24 Dekabr 2024

Siyasi dialoq və milli həmrəylik zərurəti

İki ilə yaxın müddətdə ölkəmizdə və regionda baş verən hadisələr bizə qürurverici Zəfər sevincini yaşatsa da, erməni təxribatçı hərəkətlərinin hələ də baş verməsi və digər bir sıra məsələlər Azərbaycanda siyasi dialoqun davam etdirilməsini, milli həmrəyliyin qorunmasını zəruri edir. Bunun üçün isə vətəndaş cəmiyyəti, media və siyasi qüvvələrin bir araya gəlmələri zəruridir.

Daxildəki anti-milli ünsürlərin və onların xaricdəki havadarlarının Azərbaycana qarşı məkrli planları heç bir nəticə verməsə də, onlara qarşı mübarizə davamlı və requlyar olmalıdır. 

Hazırda milli həmrəyliyimizi və vətəndaş birliyimizi zəruri edən bir sıra amillər var:

  1. Ermənistan və onun Qarabağdakı tör-töküntülərinin təxribatçı və işğalçı hərəkətlərinə qarşı Azərbaycan Prezidentinin “Dəmir yumruğu” ilə davam edən anti-terror əməliyyatları. 10 noyabr üçtərəfli Bəyanatın müddəalarını requlyar şəkildə pozan Ermənistanın Qarabağda hələ də saxladığı silahlı birləşmələrə qarşı Azərbaycan Ordusunun apardığı anti-terror əməliyyatlarının gerçək mahiyyətinin çatdırılması üçün ölkə daxilində və xaricdə milli həmrəyliyə və vətəndaş birliyinə böyük ehtiyac duyulur ki, bunun da önündə gedənlər ictimai-siyasi qüvvələr və media olmalıdır.
  2. Son zamanlar məğlub ölkədə revanşist qüvvələrin hakimiyyətə can atmaları və sülhə təhdid və müharibə ritorikasının artması. Onların istəkləri reallaşarsa, bölgədə müharibənin yenidən alovlanması, davamlı sülhün bərqərar olmaması ehtimalı artır. Bu da ölkə daxilində siyasi dialoqu, milli həmrəyliyi və vətəndaş birliyimizi zəruri edir.
  3. Vətən müharibəsi ilə aparılan “sülhə məcburetmə” əməliyyatının mahiyyətinin təhrif edilməsi, Azərbaycana qarşı ittihamların irəli sürülməsi. Dövlətimizin sülhpərvər, Qarabağda birgəyaşayışın qarantı olmasını təbliğ etmək istiqamətində xüsusilə xarici dairələrdə, beynəlxalq arenada, sosial media və internet resurslarında birgə fəaliyyət üçün siyasi qüvvələr arasında dialoq və milli həmrəylik önəmlidir.
  4. Ölkənin əsrlərlə formalaşmış multikultural və tolerant həyat tərzinə qarşı dini-ekstremist qüvvələrin təxribat və dözümsüzlük addımları. Milli və dini icma və konfessiyaların əsrlərlə birgə, mehriban və dinc yanaşı yaşamı ilə nümunə olan Azərbaycanda bu düzənə qarşı xarici qüvvələr tərəfindən təxribat və dözümsüzlük cəhdləri ola bilər ki, buna qarşı da bütün siyasi qüvvələrin birgə siyasi dialoq və milli həmrəyliyi çox əhəmiyyətlidir.   
  5. Şəhid, qazi ailələrinin, sağlamlığını qismən itirmiş insanların adından istifadə edərək süni gündəm yaratmağa çalışanlarla mübarizə. Bunlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək istəyən bəzi anti-milli müxalif qüvvələrin və onların xarici ölkələrdəki havadarlarının dövlət, hakimiyyət strukturlarına qarşı bu “arzularını” ürəklərində qoymaq üçün bu sahədə məsələləri və onların obyektiv həllini hökumət strukturları ilə siyasi qüvvələrin birgə öyrənmələri və bu sahədə işgüzar əməkdaşlıq etməsi və cəmiyyətə bu məsələləri obyektiv çatdırması anti-milli qüvvələrə qarşı mübarizədə siyasi dialoq və milli həmrəyliyi aşılayır. 
  6.  “5-ci kolon” nümayəndələrinin qarışıqlıq yaratmaq cəhdləri. Bu çirkin çetenin tamamən üzə çıxarılması, onların əməllərinin geniş ictimaiyyətin yaxından bilməsi, birgə mübarizə ilə onların tarixin arxivinə göndərilməsi istiqamətində siyasi qüvvələrin geniş spektrli dialoq və milli həmrəyliyinə ehtiyac var.
  7. İnkişaf və islahat siyasətinin anti-milli qüvvələr tərəfindən sabotaj edilməsi arzuları. İslahatlar, inkişafa təkan verəcək maliyyə vəsaitlərinin və investisiyaların cəlb edilməsi addımlarına qarşı əks-təbliğat aparan anti-milli qüvvələrə qarşı ölkədəki bütün qüvvələrin siyasi dialoq və milli həmrəylik nümayiş etdirərək, aparılan siyasətin geniş təbliği fəaliyyətlərinə ehtiyac var.
  8. Sosial media və internet resurslarındakı “fake news” və onun “qəhrəmanlarının” əməllərinin ictimai təhlükəliliyi. Son zamanlar cəmiyyəti çaşdıran, saxta, həqiqətdən uzaq məlumatlar tirajlayan bu “klaviatura pəhləvanları”nın ictimai təhlükə yarada biləcək əməllərinin ifşası istqamətində də siyasi qüvvələrin dialoq və milli həmrəyliyi çox zəruri və əhəmiyyətlidir.
  9.  Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin və Böyük Qayıdışın əhəmiyyətini azaltmaq istəyi. Mərhələli və xüsusi təsdiq olunmuş və müasir yenilikləri özündə ehtiva edən proqram şəklində Qarabağ və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa quruculuq işlərini və infrastruktur yaratmanın əhəmiyyətini azaltmaq və əhalinin planlı və qrafikə uyğun regiona Böyük Qayıdışını adiləşdirmək istəklərinə qarşı ictimai-siyasi qüvvələrin dialoq və milli həmrəyliyi vacib amillərdəndir.

Təbii ki, siyasi dialoq və milli həmrəylikdə yeni açılım başladan və bu sahədə uğurlu nəticələrə imza atan Prezidenti İlham Əliyevin siyasəti və onun yeni siyasi, idarəetmə komandası bu məsələlərin həllində də öz əməli sözünü deyəcək.

Asif Əsgərli

YAP İdarə Heyətinin üzvü, politoloq