25 Aprel 2024

İran hərbçiləri Qarabağda – niyə məhz indi…

İki ölkə arasında əlaqələrin heç də göründüyü kimi rəvan olmadığı vaxtda İran Silahlı Qüvvələrinin nümayəndələri Füzuli və Xocavənd rayonlarına səfər ediblər – Politoloq şərhi

Azərbaycanda səfərdə olan İran Silahlı Qüvvələrinin nümayəndələri Füzuli və Xocavənd rayonlarında olublar. “Yeni Müsavat”ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də aparılan yenidənqurma işləri haqda ətraflı məlumat verilib. Sonra nümayəndə heyəti şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyublar. Həmçinin komando hərbi hissəsini ziyarət edən İran Silahlı Qüvvələrinin nümayəndələri burada hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar. Nümayəndə heyəti habelə hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Qonaqlara 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsində hərbi birliyin keçdiyi döyüş yolu haqda geniş brifinq təqdim edilib. Səfər çərçivəsində qonaqlar habelə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olublar.

Bəs, İran nümayəndə heyəti niyə məhz indi və niyə məhz hərbi heyətlə Azərbaycana, işğaldan azad olunan ərazilərimizə səfər edib? Bu, iki ölkə arasında hərbi sferada əməkdaşlığın başlanmasının anonsudurmu, ümumiyyətlə bu səfər hansı zərurətdən irəli gəlib? Nəzərə alsaq ki, iki ölkənin münasibətləri heç də göründüyü kimi rəvan deyil, o halda bu əməkdaşlıq hansı sahələri əhatə edə bilər? Çünki dünənə qədər rəsmi Tehranın Zəngəzur dəhlizinə qarşı çıxması, Ermənistanla “minilliklərin yolu”ndan danışması əlaqələrin bir o qədər axarında getmədiyini əks etdirir. Amma qəfildən iranlı hərbçilər azad edilmiş ərazilərdə görünürlər, yeni vəziyyətlə tanış olurlar.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bu səfərə müsbət baxdığını qeyd etdi. Analitikin sözlərinə görə, İranla münasibətlərdə zaman-zaman suallar yaranır, cənub qonşudan gələn hansısa bəyanat, yaxud atmaca əlaqələri korlayır, amma bu şəkildə gediş-gəliş çox vacibdir. “Biz düşmənçilik istəmirik, Azərbaycan dostluq, qonşuluq tərəfdarıdır. Bununla yanaşı iqtisadi projelər var, onlar işə düşməlidir, xüsusən də Cənub-Şimal dəhlizi bizim üçün ən əsas layihədir. Ona görə əlaqələrin inkişafını dəstəkləyirik. Əgər onların təşəbbüsü olubsa, lap yaxşı, gəlib səfər etsinlər, həqiqətləri görsünlər”. E.Şahinoğlu hesab edir ki, İran hərbçilərinin ermənilərin dağıtdığı bölgələrimizi görmələri yaxşı haldır: “O demək deyil ki, Azərbaycanla İran əlaqələrini tamailə istiləşdirəcək, amma biz siyasətimizi bu yöndə qurmuşuq, münasibətlərin rəvan qalmasını istəyirik. Odur ki, gəlib ermənilərin dağıtdığı məscidləri görsünlər, təsəvvürləri dəyişsin. Eyni zamanda, SEPAH-ın nəzarətində olan mediada əleyhimizə materiallar yayımlanır, bəlkə bundan sonra düzələr. O baxımdan bu qrupların gəlib ərazilərimizi müşahidə etməsi, məlumat toplaması yaxşıdır. İran siyasətçiləri, jurnalistləri də gəlib vəziyyətlə tanış olsalar, Tehran-Bakı münasibətlərinə fayda vermiş olarlar, əleyhimizə yazılar yazan o qruplara da təsir edərlər”.

Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər yaradacağını  düşünmürəm”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova İran hərbçilərinin səfərini əlaqələrin yeni dövrü kimi qiymətləndirir. Onun fikrincə, İranda erməni hərbçilərin təlim keçməsi xəbərləri fonunda, iranlı hərbçilərin azad olunan ərazilərimizə səfəri paradoksal hadisədir: “Bu səfərin məqsədi haqda məlumatlar kasaddır. Niyə məhz hərbçilərin səfər etməsini də dəqiq söyləyə bilmərik, amma İran-Azərbaycan sərhədlərində son zaman baş verən məsələlər müzakirə oluna bilər, o cümlədən hərbi əməkdaşlıqla bağlı bəzi mövzular fikir mübadiləsi edilə bilər. Hər halda İran rəsmilərinin, hərbi nümayəndələrinin Qarabağa gəlməsi, işğalçı ilə işğala məruz qalanın fərqini görə bilməsi vacibdir. Biz həmişə İrandakı rejimin hərəkətlərindən narazı qalırıq. Onların Ermənistana dəstəyi, müsəlman Azərbaycana isə qərəzi dəfələrlə deyilmiş məsələdir. Odur ki, biz işimizi davam etdirməliyik, Tehran bizə dost olmasa belə, düşmən olmaması üçün daim təmasları genişləndirməliyik. Təbii ki, Türkiyənin də bölgədə olması İranın ürəyincə deyil. Ancaq ürəyincə oldu-olmadı, bu, reallıqdır”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”