26 Noyabr 2024

Rusiya Müdafiə Nazirliyindən ŞOK ETİRAF

Rusiya Müdafiə Nazirliyi ordunun ötən ilin yayından bəri hücumla almağa çalışdığı Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinin şimalındakı mövqelərdən geri çəkildiyini etiraf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mayın 12-də keçirilən brifinqdə nazirliyin nümayəndəsi İqor Konaşenkov Rusiya ordusunun Berxovski su anbarında “yeni hüdudlara çəkildiyini” etiraf edib.

Əslində isə bu, Boqdanovka rayonunda geri çəkilmə anlamına gəlir. Bundan əvvəl Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin, rusiyalı hərbi blogerlər Ukrayna Silahlı Qüvvələrinin irəliləyişləri barədə məlumat vermişdilər.

Rusiya hərbçilərinin geri çəkilməsi Ukrayna qoşunlarına hazırda Baxmutda Ukrayna qüvvələrini təchiz edən yeganə bağlantı sayılan Çasov Yar yoluna nəzarət etməyə imkan verir. Priqojinin sözlərinə görə, bu, gələcəkdə onun muzdlularının şəhər daxilində mühasirəyə düşməsinə səbəb ola bilər. Rusiya ordusu onun mesajlarını şərh etməyib.

İqor Konaşenkov Ukrayna ordusunun bir gün əvvəl uzunluğu 95 kilometrdən çox xətt boyunca, Donetsk vilayətinin Soledar istiqamətində hücuma keçdiyini söyləyib. Rusiya tərəfinin verdiyi məlumata əsasən, hücumda mindən çox hərbçi (cəbhənin hər kilometrinə 10 nəfər) və 40-a qədər tank iştirak edib.