən etibarən Azərbaycan əleyhinə yeni qlobal qarayaxma kampaniyasına start verib.
Bakıda “Texnofest-2022” festivalı, “Formula-1″ yarışıması, ” Bakı Qlobal Forumu” kimi möhtəşəm beynəlxalq tədbirlərin start götürdüyü ərəfədə “heyvan və insan haqları fəallarının” fəallaşmaları, ən xırda insidentlərə görə bəyanatlar vermələri təsadüfi deyil. Beynəlxalq tədbirlərin keçiriləcəyi günlərdə təşkil olunacaq qara məqsədli kampaniyalar üçün fakt-əsaslar formalaşdırılır”.
Bütün bu deyilənlərin fonunda bir faktı da əlavə edək: hələ aylar öncə ekspertlər yazırdılar ki, Formula 1 və digər beynəlxalq tədbirlər ərəfəsində Azərbaycanda “itlər öldürülür” kampaniyası yenidən başlayacaq. Vurğulanmışdı ki, burada məqsəd anti-Azərbaycan kampaniyasıdır. Plan de-şifrə edilsə də, onun müəllifləri bu dəfə heç iz azdırmağa da çalışmayıblar. Ya buna vaxt sərf etməyiblər, ya da planlarının de-şifrə olmasından sonra onların yeni versiyalar tapması mümkün olmayıb. Ritorik desək, “kreativ” digər formul tapa bilməyiblər. Barı heç olmasa, bu il “pişiklər öldürülür” deyə hayqırsaydılar…